Vaxt.Az

Sirli qətl


 

Yaxud Rusiyada düyünə dönən cinayətlər ...

Sirli qətl Boris Nemtsovun qətlindən 4 il ötür. Hadisədən sonra prezident Putinin maraqlı və qəribə addımları, davranışları olub.

Məsələn, cinayətin səhəri gün - fevralın 28-də o, İordaniya kralı II Abdulla və Əbu Dabi vəliəhd şahzadəsi Məhəmməd əl-Nahyan ilə telefon əlaqəsi saxlayır. Bu iki şəxs Ramzan Kadırovun yaxın dostlarıdır.

Martın 4-də Putin DİN-in kollegiya iclasına qatılır və cinayətin tezliklə açılmasını tələb edir. Martın 5-də İtaliya baş naziri Mateo Renzi ilə görüşdükdən sonra Putin yoxa çıxır və 10 gün görünmür. Yüksək vəzifəli məmurlar bir-birinə pıçıldayırlar ki, prezident bundan sonra nə etmək lazım olduğunu düşünməyə gedib. Martın 7-də 2 şübhəli şəxs İnquşetiyada yaxalanır, digəri isə Çeçenistanda yaxalanmaq üzərəykən ölür, onun özünü qumbara ilə partlatdığı deyilir. İstintaq qətli Çeçenistan Daxili Qoşunlarının “Şimal” batalyonunun hərbi qulluqçusu Zaur Dadayevin törətdiyini açıqlayır. Martın 8-də Kadırov “Instagram”da Dadayevi tərifləyən yazı yazır. Ertəsi gün Kadırovun “Şərəf” ordeni ilə təltif olunması haqqında prezident fərmanı elan edilir. Kadırov Putinlə danışmaq istəyir, lakin alınmır.

Martın 10-dan 11-nə keçən gecə Moskvanın Krılatskoye rayonunda yerləşən və nazirlərin, milyarderlərin yaşadığı elit “Fantaziya adası”nda Rusiya prezidentliyinə keçmiş namizəd, sabiq senator Umar Cəbrayılov və Putinə yaxın “Noçnıye volki” bayker klubunun üzvləri arasında mübahisə baş verir. Qonşuların dediyinə görə, baykerlər bildirirlər ki, artıq Kadırov heç kimə lazım deyil və Cəbrayılova bundan sonra onlar özləri “krışalıq” edəcəklər. Yəni çeçen mafiyasının gəlirləri Kadırova deyil, baykerlərə çatmalıdır.

Martın 11-də Çeçenistan rəhbəri Rusiya Təhlükəsizlik Şurasının Patruşevin sədrliyi ilə Pyatiqorsk şəhərində keçirilən iclasına çağırılır. Kadırov ayın 13-də “Instagram”da Putin üçün canından keçməyə hazır olduğunu bəyan edir və Qərbin Rusiyanı qarışdırmağa çalışdığını yazır.

Martın 16-da Putin üzə çıxır və Peterburqda Qırğızıstan prezidenti ilə görüşür. Ətrafdakılar təəccüblə müşahidə edirlər ki, Putin öz mühafizəsini ikiqat gücləndirib. Kadırov prezidentlə yenidən telefon əlaqəsi saxlamağa cəhd etsə də, onu birləşdirmirlər. Martın 26-da Kadırov öz yaxın ətrafı ilə BƏƏ-yə uçur və 10 gün orada qalır. Aprelin 7-də Moskvaya qayıdır və prezident administrasiyası rəhbərinin müavini Volodinlə görüşür.

Aprelin 19-da Stavropol diyarının polisləri Qroznıda əməliyyat keçirirlər və Kadırovun iqamətgahının yaxınlığında Dadayev soyadlı iş adamını öldürürlər. Qəzəblənən Kadırov təcili müşavirə keçirir və polislərə əmr verir ki, bir daha “yad” qüvvələr Çeçenistana daxil olduqda onlara atəş açsınlar. Rusiya DİN bəyanatla çıxış edərək Kadırovu qınayır, Peskov isə açıqlama verir ki, Kadırov subordinasiyanı unutmamalı və bilməlidir ki, çeçen polisi ona yox, federal DİN-ə tabedir.

Lakin bir ay sonra B.Nemtsovun işi üzrə istintaqı aparan müstəntiq dəyişdirilir. İş Ruslan Yamadayevin qətlini araşdıran və sifarişçini “tapa bilməyən” müstəntiqə tapşırılır. Dövlət Dumasının sabiq deputatı R.Yamadayev 2008-ci ilin sentyabrında Moskvada, baş nazir Putinin oturduğu “Ağ Ev”in qarşı tərəfində güllələnib. Bir neçə ay sonra killer (yenə Dadayev soyadlı) yaxalanıb, amma kələfin ucunun sifarişçiyə qədər uzanmasına yol verilməyib. Yarım il sonra Dubayda R.Yamadayevin kiçik qardaşı Sulim Yamadayev öldürülüb. BƏƏ polisi icraçıları dərhal yaxalayıb, onlardan biri Kadırovun şəxsi mehtəri olub. Killerlər ömürboyu həbsə məhkum edilsələr də, 2 il sonra Çeçenistana təhvil veriliblər.

Çeçen izi daşıyan Anna Politkovskaya cinayətindən bəhs etmək də yerinə düşər. O, Çeçenistanda törədilən müxtəlif cinayətlər (qətl, adam oğurluğu, işgəncələr və s.) barədə jurnalist təhqiqatı aparırdı. Anna 2006-cı il oktyabrın 7-də öldürülüb. Həmin gün Putinin doğum günü idi. 2014-cü ildə bu cinayətə görə 5 nəfər məhkum edilib, amma sifarişçi yenə bəlli olmayıb...

P.S. Məlumatları rusiyalı jurnalist Mixail Zıqarın “Вся Кремлевская рать” kitabından götürmüşəm.

 





27.02.2019    çap et  çap et