Ukraynada hazırkı seçkiqabağı diskursun əvvəlkilərdən prinsipial bir fərqi var: ölkənin strateji inkişaf istiqamətinin seçilməsi artıq mübahisə mövzusu kimi öz aktuallığını itirib. İndiyə qədər keçirilən seçkilər öncəsi məhz bu tematika – Ukraynanın geosiyasi seçimi, xarici siyasət vektoru ön planda olurdu. 2014-cü ilin fevral inqilabı – Avromaydan bu mübahisələrə son qoydu. Rusiyanın əvvəlcə Krımı ilhaq etməsi, daha sonra Ukraynanın şərqində qanlı münaqişə ocağı yaratması ortaq tarixi-mədəni keçmişə malik bu iki slavyan xalqını və dövlətini bir-birindən qopardı, Kiyevi Moskvadan bəlkə də həmişəlik ayırdı. Nəticədə Ukrayna daxilində rusiyayönümlü siyasət və siyasətçilər marginallaşdı, onların revanş imkanı sıfıra endi. Söhbət təkcə postrevolusion mərhələdə ölkənin Qərbə üz tutmasından, Avropa Birliyi ilə assosiativ saziş imzalamasından, Şengen zonası ilə vizasız rejimin tətbiqindən getmir. Ukraynanın Avropa Birliyi və NATO-ya tamhüquqlu üzv olması strateji vəzifə kimi artıq Konstitusiyaya daxil edilib.
Prezidentliyə namizədlərin sənədlərinin qəbulu 2018-ci il dekabrın 31-də başladı və fevralın 4-nə qədər davam edən qeydiyyat müddətində rekord sayda iddiaçı – 93 nəfər öz sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim etdi. Onlardan 44-ü namizəd kimi qeydə alındı, sonradan bu şəxslərdən 5-i namizədliyini geri götürdü, beləliklə, səsvermə bülletenində 39 nəfərin adı qaldı. Namizəd bolluğunun səbəbi prezident seçkilərindən heç də az əhəmiyyət daşımayan Ali Rada seçkilərinin yaxınlaşması ilə əlaqədardır. Prezidentliyə namizədlərin əksəriyyəti vaxt itirmədən parlament seçkiləri üçün təbliğat-təşviqata və digər siyasi qüvvələrlə bloklaşma təşəbbüslərinə prezident seçkilərindən etibarən başlamağı qərara alıb. Bəzi partiyasız namizədlər üçün isə yaxşı reklam fürsəti yaranıb və onlar “prezidentliyə keçmiş namizəd” etiketi əldə edərək parlament seçkiləri ərəfəsində siyasi partiya və blokların siyahılarında yüksək yerlər bron etmək arzusundadır.
Seçki kampaniyasının startından məlum oldu ki, mübarizə 3 nəfərin arasında keçəcək. Onlardan ikisi Ukrayna siyasətinin veteranlarıdır: indiki dövlət başçısı Pyotr Poroşenko və keçmiş baş nazir, “Batkivşina” (Vətən) Partiyasının lideri Yuliya Timoşenko. Üçüncü favorit isə siyasətdə tamamilə yeni simadır və məhz bu xüsusiyyəti – sıfır səviyyəsində siyasi baqaja malik olması onun üstünlüyü oldu. Sistemin və ümumən siyasətin xaricindən gəlməsi bu şəxsi birdən-birə Ukrayna siyasətinin zirvəsinə çıxardı. Söhbət kecmiş KVN (Şən və Hazırcavablar Klubu) ulduzu, aktyor Vladimir Zelenskidən gedir.
