Bildiyimiz kimi Türkiyə və Rusiya arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf edir.
Lakin, buna baxmayaraq Türkiyə üçün daha vacib məsələlər var. Hansı ki, Türkiyənin özü də illərdir separatizm təhlükəsi ilə mübarizə aparır. Bu mənada Türkiyə Ukraynanın torpaq bütünlüyünü birmənalı olaraq dəstəkləməlidir. Bundan əlavə Krım, tatarlarının yaşadığı bölgə olub və Türkiyə tərəfi orda keçirilən referendumu da əsassız olduğunu bildirib. Lakin, bir həqiqət də var ki, Krımda ruslar üstünlük təşkil edirdilər.
Bu zaman belə bir sual ortaya çıxır ki, ikitərəfli münasibətlərin inkişaf etdiyi bir zamanda bu bəyanat nə üçün edildi?
Bu açıqlamanın bir çox fərqli səbəbləri var. Yuxarıda sadalananlardan əlavə Türkiyə ABŞ-la münasibətlərdə bütün körpüləri yandırmaq istəmir. Türkiyə tərəfi Rusiyanı bəzi məsələlərdə ittiham etməklə ABŞ-la arasında yaranmış soyuqluğu bir qədər düzəltmək niyyətindədir. Çünki, Türkiyədə mart ayının 31-də bələdiyyə seçkiləri baş tutacaq və hökumət ABŞ-ın müəyyən müdaxilə etməsindən narahatdır. Bundan əlavə ABŞ-ın iqtisadi sanksiyaları nəticəsində Türk lirəsinin dəyəri olduqca aşağı düşüb və bu hal böyük çətinliklər yaradır. Xüsusilə də statistikaya əsasən Türkiyədə işsizlik səviyyəsi digər illərlə nisbətən artaraq 11,6 faiz təşkil edib. Bu isə ötən illə müqayisədə 3 milyon 788 min nəfər artım deməkdir. Bu mənada Türkiyə ABŞ-la münasibətlərin bərpa edilməsində maraqlıdır. Əks halda bundan da çətin vəziyyətə düşə bilər hazırkı hökumət.
ABŞ və Türkiyə arasında yaxın aylarla müqayisədə münasibətlərin inkişafı nəzərə çarpır. Belə ki, bir neçə həftə əvvəl Donald Tramp və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutmuşdu. Həmin telefon danışığından sonra Ərdoğan münasibətlərin qaydaya düşdüyünü və həmkarı ilə yaxın günlərdə görüşə biləcəklərini də mətbuata açıqlamışdı. Bundan əlavə 2017-ci ildən sonra ABŞ Türkiyəyə səfir təyin etmirdi. Ötən ay isə bu posta Devid Satterfildin gələ biləcəyi müzakirə mövzusuna çevrildi.
Rusiyanın bu bəyanata cavabı da olduqca maraqlıdır. Yəqin ki, yaxın günlərdə Rusiya XİN də bu barədə açıqlama verəcək. Lakin, bunun iki ölkə arasındakı münasibətlərdə "uçurum" yaradacağını düşünmürəm. Çünki, Rusiyanın Türkiyəyə ehtiyacı ondan daha çoxdur...