1. İlk növbədə xalqımızı, əsasən də borclu vətəndaşlarımızı təbrik edirəm!
2. Cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm. Böyük və humanist addım atdı və bir daha təsdiqlədi ki, dövlət vətəndaşımızın arxasındadır. Ediləcək güzəştlər gözləniləndən xeyli artıq olacaq.
3. Güzəştlər bir şəxsin banklar və bank olmayan kredit təşkilatları qarşısında 2015-ci il fevralın 21-nə və (və ya) dekabrın 21-nə olan 10000 dollaradək olan əsas borcunu əhatə edir (bir neçə kredit də ola bilər, amma cəmi məbləğ 10000 dollardan çox olmamalıdır). Dövlət 3 ay ərzində 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə hər 1 dolların 0,15 dollarını (0,25 manat), 2015-ci il dekabrın 21-nə mövcud olan əsas kredit borcuna münasibətdə isə hər 1 dolların 0,35 dollarını (0,6 manat) banka ödəyəcək. Vətəndaş borcunu artıq özü ödəyibsə, müvafiq fərq vətəndaşa qaytarılacaq.
4. Misal 1: tutaq ki, vətəndaşın 2015-ci ilin fevralın 21-nə 10000 dollar borcu var. Devalvasiyayadək olan məzənnə ilə bu 7800 manatdır. İndi isə 17000 manat. Dövlət 8500 manat ödəyəcək. Yəni vətəndaş da cəmi 8500 manat ödəyəcək. Beləliklə, məzənnə fərqinin 92,4 faizini dövlət, 7,6 faizini isə vətəndaş ödəyəcək. Deməli, 10000 dolların yarısını dövlət qaytaracaq.
5. Misal 2: tutaq ki, vətəndaşın 2015-ci ilin dekabrın 21-nə 10000 dollar borcu var (krediti 21 fevraldan sonra götürüb). Devalvasiyayadək olan məzənnə ilə bu 10500 manatdır. İndi isə 17000 manat. Dövlət 6000 manat ödəyəcək. Yəni vətəndaş da cəmi 1100 manat ödəyəcək. Beləliklə, məzənnə fərqinin 92,3 faizini dövlət, 7,7 faizini isə vətəndaş ödəyəcək. Deməli, dövlət 10000 dolların 3530 dollar hissəsini qaytaracaq.
6. Maliyyə Bazarlarına Nəzarət Palatası ilə Mərkəzi Bank Prezidentlə razılaşdırmaqla 15 gün müddətində həm yuxarıda qeyd edilənlərin mexanizmini, həm də hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etməlidir. Yəni faiz və dəbbə pulu üzrə də güzəşt olacaq.
7. Kredit təşkilatlarına tövsiyə edilir ki, sözügedən şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər, 1 ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silsinlər və məhkəmədə olan işləri geri çağırsınlar, habelə borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Ümid edirəm ki, kredit təşkilatları belə də edəcək.
8. Kredit təşkilatlarının edəcəyi restrukturizasiya ilə əlaqədar Mərkəzi Banka tövsiyə edilir ki, onlara cəmi 682 milyon manat məbləğində güzəştli kreditlər versin, habelə bu tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına kredit təşkilatlarına cəmi 215 milyon dollar dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin.
Millətimiz, dövlətimiz üçün xeyirli olsun!