Vaxt.Az

İrəvandan Rusiyaya ittiham


 

Dövlət Duması üzvlərinin Bakı səfəri erməniləri çilədən çıxarıb

İrəvandan Rusiyaya ittiham Rusiyalı deputatların Bakıda Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar keçirilən ümumxalq yürüşündə iştirakı Ermənistanın Rusiyadakı səfirinin bəyanatla çıxış etməsinə səbəb olub.

AzərTAc xəbər verir ki, insanlığa xas olan elementar humanizm dəyərlərini anlaya bilməyən səfir Vardan Toqonyan bildirib ki, “parlamentarilərin motivləri erməni tərəfinə aydın deyil və onların Bakı ilə həmrəylik nümayiş etdirmələrini, bu cür aksiyalarda hansı məqsədlə iştirak etmələrini anlaya bilmir”.

Xocalıda yüzlərlə dinc azərbaycanlını vəhşicəsinə qətlə yetirən dövlətin diplomatı rusiyalı deputatların bu nəcib hərəkətini özünün nanəcib bəyanatında “antierməni xarakterli” adlandırıb və onların bu addımının guya regionda etimad atmosferinə zərbə vurduğunu söyləyib. O, dünyanın ən nüfuzlu dövlətlərindən birinin parlament üzvlərini Bakının ermənilər əleyhinə təbliğat-təşviqat kampaniyasında iştirak etməkdə günahlandırıb. Halbuki hamıya məlumdur: regionda etimad atmosferini korlayan yeganə ölkə məhz Ermənistandır.

Erməni səfir bəyanatının sonunda ənənəvi erməni demaqogiyası prizmasından çıxış edərək, guya Rusiya-Ermənistan dostluq körpüsü qurtulmasına xələl gətirən parlamentarilərin bu hərəkətinə qarşı tədbir görülməsi üçün Rusiya hökumətinə müraciət edib.

Dövlət Dumasının deputatları Dmitri Savelyev, Oksana Puşkina və İrina Rodninanın da daxil olduqları Rusiya nümayəndə heyəti fevralın 26-da Bakıda Xocalı soyqırımının növbəti ildönümünə həsr edilmiş təntənəli yürüşdə iştirak ediblər. Yeri gəlmişkən, deputat İrina Rodnina Dövlət Dumasında həm də Ermənistanla dostluq qrupunun üzvüdür. Görünür, erməni səfir və onun kimi düşünənlər anlamırlar ki, onların Xocalı yürüşündə iştirakı hansısa antierməni təbliğatının yox, ermənilərin qəddarlıqla qətlə yetirdikləri qadın, uşaq və qocaların ruhuna ehtiramın əlamətidir.

 





28.02.2019    çap et  çap et