Bilirsən, evdə sevmədiyim yemək olanda mətbəxə yaxın getmirəm. Hə, xüsusi siyahım var, həmişə, hər yerdə. Sevdiyim və sevmədiyim şeylərin uzun-uzadı, heç bitməyən siyahısı. Yorur, başa düşürəm, özümü də yorur. Amma seçimi olmayan adamları sevmirəm.
Bu seçiciliyimə əsəbiləşən dost-tanışdan tez-tez eşidirəm: “səni üç gün ac saxlayaydılar-filan...” Gülməyim tutur. Ac qalmırsan axı. Çarə həmişə var... Şəkəri artıra da bilərsən.
Gülməlidir, gülüncdür və kədərlidir. Nə? Sadalamaq istəmirəm. Gəl başqa şeylərdən danışaq. Məsələn, srağagün özümə qəşəng bir paltar aldım. Elə xoşbəxtdim ki. Qiymət üçün çənə-boğaza çıxmadım. Bəyəndiyin şeyin qiyməti olmur. Amma bəzən pulun çatmır. Çatırsa, cınqırını da çıxarmadan götür...
Bu dəfə sənə başqa mətləblərdən danışmaq istəyirdim. Düşünürəm, çox acı olar...
Həyətdə əkdiyimiz nərgizlər açıb. Elektron məktuba bükmək olmur. Qoy elə yerlərindəcə qalsın. O da yazın məktubudur, göndərib ki, oxuyum. Bir suyu da sənə oxşayır təbiətin. Danışmır. Adama yalnız işarələri özün başa düşdüyü kimi anlamaq qalır. Bəzən səhv anlamaq, bəzən düz anladığına inanmamaq...
Çətin məsələdir. Bir də özünə qəhvə düzəltmə. Kədərli görüntüdür.
Bu məktubum xoşuma gəlmədi. Alınmadı demirəm... Sadəcə, xoşuma gəlmədi. Qoy bu da belə olsun. Hər şey mənim xoşuma hesablanmayıb ki... Südlü qəhvəni xatırladan köynəyinə qurban olsun...