Vaxt.Az

“Əfv olunacağımı gözləmirdim”


 

Gözəl Bayramlı ilə birlikdə 4 saylı cəzaçəkmə müəssisəsindən 25 nəfər azadlığa buraxılıb

“Əfv olunacağımı gözləmirdim” Prezident İlham Əliyevin dünən imzaladığı əfv sərəncamı ilə 4 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılan AXCP sədrinin müavini Gözəl Bayramlı mediaya açıqlama verib.

G.Bayramlı onun azadlığa buraxılması üçün dəstək göstərən bütün şəxslərə təşəkkür edib. O, əfv olunacağını gözləmirmiş: “Mən müraciət etməmişdim, ona görə də əfv olunacağımı gözləmirdim. Bu səbəbdən də mənə verilən 3 illik cəzanı çəkməyə hazır idim”.

G.Bayramlı bildirib ki, həbsdə olduğu müddətdə səhhətində bəzi problemlər yaranıb, amma özünü yaxşı hiss edir.

AXCP sədrinin müavini Azərbaycanda siyasi məhbus problemi kökündən həll olunmasının vacibliyini bildirib. Onun sözlərinə görə, dövlət başçısı belə bir addım atıbsa, bunun ardı gəlməlidir.

“Qadının yeri cəzaçəkmə müəssisəsi deyil” deyən G.Bayramlı Xətai rayonundakı 4 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılan 25 nəfər qadının azadlığa buraxılmasına çox sevindiyini deyib.

* * *

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı icra olunmaqdadır. Bakının Xətai rayonundakı 4 saylı cəzaçəkmə müəssisəsindən 25 nəfər azadlığa buraxılıb. Onların arasında AXCP sədrinin müavini Gözəl Bayramlı da var.

G.Bayramlı 2018-ci ilin yanvarında Qazax rayon məhkəməsi tərəfindən qaçaqmalçılıqda təqsirli bilinərək, 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Eyni zamanda 2013-cü ilin iyun ayında Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə itəqsirləndirilərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum olunmuş Şəmsiyyə Bəylərqızı da bu cəzaçəkmə müəssisəsindən evə buraxılıb.

 





17.03.2019    çap et  çap et