Zelenski fenomeni
Vladimir Zelenski Yeni il gecəsi (31 dekabr, 2018-ci il) prezidentliyə namizədliyini sosial media videosu ilə elan etdikdən sonra ildırım sürəti ilə reytinq topladı və keçirilən rəy sorğularında ilk sıraya yüksəldi. Onun yüksək reytinqinin səbəblərini anlamaq üçün dərin siyasi və sosioloji analizlərə ehtiyac yoxdur, əsas səbəb əhalinin, xüsusən gənc nəslin ənənəvi siyasətçilərə və bütövlükdə siyasi institutlara inamını itirməsidir. Müstəqillikdən üzü bəri eyni simalar siyasətdə dominant rolunu davam etdirir və nəsil dəyişikliyi baş verməyib, korrupsiyalaşmış elitalar və oliqarxik sistem gücünü qoruyur. Bu üzdən Zelenski yeniliyin təmsilçisi qismində ümid yerinə çevrilib, onun proqramı, vədləri, vizyonu isə daxili auditoriyadan çox xarici auditoriya üçün maraqlıdır. Ukraynalı politoloq Vladimir Fesenko bu fenomeni belə izah edir: insanlar hakimiyyətə orta barmağını göstərmək istəyir və Zelenski həmin orta barmaq funksiyasını yerinə yetirir.
1978-ci il təvəllüdlü Vladimir Zelenski KVN komandasının bazasında yaradılmış “Kvartal 95” studiyasının bədii rəhbəridir. Bu studiya “Xalqın xidmətçisi” (“Sluqa naroda”) adlı teleserial çəkib və Zelenski orada prezidentliyə namizədliyini irəli sürərək qələbə çalan tarix müəllimi Vasili Qoloborodko rolunu oynayır. Qoloborodko Ukrayna politikumu və sosiumunun naqisliklərini serialda təsirli ifadələrlə dilə gətirir. Bu siyasi komediya 2015-ci ildə Ukraynada ən çox izlənən teleserial olub. 2017-сi ilin dekabrında eyni adlı (“Sluqa naroda”) siyasi partiyanın qeydiyyatdan keçirilməsi isə göstərir ki, Zelenski və onun ətrafının, yaxud arxasındakıların siyasi planları 2018-ci ilin son dəqiqələrində spontan şəkildə ortaya çıxmayıb. “Kvartal 95” studiyası 2012-ci ildən “1+1” telekanalı ilə əməkdaşlıq edir. Bu telekanal ölkənin məşhur oliqarxlarından olan İqor Kolomoyskiyə məxsusdur. Cənab Kolomoyski prezident Poroşenkonun yarımçıq qalmış deoliqarxizasiya siyasətinin ilk və yeganə qurbanı kimi ölkəni tərk edərək hazırda İsraildə yaşayır. Son 5 ildə məşhur “PrivatBank” başda olmaqla, Kolomoyskinin ölkə daxilindəki bir çox aktivləri ekspropriasiya olunub, xaricdəki 2,6 milyard dollarlıq aktivləri isə Britaniya məhkəməsinin qərarı ilə dondurulub. “PrivatBank” 20 milyona yaxın müştərisi olan, ölkədəki kart tranzaksiyalarının təxminən yarısını gerçəkləşdirən, Ukrayna bank sektorunun xalis aktivlərinin 17%-nə sahib olan, Rusiyada, Gürcüstanda, Latviyada, Kipr və İtaliyada törəmə şirkətlərə malik maliyyə piramidası idi və ABŞ-ın “Kroll” detektiv agentliyinin apardığı auditin yekunları əsasında 2016-cı ilin dekabrında milliləşdirildi. Kolomoyski ölkənin ən iri neft-qaz şirkətlərindən olan “Ukrnafta”ya nəzarəti də itirdi, nəticədə oliqarxın sərvəti ikiqat azaldı, hazırda ölkə daxili və xaricində davam edən məhkəmə mübahisələrinin yekununda əlavə itkilərə məruz qalmaq təhlükəsi də var. Kolomoyski ölkənin ən iri aviaşirkəti MAU-nun da sahibidir və bu şirkət hazırda 1 milyard qrivnadan çox borc portfeli ilə iflas təhlükəsi qarşısındadır. Bu təhlükələr və problemlərdən xilas olmağın ən yaxşı yolu Ukrayna siyasətinə əvvəlki təsir imkanlarını bərpa etməkdən keçir. Bu məqsədlə Kolomoyskinin “Zelenski kartı”nı oynamağa başladığı fikri Ukraynada geniş yayılıb və cəmiyyətin müəyyən hissəsində narahatlıq da doğurub. İntelligensiyanın 27 nümayəndəsi müraciət imzalayaraq Zelenskini xalqın yox, oliqarxın xidmətçisi adlandırıb və onun prezident seçilməsinin Ukrayna üçün yaradacağı təhdidlər barədə cəmiyyətə xəbərdarlıq edib.
