Kaspşik bu vəzifədə qocaldı. Onu Dağlıq Qarabağ münaqişəsinin həlli zərrə qədər də maraqlandırmır. Onu yeganə maraqlandıran məsələ pensiya yaşına çatıb ATƏT-dən yaxşı müavinət almaqdır. Vəssalam.
İki il bundan əvvəl yazdığım məqalədəndir: “Kasprşik və komandası 24 monitorinq aparıblar, bunların 6-sı Ermənistan-Azərbaycan sərhədində, 18-i isə təmas xəttində aparılıb. Soruşa bilərsiniz ki, Kasprşik niyə cəbhə bölgəsində Azərbaycan-Ermənistan sərhədindən 3 dəfə çox monitorinq aparır? Çünki, Kasprşik bilir ki, Azərbaycanın Ermənistana hücum etmək planı yoxdur, sərhəddə monitorinqə çox da ehtiyac yoxdur, ancaq Dağlıq Qarabağ ətrafındakı torpaqları geri almaq üçün plan hər zaman aktualdır. Ona görə də Kasprşikin vəzifəsi Qarabağ istiqamətində bizə mane olmaqdır”.
Nəhayət rəsmi Bakı da onun yarıtmaz fəaliyyətini özü üçün isbat etdi. Azərbaycan Nazirlər Kabineti onu fəaliyyətini təhlil edib. Məlum olub ki, polşalı diplomatın bu illərdə yazdığı 24 hesabatın hamısı Azərbaycanın əleyhinə, separatçıların xeyrinədir. Sadəcə, nədən Azərbaycan XİN indi bunu gördü? Bu illərdə Kasprşikin yarıtmaz fəaliyyətini faş etmək olmazdımı?
Nə isə bundan keçib. İndi Anjey Kasprşik kimi diplomatdan qurtulmaq lazımdır. Bunun bircə yolu var: ATƏT-in hazırkı sədrinə müraciət edib Anjey Kasprşikin fəaliyyətinin Azərbaycan üçün uyğun olmadığını elan etmək lazımdır. Və mənə elə gəlir ki, artıq bu barədə Bakıda səfərdə olan ATƏT-in hazırkı sədri Slovakiyanın xarici işlər naziri Miroslav Layçaka müraciət edilib. Sadəcə, heyf Anjey Kasprşiklə itirilən illərə…