Vaxt.Az

Demokratlarının yeni ümidi


 

Haker, rokçu, gitara və baraban ifaçısı – irland əsilli “bəyaz Obama”

Demokratlarının yeni ümidi Konqresin keçmiş üzvü, 46 yaşlı Beto O’Rurk (Robert Francis O’Rourke) ötən həftə prezidentliyə namizədlik uğrunda mübarizəyə qoşulacağını açıqladı.

Beto 2018-ci ilin noyabrında Senata keçirilən seçkilərdə qırmızı (mühafizəkar) ştat sayılan Teksasda cümhuriyyətçilərin ağır çəkili təmsilçisi Ted Kruz qarşısında uğurlu nəticə əldə etməsindən sonra populyarlaşdı. O, 48 faiz səs alaraq cəmi 3 faiz fərqlə güclü və təcrübəli rəqibinə uduzdu, amma demokratlar bunu qələbəyə bərabər məğlubiyyət kimi qəbul etdilər. B. O’Rurk kampaniya zamanı rekord miqdarda – 80 milyon dollardan çox ianə toplamışdı.

Prezidentlik iddiasını elan etdikdən sonra onun bir sutka ərzində 6,1 milyon dollar ianə toplaması da demokrat seçicilərin bu namizədlikdən ruhlandığını göstərən faktdır. Müqayisə üçün deyim ki, digər iddialı namizədlər – senator Berni Sanders ilk sutkada 5,9 milyon, senator Kamala Harris isə 1,5 milyon dollar toplamışdı. Betonun namizədliyinin yarışın favoriti sayılan sosialist Sandersin şansını bir qədər azaldacağı güman olunur. Demokratlar düşünür ki, Beto O’Rurk prezident seçkilərində Teksasın rəngini qırmızıdan maviyə çevirə bilər. Bu ştat prezidenti seçən seçicilər kollegiyasına 38 nümayəndə göndərir (Kaliforniyadan sonra ikinci), demokratların burada qələbə qazanması cümhuriyyətçilərə öldürücü zərbə olar.

İrland mənşəli Beto O’Rurkun həyatından maraqlı faktlar kimi bunları qeyd etmək olar ki, yeniyetməlik dövründə o, “Cult of the Dead Cow” (Ölü inəyin kultu) adlı haker qrupunun üzvü olub. “Haktivizm” sözünü məhz bu qrup dövriyyəyə buraxıb. (Haktivizm informasiya texnologiyalarından, internetdən sosial və siyasi məqsədlər üçün azad şəkildə istifadəni ehtiva edən anlayışdır.) Beto punk-rok musiqisinin pərəstişkarıdır, gəncliyində həvəskar qruplarda bas gitara və baraban çalıb. İki dəfə polislə problemi olub: başqasına məxsus əraziyə icazəsiz daxil olmağa və içkili avtomobil idarə etməyə görə.

Bəzilərinin “yeni Kennedi”, digərlərinin “bəyaz Obama” adlandırdığı Beto O’Rurk demokratların namizədi seçilsə, onunla Donald Trampın döyüşü çox maraqlı keçəcək.

 





18.03.2019    çap et  çap et