Vaxt.Az

SAM rəhbərindən sərt açıqlama


 

«Bu cəfəngiyyatı radikal müxalifətin məmurlara qarşı apardıqları çirkin böhtan kampaniyasının tərkib hissəsi hesab edirəm»

SAM rəhbərindən sərt açıqlama Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov nurçularla bağlı mətbuatda yayımlanan məlumatda adının hallanmasına münasibət bildirib.

«Qafqazinfo»ya daxil olan məlumatda deyilir ki, «Yeni Müsavat» qəzetinin 28 fevral tarixli sayında qeyri-mötəbər mənbə hesab olunan sosial şəbəkələrə istinadən dərc olunmuş «Prezident Administrasiyasında «gizli müxalifət» var?» başlıqlı məqalə tamamilə iftira xarakterlidir: «Həmin məqalədə adı çəkilən Mahir Zeynalov  Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı deyil və heç vaxt da olmayıb. Həmin məqaləni və orada yer alan cəfəngiyyatı radikal müxalifətin, onların havadarlarının Azərbaycanın ali hakimiyyət orqanlarına və ayrı-ayrı məmurlara qarşı apardıqları çirkin böhtan və ləkələmə kampaniyasının tərkib hissəsi hesab edirəm. Bu uydurmalar, bədxah fəaliyyət ilk növbədə Azərbaycan dövlətçiliyinə qarşı həm daxildə, həm də onun hüdudlarından kənarda mənfi münasibətin formalaşmasına hesablanan uğursuz cəhdlərdir.

SAM  və onun kollektivi Ulu Öndər Heydər Əliyevin qurduğu Azərbaycan dövlətçiliyinə sədaqətini, cənab Prezident İlham Əliyevin yürütdüyü siyasətə sadiqliyini sözdə deyil, əməli fəaliyyətində nümayiş etdirir. Azərbaycan Respublikasının daha da güclənməsi, qüdrətinin artması üçün həyata keçirdiyimiz genişmiqyaslı işlərə kölgə salmağa cəhd etmək istəyənlər səhv yolda olduqlarının fərqinə varmalıdır.

İşgüzar nüfuzumu zədələməyə hesablanan bu cür əsassız, sübut və dəlilsiz məlumatları mediaya ötürən və tirajlayan KİV-ləri məhkəməyə vermək hüququmu özümdə saxlayıram».

 





28.02.2014    çap et  çap et