Ən çox səslənən suallardan biri budur ki, necə olur ki, aktyor Zelenski bütün reytinq cədvəllərində birincidir. Məsələ burasındadır ki, ukraynalılar mövcud siyasətçilərdən beziblər. Siyasətçilər verdikləri vədləri yerinə yetirə bilməyiblər. Ukraynalılar ona görə Zelenskiyə üstünlük vermirlər ki, bu artistin prezident kimi böyük uğur qazanacağına inanırlar. Sadəcə, ukraynalılar mövcud siyasətçiləri cəzalandırmaq üçün Zelenskiyə üstünlük verirlər. Kobud desək, pislə ən pis arasında birinciyə üstünlük verirlər.
Fikrimcə, Zelenskinin və ya Timoşekonun prezident seçilməsi də Ukraynanı ağ günə çıxarmayacaq. Bunun obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəb odur ki, Ukrayna siyasi baxımdan rəngarəng ölkədir, şərqin bir hissəsi Moskvaya ümidlə baxır, paytaxt və qərb bölgələri isə Avropanı seçir. İkisi arasındakı baxışlarda böyük uçurum var. Üstəgəl Ukraynanın sənayesi dağılıb və onu yenidən bərpa etmək problematikdir. Subyektiv səbəblər odur ki, korrupsiya ölkəni bürüyüb, oliqarxlar siyasi sistemi nəzarətdə saxlayırlar. Digər tərəfdən Ukraynanı dirçəltmək üçün kənar yatırımlara ehtiyacı var. Bunu isə heç bir dövlət və maliyyə institutu Ukraynaya ayırmaq istəmir. Ayrılan milyardlar Ukraynanın köklü problemlərini həll etmədi. Ona görə də böyük dövlətlər və beynəlxalq maliyyə institutları daha Ukraynaya pul vermək istəmirlər. Bu səbəbdən Ukraynanın istənilən prezidenti Poroşenkonun üzləşdiyi eyni çətinliklərlə üzləşəcək və onları həll etməkdə “sehrli çubuğa” malik olmayacaq.