Zelenski idarəetmədə birbaşa demokratiya elementlərini tətbiq edəcəyini bildirir. Onun parlamentə təqdim etmək istədiyi ilk qanun layihəsi “Xalq hakimiyyəti haqqında”dır, bu qanuna əsasən hakimiyyətin əsas vəzifələri referendumlar və digər ümumxalq sorğuları əsasında xalq tərəfindən müəyyən ediləcək. Zelenski daxili işlər, müdafiə naziri, Təhlükəsizlik Xidmətinin rəhbəri kimi prezidentin preroqativasında olan mühüm vəzifələrə təyinatları da xalqın rəyi ilə həyata keçirəcəyinə söz verib. O, prezident, deputatlar və məhkəmə hakimlərinin toxunulmazlığının ləğv olunacağını, prezidentin impiçmenti və deputatların geri çağırılması barədə qanun layihələrinin qəbul olunacağını vəd edir. Lakin bu vədlərin yerinə yetirilməsi elə də asan deyil, bunun üçün parlament çoxluğunun dəstəyi lazımdır. Ukrayna parlament-prezident respublikasıdır və Ali Radanın dəstəyini ala bilməyən dövlət başçısının simvolik fiqura çevrilmə riski var. Zelenskinin partiyası da özü kimi rəy sorğularında ilk sıraya yüksəlib, lakin Radada çoxluq əldə etməsi müşkül məsələdir. Ukraynalı ekspertlər Zelenski prezident seçiləcəyi təqdirdə Ali Radanın rolunun artacağını və ölkənin gerçək mənada parlament-prezident respublikasına çevriləcəyini söyləyirlər, çünki sistem partiyaları, siyasi oyunlarda püxtələşmiş köhnələr təşəbbüsü təcrübəsiz prezidentə verməyəcəklər.
Yüksək reytinqinə baxmayaraq, qələbə Zelenski üçün asan olmayacaq. Onun elektoratının nüvəsini gənclər təşkil edir, bu kateqoriyadan olan seçicilər isə Ukraynada ən qeyri-stabil elektorat hesab olunur. Çünki gənclər seçkilərdə fəallıq göstərmir, onların bir çoxu öz qeydiyyat ünvanlarından kənarda yaşayır və işləyir. Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun apardığı araşdırmaya görə, 2014-cü ildə 18-29 yaş arası vətəndaşların cəmi 16,4%-i səsvermədə iştitak edib. Bu tendensiya qarşıdakı seçkilərdə də özünü göstərərsə, Zelenskinin əldə edəcəyi nəticə gözləniləndən aşağı ola bilər. Rəqiblər də buna ümid edir. Poroşenkonun qərargahından bildiriblər ki, Zelenskinin 10 potensial seçicisindən 6-sı hələ indiyədək bir dəfə də olsun səs verməyib. Timoşenkonun qərargahı da paralel düşünür. “Zelenski şampan şərabı kimidir. Onu süzürsən və əvvəlcə bakal dolu görünür, amma tezliklə köpük çəkilir və mayenin nə qədər az olduğu ortaya çıxır”, – deyə “Batkivşina” təmsilçisi söyləyib. Opponentləri Zelenskinin məntəqələrdə effektiv müşahidəçilik qura bilməyəcəyini, hətta 2-ci tura keçərsə, lazımi sayda (təxminən 200 min nəfər) komissiya üzvü tapa bilməyəcəyini iddia edirlər. Ukraynada 2014-cü il inqilabından sonra prezident, parlament və yerli hakimiyyət orqanlarına seçkilər ümumən demokratik keçirilib. Amma unutmaq olmaz ki, postsovet coğrafiyasında hələ Avropa standartlarında seçki gözləmək ifrat optimizmdir, burada inzibati resursları əlində saxlayan hakimiyyətlərin nəticələrə təsir imkanları var. Hər məntəqədə səsvermənin gedişinə, səslərin sayılması və protokollaşdırılmasına nəzarət etmək zəruridir. Bunu etməyən namizədin aqibəti, nə qədər populyar olursa olsun, sual altına düşər. Amma istənilən halda, Zelenskinin ikinci tur şansı çox yüksəkdir. İndi əsas sual onun rəqibinin kimliyi ilə bağlıdır.
