Vaxt.Az

“İnkişaf, tərəqqi olsun”


 

“Növbəti aylarda da çox ciddi islahatlar aparılacaq”

“İnkişaf, tərəqqi olsun” 2019-cu ilin sonrakı aylarında da çox ciddi islahatlar aparılacaq və dərinləşdiriləcək ki, ölkəmizin hər bir sahəsində inkişaf olsun, vətəndaşlar daha da yaxşı yaşasınlar. Bunu Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib: “İlin birinci ayının sosial-iqtisadi göstəriciləri deməyə əsas verir ki, aparılan islahatlar öz gözəl nəticələrini verir. 2018-ci il dərin iqtisadi islahatlar ili olmuşdur, xüsusilə prezident seçkilərindən sonra islahatların yeni mərhələsinə təkan verilib. 2017-ci il isə iqtisadi sabitləşmə ili idi. Biz 2017-ci ildə iqtisadi sabitliklə bağlı çox önəmli addımlar atmışıq. Bu, bizə imkan verdi ki, 2018-ci ildə çox ciddi islahatlara başlayaq və islahatlar özünü göstərir. Əgər bu ilin yanvar ayının yekunlarına nəzər salsaq görərik ki, iqtisadi artım, yəni, ümumi daxili məhsulun artımı təxminən 3 faiz təşkil edir. Son 2-3 il ərzində bu, ən yüksək göstəricidir və onu göstərir ki, 2019-cu ildə Azərbaycanda iqtisadi artım yüksək templərlə təmin ediləcək və davam etdiriləcək”.

İlham Əliyev bildirib ki, eyni zamanda, son illər ərzində apardığımız uğurlu sənayeləşmə siyasəti öz nəticələrini göstərir: “Bu ilin birinci ayında qeyri-neft sektorunda sənaye istehsalı təxminən 14 faiz artmışdır. Hesab edirəm ki, bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir, bəlkə də birincisidir və onu göstərir ki, sənaye istehsalı sahəsində aparılan işlər, qəbul edilmiş qərarlar bu gün real nəticələrə gətirib çıxarır”.

Prezident vurğulayıb ki, iqtisadi, makroiqtisadi vəziyyət sabitdir, manatın məzənnəsi bir ildən çoxdur ki, sabit olaraq qalır, inflyasiya ən aşağı səviyyədədir: “Yəni, bütün bunlar görülmüş işlər nəticəsində mümkün olub və bir daha onu göstərir ki, sosial və iqtisadi islahatlara alternativ yoxdur. 2019-cu ilin sonrakı aylarında da çox ciddi islahatlar aparılacaq və dərinləşdiriləcək ki, ölkəmizin hər bir sahəsində inkişaf, tərəqqi olsun, vətəndaşlar daha da yaxşı yaşasınlar”.

 





25.02.2019    çap et  çap et