Vaxt.Az

Qazaxıstanın qurucusu…


 

Vaşinqton olar, Nazarbayev yox?

Qazaxıstanın qurucusu… Bilirəm, bir çoxlarınız mənimlə razılaşmayacağsınız, amma hərənin öz mövqeyini bildirməyə haqqı var.

Akmolinskə şəhər statusu 1863 ildə verilmişdi Rusiya çarı tərəfindən. 1961 ildə isə yenə də Moskvanın qərarı ilə Akmolinsk oldu Tselinoqrad.

Qazaxıstan müstəqillik qazanandan sonra, 1992 ildə şəhərə Akmola adını verdilər və bu adla o 1997 ilə qədər yaşadı. 1997 ildə isə Nursultan Nazarbayevın təşəbbüsü ilə ölkənin paytaxtı buraya keçirildi və bir il sonra yeni paytaxta Astana adı verildi.

İndi isə incəliklər.

Akmola şəhəri Qazaxıstanın şimalında yerləşirdi, Rusiya ilə sərhəddə, Rusiya bu ərazilərə öz torpaqları kimi baxırdı və iddialarını açıq bəyan etməsə də, niyyətlər bəlli idi.

Burada ruslar əhalinin 54 faiz təşkil edirdi, qazaxlar isə 17 faiz və məhz elə bundan istifadə olunma təhlükəsi var idi. Ssenarı artıq digər yerlərdə reallaşıb, bilirsiniz.

Ona görə Nursultan Nazarbayevın bu tarixi qərarı Qazaxıstanın şimal bölgəsini qorudu və Rusiyanı ola biləcək addımdan saxladı, biri var adı ərazini zəbt edəsən, biri də var digər ölkənin paytaxtını.

Bundan sonra isə yenə də Nazarbayevın siyasəti nəticəsində əhalının tərkibi dəyişdirildi, buraya kütləvi olaraq qazaxlar gəlməyə başladı və bu gün əhalının tərkibi belədir - qazaxlar 78 faiz, ruslar 13 faiz.

Yəni, bütün addımlarla Nazarbayev ölkənin ərazi bütövlüyünü düşünərək atdı və qonşuların iddialarına bir dəfəlik olaraq nöqtə qoydu.

Sözümü nəyə gətirirəm.

Biz bəzi hallarda detalları bilmədən, tarixi bilmədən küyə düşürük. Nursultan Nazrbayev Qazaxıstanın yaradıcısıdır. Məhz onun sayəsində ölkə parçalanmayıb, çox narahat bölgədə stabillik qorunub saxlanılıb və dövlət tərəqqi yolunda çox böyük uğurlar qazanıb.

Qazaxıstanın yeni paytaxtı öz mövcudluğu ilə sırf Nazarbayeva borcludur, ölkə bütövlükdə öz müstəqilliyinin qorunmasına görə bu həqiqətən də tarixi şəxsiyyətə borcludur.

Ona görə, balaca qəsəbəni müasir şəhərə, hətta paytaxt şəhərə çevirən adamın adının həmin şəhərə verilməsində şəxsən mən heç bir qəbahət, yaxud lağlağı etməyə səbəb görmürəm. Dünya tarixi doludur belə misallarla.

Yalnız bir məqamı deyə bilərəm ki, bəlkə də həmin addımı Nazarbayevın vəfatından sonra atmaq daha düzgün olardı, amma necə deyərlər, özləri bilən məsləhətdir. Qazaxıstan Avropa deyil, burada o standartlar işləmir və Şərq dünyasının mental xüsusiyyətləri nəzərə alınmalıdır.

Sonda isə yalnız bir şeyi xatırlada bilərəm ki, Amerika Birləşmiş Ştatlarının paytaxtı ölkənin ilk Prezidenti olmuş və eyniylə balaca qəsəbəni paytaxt şəhərə çevirmiş Corc Vaşinqtonun adını daşıyır və bu ad şəhərə onun sağlığında verilib.

 





22.03.2019    çap et  çap et