Vaxt.Az

Həzz alın!


 

Düşünməyə cəhd də göstərməyin, ...

Həzz alın! “Rəhbərlik düşünsə ki müqaviləyə xitam verilmə vaxtıdır, mən qərara hörmətlə yanaşaraq, dərhal icra edərəm. Futbola heç nə gətirə bilmədiyimi düşündükləri vaxt bunu edəcəklər - bu, istefamın hüquqi tərəfidir”.

AFFA-nın baş katibi Elxan Məmmədovun “niyə istefa vermirsiniz” sualına cavabıdır bu. Adamın rəhbər sarıdan bəxti gətirib. Məsələ burasındadır ki, ona “istefa ver” deyəcək, onun futbola nəsə gətirə bilib-bilmədiyini müəyyənləşdirəcək adam futbol haqda düşünə bilmir. Futbol o adam çatmır ki, çatmır.

Elə ona görə də, Elxan Məmmədov hər gün işə böyük həzz ilə gəlir (özü belə deyib).

Ay baş katib, icazə ver, əhli-Azərbaycan da futboldan həzz alsın. Təkcə sənin hər gün işə həzz ala-ala gəlməyin naminə camaat futboldan həzz almamalıdır ki?

Ümid, Elxan Məmmədova “istefaya get” deyə biləcək adamın düşünə bilməsinə qalıbsa, onda vay halımıza, biz Azərbaycan futbolundan həzz almayacağıq.

Rəhbərin düşünməyi bacarmaya bilər. Bacarmır də, atam balası, potensialı budur. Bəs sənin düşüncənə nə gəlib? Yəni doğrudanmı özünə əyan deyil futbola heç nə gətirə bilmədiyin? Sualı, düşünə bilməyənlər üçün bir qədər də fərqli formada verirəm: Yəni sən futbola heç nə gətirmədiyini düşünə bilmirsən?

Sən rəhbərinə - AFFA-nın prezidentinə tay baş katibsən. Necə deyərlər, taylı tayını tapmasa... Düşünməyə cəhd də göstərməyin, həzz alın.

 





26.02.2019    çap et  çap et