Poroşenko və Timoşenko: 2-ci tur uğrunda amansız rəqabət
Zelenski namizədliyini elan edənə qədər Ukraynanın ilk və yeganə qadın hökumət başçısı, yaxın keçmişi skandallarla dolu olan Yuliya Timoşenko bütün sorğularda açıq fərqlə öndə idi. Lakin Zelenskinin mübarizəyə daxil olması və mövcud prezidentin kampaniya irəlilədikcə öz reytinqini artırmağa başlaması sabiq baş nazirin qərargahında panika yaradıb. İndi onun nəinki qələbəsi, ikinci tura keçməsi də təhlükə altındadır. 58 yaşlı Timoşenko üçüncü dəfədir prezident kürsüsünə iddia edir: 2010-cu ildə o, mübahisəli şəkildə Viktor Yanukoviçə, 2014-cü ildə isə açıq fərqlə Poroşenkoya uduzub. Xanım Timoşenko bu seçkilərə “Yeni kurs” adını verdiyi (Ruzveltin ABŞ-ı “böyük depressiya”dan çıxaran “Yeni kurs”u yada düşür) 5 maddəlik proqramla gedir. Proqramda Krım və Donbasın diplomatik-hərbi vasitələrlə geri qaytarılması və reinteqrasiyası; Oliqarxik-klan sistemindən ölkəni qurtarmaq üçün yeni Konstitusiyanın hazırlanıb qəbul edilməsi, Yeni iqtisadi siyasət; Yeni sosial siyasət və Yeni gənclər siyasətinin istiqamətləri əksini tapıb. Minimal əməkhaqqının 3,5 dəfə artırılaraq qonşu Polşanın səviyyəsinə çatdırılması, əhali üçün təbii qazın qiymətinin iki dəfə azaldılması, Donbas probleminin həlli üzrə Minsk formatından imtina edərək Budapeşt Memorandumunun (ABŞ, Rusiya, Britaniya + Ukrayna) tərəflərindən ibarət yeni formata keçmək kimi populist xarakterli vədlər də var.
