Əli Həsənov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ildə ABŞ-a səfəri zamanı Prezident Donald Trampa yanlış məlumat verməsi barədə “The Washington Post” qizetındə çalışan jurnalist Bob Woodwardın “Fear: Trump in the White House” kitabında əks olunmuş iddialar tam yalan və saxtadır.
Prezident İlham Əliyev və Prezident Donald Tramp arasında cəmi bir dəfə - ABŞ-da keçirilmiş son prezident seçkilərindən dərhal sonra telefon danışığı olub, söhbət zamanı iki dövlət arasında əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivi ilə bağlı fikir mübadiləsi aparılıb.
Prezidentin köməkçisi deyib ki, 2017-ci ilin sentyabrında BMT Baş Assambleyasının 72-ci sessiyasının açılışında iştirak etmək üçün ABŞ-a səfəri zamanı Prezident İlham Əliyevin ABŞ-ın dövlət başçısı ilə görüşü protokol xarakteri daşıyıb, həmin zaman heç bir söhbət olmayıb, yalnız foto-video çəkiliş həyata keçirilib. Buna görə də kitabda həmin görüşdə Azərbaycan Prezidentinin cənab Donald Trampa guya Çin Xalq Respublikasının Əfqanıstanda iqtisadi fəaliyyəti ilə bağlı hər hansı məlumat verməsi barədə irəli sürülən iddia “fake informasiyadır və müəllifin fantaziyasından başqa bir şey deyil.
Əli Həsənov bildirib ki, ümumiyyətlə, Azərbaycan xarici siyasət məsələlərində yalnız öz milli maraqlarını rəhbər tutur və heç vaxt başqa ölkələr arasında siyasi, iqtisadi, humanitar və digər əlaqələrə müdaxilə etmir. Görünür, xaricdəki anti-Azərbaycan dairələr indi də davamlı şəkildə Azərbaycana qarşı “qara piar” kampaniyası aparan və “fake” xəbərlər üzrə ixtisaslaşmış “The Washington Post” nəşrinin əməkdaşı vasitəsilə ölkəmizin beynəlxalq imicini ləkələməyə, onun Çin Xalq Respublikası və Amerika Birləşmiş Ştatları ilə inkişaf edən əlaqələrinə xələl gətirməyə cəhd göstərirlər. Əminliklə deyə bilərik ki, belə çirkin əməllərin müəllifləri heç vaxt öz məqsədlərinə nail ola və Azərbaycanla tərəfdaşları arasında əlaqələrə zərbə vura bilməyəcəklər.