Səni olduğun kimi xatırlamaq istəyirəm. Dəqiqliklə. Öz rənglərində. Öz səsində. Öz sözlərinlə. Təxəyyülün köməyi olmadan.
Bu gün pəncərədən şam ağaclarına tamaşa elədim. Gözlərim sevindi. Buna qədər olanlardan danışmaq istəmirəm. Gileylənmək istəmirəm. Gileylərimi unuduram səninlə danışanda. Ona görə də bütün günü boş vaxt axtarıram. Bütün söhbətlərdən, işlərdən, tapşırıq və sifarişlərdən, telefon zənglərindən, yazışmalardan azad olacağım saniyələri gözləyirəm ki, beynim yalnız səninlə məşğul olsun. Demək lazımdımı ki, adamlar mənə olur? Hamısı. Hər biri. Heç kəsə və heç nəyə vaxt ayırmaq istəmirəm. Elə bilirəm, hamısı sənin vaxtından gedir. Sənə ayıracağım vaxtdan. Sakitcə düşünməyə mane olurlar. Tanışlar da, dostlar da, rəfiqələr də. Hərdən ağlım da. Elə bil qısqanır, zəif nöqtələrdən yapışmaq istəyir, məsələn, deyir ki, ayıbdır, deyir, kənardan pis görünür, deyir, başqa iş-gücün yoxdur, deyir... Çox şey deyir. “Ona sən xətdə qal, lazım olanda çağıracam” mesajını verirəm. Əslində, onun yanında özümə uzun-uzadı bəraət qazandıra bilərəm, bunlar mənim için su içmək kimi bir şeydir. Amma istəmirəm, vaxtım və həvəsim yoxdur.
Bütün vaxtımı və həvəsimi sənə bağışlamaq istəyirəm. Həyəcanlanma. Göydən mətnlərimin içinə düşmüsən, yoxsa səninlə nə işim.