Agentliyin hesablamasına görə, “Rosneft” 2010-cu ildən Venesueladakı layihələrə 9 milyard dollaradək vəsait axıdıb. Agentlik bunu şirkətin illik hesabatları, ictimai açıqlamaları, daxili sənədlərinə əsasən hesablayıb. Amma rusiyalılar həm də Venesuelanın dövlət neft şirkəti PDVSA ilə birgə müəssisələrin onlara yüz milyonlarla dollar borclu qaldığını, birgə müəssisələrlə neft hasilatının layihələndirildiyindən xeyli aşağı olduğunu biliblər. Rusiyalıların ondan da xəbəri olub ki, PDVSA bir neçə yüz nəfərin yaşadığı uzaq bir yerdə “sosial layihələrə” bir birgə müəssisədən milyonlarla dollar xərcləyib. Menecerlər problemləri “Rosneft” rəhbəri Iqor Seçinin diqqətinə çatdırınca o, durumu düzəltməyə göstəriş verib.2015-ci ilin sonundan Rosneftin problemləri düzəlməyə başlayıb, çünki maraqlarını daha çox nəzarətə götürüb. Amma “Rosneft” yenə də böhran içində olan bir şirkət və ölkəyə böyük sərmayələrə sahibdir. Mənbələr bunu siyasi amillərlə izah ediblər. Çünki dövlətə məxsus “Rosneft”in məqsədi Moskvanın Karakasdakı müttəfiqlərinə kömək etmək olub. “Reuters” hesablayıb ki, 2010-cu ildən Venesuelaya kreditlər, müxtəlif layihələrlə 9 milyard dollardan çox pul tökən “Rosneft hələ gəlir götürməyib.