Vaxt.Az
Mətbuat Şurası Ədliyyə Nazirliyi ilə birgə layihəyə start verdi
Layihə çərçivəsində ilk toplantı keçirilib
Bu gün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ilə Azərbaycan Mətbuat Şurası ədliyyə və məhkəmə fəaliyyəti barədə ictimaiyyətin daha geniş məlumatlandırılması və əhalinin hüquqi biliklərinin artırılması məqsədi daşıyan birgə layihəyə start verib. Layihə nazirliyin ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə silsilə tədbirlərin, mətbuat konfranslarının və brifinqlər keçirilməsini nəzərdə tutur. Bu gün keçirilmiş ilk brifinqdə ölkənin tanınan, ictimai rəyə təsir göstərən KİV-lərinin 40-dan çox əməkdaşı iştirak edib. Toplantı Ədliyyə Nazirliyinin icra, probasiya, istintaq və azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrası sahəsində fəaliyyətinə və yeniliklərə həsr olunub.Azərbaycan Mətbuat Şurasının sədr
müavini Müşfiq Ələsgərli toplantıda çıxış edərək bildirib ki, təmsil olunduğu
qurum indiyədək müxtəlif dövlət orqanları ilə birgə jurnalistlərin ayrı-ayrı
sahələr üzrə biliklərinin artırılması istiqamətində tədbirlər həyata keçirib.
Bu tədbirlər həm jurnalistlərin praktik biliklərinin artırılmasını, həm də
ixtisaslaşmalarının dərinləşməsini təmin etmək məqsədir daşıyır. AR Ədliyyə
Nazirliyi ilə birgə təşəbbüsün də bu baxımdan əhəmiyyətli olacağına əminliyini
vurğulayan M.Ələsgərli onu da bildirib ki, Şuranın Ədliyyə Nazirliyi ilə layihəsi
özünün əhatəliliyi ilə diqqət çəkir. Layihə çərçivəsində nəzərdə tutulan fəaliyyətin
getçəkləşdirilməsi imkan verəcək ki, jurnalistlər ümumən hüquqi biliklərini dərinləşdirsinlər.
Çünki ədliyyə hüququn bir çox istiqamətlərini özündə birləşdirən kifayət qədər
böyük sistemdir. Həm də bu sistem əhali qruplarını əhatə etməsinin genişliyi ilə
də diqqət çəkir.
Toplantıda çıxış edənlərdən MŞ İdarə Heyətinin
üzvləri - Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru
Hikmət Babaoğlu, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ƏN ilə
MŞ-nin birgə əməkdaşlığının faydalı nəticələr verəcəyini əsaslandırıblar. Onlar
bildiriblər ki, belə tədbirlər ümumən dövlət qurumları ilə medianın əməkdaşlığının
müasir forma və üsullarının tətbiqinə şərait yaradılmasını, mövcud istiqamətdəki
problem və anlaşılmazlıqların tez bir zamanda aradan qaldırılması üçün anlaşma
mühitinin daha da dərinləşməsini təmin edir.
Brifinqdə ƏN-nin icra baş idarəsinin rəisi
Nurəddin Mustafayev, Probasiya xidmətinin rəisi Akşin Ziyadov, İstintaq idarəsinin
rəisi Zakir Qafarov, Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik
Ələkbərov çıxış edərək nazirliyin mühüm fəaliyyət istiqamətləri olan icra və
probasiya xidmətlərinin istintaq və cəzaların icrası sahəsində fəaliyyətindən,
bu qurumların gördüyü işlərdən danışıblar.
Brifinq çərçivəsində QHT və KİV nümayəndələri
tərəfindən çıxışlar edilib, sual-cavab sessiyası keçirilərək, tədbir
iştirakçıları arasında fikir mübadiləsi aparılıb.
Sonda KİV nümayəndələri Probasiya xidmətinin
Elektron monitorinq mərkəzinin fasiləsiz fəaliyyəti, elektron qolbağın
imkanları və tətbiqi xüsusiyyətləri ilə əyani tanış olublar.
06.03.2019 çap et