Vaxt.Az

Danışıqlar üçün hansı platformanı götürək?


 

“Biz sadəcə, vasitəçiyik, qərarı tərəflər verməlidir!” bəyanatları bezdirib

Danışıqlar üçün hansı platformanı götürək? Belə nəql edirlər ki, tanınmış nəzəriyyəçi-fizik, fiziki - kimyaçı akademik Yakov Borisoviç Zeldoviç marksist dialektikanın problemlərinə həsr olunmuş seminarda çıxış edərkən bircə cümlə ilə kifayətlənib: “Forma elə olmalıdır ki, onun məzmununu qəbul etmək mümkün olsun”.Bu mənada demək olardı ki, elə “Ermənistanda hakimiyyətin dəyişməsilə Dağlıq Qarabağ diplomatik müstəvisində yeni situasiya yaranıb” kimi iddialara rəğmən danışıqlar hələki uyğun formasını və məzmunlarını tapmayıblar.

Birincisi, Ermənistandakı yeni hakimiyyətin siyasətçiləri və ya məmurları, o cümlədən də diplomatları hələ sübut etməlidirlər ki, ölkələrində baş verənlər adi hakimiyyət dəyişikliyi deyil, ölkə həyatının bütün sferalarında kardinal dəyişikliklərin və yaxud da islahatların ərəfəsidir.

Ancaq bundan sonra, bəli, aydın olandan sonra ki, yeni hakimiyyət heç də öz sələflərinin siyasətini yürütmür, tamam fərqli siyasət aparır, onda Qarabağ danışıqlar prosesində də yeni məzmundan danışmaq mümkün olacaq.

İkincisi, hər bir siyasi yenilik və təşəbbüs, o cümlədən də diplomatik proses özünün yeni formasını yaradır. Son bir ildə iki ölkənin xarici işlər nazirləri arasındakı kontaktlar həqiqətən də intensivləşib və əgər yaddaşımız aldatmırsa, nazirlər arasında dörd görüş baş tutubdu. Amma prosesin ciddiliyi və məhsuldarlığı haqqında o vaxt danışmaq və ya fikir yürütmək mümkün olacaq ki, iki ölkənin birinci şəxsləri - Azərbaycanın prezidenti ilə Ermənistanın baş naziri arasında da danışıqlar başlasın.

Özü də burada söhbət müxtəlif sammitlərdə baş tutan ayaqüstü görüşlərdən yox, tamamilə rəsmi və yüksək səviyyəli görüşlərdən gedir, məhz hansıların ki, gedişində konfliktin həlli prosesinin bu və ya digər aspektləri araşdırılacaq.

Hələki bunların heç biri yoxdur; ya nazirlər düşünülmüş şəkildə bu haqda susur, ya da ki, proses ciddi müzakirələr qədər gəlib çatmayıb.

Əlbəttə ki, birinci şəxslərin də görüşü nazirlər tərəfindən hazırlanmalıdır, bunun üçün isə, bir daha deyirik ki, sülh planının əsas, fundamental aspektləri razılaşdırılmalı və böyük müzakirəyə daha çox texniki tərəflərin - detalların dəqiqləşdirilməsi qalmalıdır.

Rusiyanın siyasi mediasında arabir vurğulanır ki, nazirlərin müzakirəsinə yenə də “paket həll variantı” ilə “mərhələli variantı” uzlaşdırmalı olan Madrid və yaxud da Qazan prinsipləri təqdim olunub.

Əlbəttə, bu, heç də o demək deyil ki, proses indidən uğursuzluğa tuşlanıb, çünki formal məntiq də buyurur ki, əgər iki qütb yanaşması qəbul olunmursa, o halda aralıq variantı - bunları özündə birləşdirən bir “orta variant” müəyyən etmək lazımdır.

Amma bununla belə bizə elə gəlir ki, əsas problem ondadır ki, danışıqların bazis - təməl müstəvisi hələ tapılmayıb. Belə müstəvi kimi əlbəttə ki, beynəlxalq hüquq və BMT-nin dörd əsas qətnaməsinin tələbləri götürülməlidir. Yada salaq ki, məsələn, qətnamələr rayonların qeyd-şərtsiz, bəli, bir daha deyirik ki, şərtsiz azad olunmasını tələb edir.

İndiyədək nə baş verib? Ermənilər bu vaxtadək bütün danışıqları “mövcud hərbi-siyasi reallıqlar” çərçivəsində aparıblar. Birincisi, işğal olunmuş rayonların boşaldılmasını Dağlıq Qarabağa faktiki olaraq müstəqillik verməklə şərtləndiriblər və indi də belə edirlər. Bu rayonlar üçün hətta “ad” da fikirkəşiblər: “təhlükəsizlik zolağı”.

Ən təəccüblüsü isə budur ki, nə həmsədrlər, nə də BMT və ATƏT-in təmsilçilərinin özləri üçün də hələki təməl müstəvi yoxdur; sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini, hətta epizodik olaraq mövcud status - kvonun məqbul olmadığını desələr də, dörd qətnamənin və beynəlxalq hüququn tələblərindən yox, daha çox “mövcud hərbi-siyasi reallıqlar”dan çıxış edirlər və hər dəfə növbəti danışıqlar prosesi start götürəndə məlum olur ki, işğal olunmuş rayonların boşaldılması üçün Dağlıq Qarabağa və Ermənistana əlavə təminatlar vermək, Dağlıq Qarabağın hətta müvəqqəti-"aralıq statusu”u müəyyən etmək üçün belə Azərbaycan konstitusiyasından kənara çıxmaq lazımdır...

“Biz sadəcə, vasitəçiyik, qərarı tərəflər verməlidir!”. Belə bəyanatları nə qədər eşitmək olar axı?..

Maraqlısı nədir? Özləri min kilometlərlə uzaqlarda olan bir problemi həll etməkçün hər şeydən əvvəl hərbi-siyasi koalisiya yaradırlar, çünki dərhal məlum olur ki, hərbi-siyasi təzyiq olmadan həmin problemi həll etmək mümkün olmayacaq! Və yaxud da özlərinə yaxın məkanlarda, elə tutaq ki, Avropada kiçik etnik həyəcanlanma müşahidə olunan kimi bəlli olur ki, separatizm çox təhlükəli fenomendir!

Amma eyni məntiqi tutaq ki, Qarabağ, Abxaziya və ya Osetiya müstəvisinə gətirmək istəyərkən o saat dünyanın böyük güclərinin təmsilçiləri “nəcib”, “rahibə qızlara” çevrilirlər, hər şey - beynəlxalq hüquq, regional və qlobal təhlükəsizliyə təhdidlər yaddan çıxır və bunlar oturub-durub sülhdən dəm vururlar...

İndi də eyni “çarx” fırladılır. Odur ki, “Paşinyan Qarabağla bağlı nə edəcək?” sualının əslində bircə cavabı var: Heç nə!.. Məsələ bundadır ki, nəinki Paşinyan, ümumiyyətlə, istənilən “...yan”, necə deyərlər, yumşaq yerindən yaxşı təpik almasa, ciddi təzyiq hiss etməsə, geri durmayacaq. Bu isə çox təəssüf ki, hələ yoxdur...

 





26.02.2019    çap et  çap et