Xanım Timoşenkonun keçmişi onun üçün bu gün də ağır yük olmağa davam edir. O, 90-cı illərin əvvəllərində iş adamı kimi enerji sektorunda fəaliyyət göstərib və ölkəyə təbii qaz idxal edən “Ukraynanın vahid enerji sistemləri” adlı özəl şirkətin rəhbəri olub. Müstəqillik dövrünün ən böyük korrupsiya qalmaqallarından birinin mərkəzi fiquru Pavel Lazarenko ilə yaxın münasibətləri Timoşenkonun biznes uğurlarının əsas səbəbi kimi göstərilir. Y.Timoşenko siyasətə P.Lazarenkonun “Qromada” Partiyasında başlayıb və sədr müavini vəzifəsini tutub. Lazarenko 1999-cu ildə ABŞ-da həbs edilib və ona maliyyə cinayətləri ilə bağlı ittihamlar irəli sürülüb, 2006-cı ildə bank hesablarındakı 477 milyon dollar dondurulub. 2012-сi ildə azadlığa çıxan Lazarenko hesablarındakı vəsaitin taleyi ilə bağlı ABŞ ədliyyə sistemi ilə sülh razılaşması üzərində çalışır. Vəsaitin bir qisminin Ukraynaya qaytarılacağı gözlənilir. 90-cı illərdə medianın “Qaz kraliçası” ləqəbini verdiyi Yuliya Timoşenko 2 dəfə həbsdə yatıb. O, 2001-ci ilin fevralında Rusiya qazının Ukraynaya qaçaqmal yolu ilə idxalı və vergidən yayınmaq ittihamı ilə saxlanılaraq 42 gün təcridxanada qalıb. 2011-ci ilin avqustunda isə baş nazir olduğu dövrdə (2009) Rusiya ilə qaz müqavilələrinin imzalanması zamanı vəzifə səlahiyyətlərini aşaraq ölkəyə külli miqdarda maddi zərər vurmaq ittihamı ilə həbs olunaraq 7 il müddətinə azadlıqdan məhrum edilib və Avromaydan inqilabından sonra azadlığa çıxıb. Bu məqamlar hazırkı kampaniyada Poroşenkonun komandası tərəfindən gündəmə gətirilərək xalqın yaddaşı təzələnir.
İndiki prezidentə gəldikdə isə o, seçki kampaniyasına əsas rəqiblərindən geridə başladı. Əlverişsiz start vəziyyətini onunla izah etmək olar ki, ötən 5 ildə sosial-iqtisadi problemlər həllini tapmayıb və əhalinin həyat səviyyəsi yüksəlməyib. Korrupsiya problemi də bütün ağırlığı ilə yerində qalır. Bu, Poroşenkonun ən zəif yeridir, elə ona görə də dövlət başçısının seçki qərargahı onun uğur qazandığı istiqamətləri qabardaraq kampaniyanı bunun əsasında qurub. Həmin istiqamətlər “Ordu, İnanc, Dil” şüarında ifadə olunub. Şübhəsiz ki, Poroşenkonun dövründə əldə edilən ən böyük, hətta tarixi əhəmiyyətli uğur Ukraynanın kilsə müstəqilliyini əldə etməsidir. 2018-сi il dekabrın 15-də Kiyevdə vahid və avtokefal (müstəqil) Ukrayna Pravoslav Kilsəsinin yaradılması elan olundu, 2019-cu il yanvarın 5-də isə pravoslavların ümumdünya patriarxı Varfolomey tərəfindən bu barədə Tomos (fərman) imzalandı. Poroşenko bu tarixi hadisənin geniş təbliğatını aparmaq və siyasi xal toplamaq məqsədilə ötən həftələrdə regionlara “Tomos-tur”lar təşkil etdi. Digər uğurlar kimi cəmiyyətdə Ukrayna dilinin rolunun və nüfuzunun artırılması hesabına Ukrayna milli identikliyinin möhkəmləndirilməsini, eləcə də ordu quruculuğunda əldə edilən tərəqqini göstərmək olar. Lakin Poroşenko güclü ordu qurmaqla qürrələndiyi bir vaxtda, heç gözləmədiyi halda, məhz bu istiqamət üzrə ağır zərbə aldı.
Qladkovski işi və Avakovun oyunu
Fevralın 25-də “Bihus.info” portalının “Naşi Qroşi” teleproqramında Ukrayna müdafiə sənayesindəki korrupsiya halları ilə bağlı jurnalist təhqiqatı əsasında hazırlanmış film təqdim olundu. Məlum oldu ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası (SNBO) sədrinin birinci müavini Oleq Qladkovskinin oğlu İqor Qladkovski ölkənin hərbi müəssisələrinə Rusiyadan qaçaqmal yolu ilə 2-4 dəfə baha qiymətə müxtəlif detallar gətirirmiş. Film ölkədə böyük qalmaqal yaratdı və rəqiblər tərəfindən prezidentə qarşı geniş şəkildə istifadə olunmaqdadır. Poroşenko dərhal O.Qladkovskini vəzifədən azad etdi, filmdə adları keçən 2 hərbi müəssisənin direktorları da vəzifədən çıxarıldı. Prezident hərbi sənaye müəssisələrini birləşdirən “Ukroboronprom” dövlət konsernində beynəlxalq audit aparılacağını açıqladı. Baş Prokurorluq və Milli Antikorrupsiya Bürosu faktla bağlı təhqiqat aparır. Artıq baş prokuror Yuri Lutsenko İqor Qladkovskinin bu cinayətlə əlaqəsini təsdiqləyib.
Poroşenko üçün daha bir başağrısı isə budur ki, daxili işlər naziri Arsen Avakov açıq-aşkar onun əleyhinə fəaliyyətə başlayıb. Bu iki siyasətçi arasında çoxdan konflikt var. Avakov Nazirlər Kabinetində Poroşenko blokunun koalisiya ortağı olan Xalq Cəbhəsi Partiyasını təmsil edir. Medianın iddialarına görə, nazir seçki kampaniyasından əvvəl Timoşenko ilə görüşüb və onlar razılığa gəliblər ki, Timoşenko prezident seçilərsə, Avakov öz vəzifəsində qalacaq, seçilmədiyi təqdirdə isə parlament seçkilərində “Batkivşina”nın siyahısında yer alacaq, çünki Xalq Cəbhəsi artıq nüfuzdan düşüb və 3%-lik seçki baryerini aşmaq gücündə deyil. Arsen Avakov polisə, Milli Qvardiyaya, sərhəd qoşunlarına nəzarət edən güclü nazirdir. Bəzi radikal millətçi qruplar, o cümlədən son vaxtlar fəallığı ilə diqqət çəkən “Azov” batalyonunun keçmiş komandiri Andrey Biletskinin yaratdığı “Milli Korpus” hərəkatı da nazirə yaxındır. Hətta prezidentliyə namizədlərin arasında Avakovun adamı da var (İlya Kiva), bu isə imkan verir ki, bütün seçki komissiyalarında onların nümayəndələri də təmsil olunsun. DİN artıq Y.Timoşenkonun təqdim etdiyi sənədlər əsasında P.Poroşenkonun yerlərdəki seçki qərargahları tərəfindən seçicilərin pulla ələ alınması iddiaları ilə bağlı cinayət işləri açıb. Nazir bildirib ki, ölkəboyu seçiciləri satın alan “tor”ların yaradılması üçün büdcədən 1,5 milyard qrivna pul ayrılıb.
Daxili işlər nazirinin ölkə prezidentini seçiciləri pulla ələ almaq cəhdində ittiham etməsi və ümumilikdə seçki kampaniyası dövründə onu təzyiq altında saxlaması yəqin ki, dünya siyasətində nadir haldır. Martın 9-da Çerkassı şəhərində “Milli Korpus” fəalları tərəfindən hərbi sahədə maliyyə maxinasiyaları bəhanəsi ilə Poroşenkoya hücum cəhdi baş verdi. Prezidentin tərəfdarları iddia edir ki, bu olayda da Avakovun əli var. Lakin nazir bütün ittihamları və Timoşenkonun maraqlarına xidmət etdiyi barədə iddiaları rəd edir. O, Timoşenkonun tərəfdarları barədə də cinayət araşdırmalarının aparıldığını deyib, qeyd edib ki, yeganə məqsədi saxtakarlıq olmadan, maksimum təmiz seçkilərin keçirilməsini təmin etməkdir. Hələlik dəqiq məlum olan budur ki, Avakov indiki prezidentin təkrar seçilməsini istəmir. Onun “mən rahatam: bu siyasi tsiklin sonunda bizim yeni prezidentimiz və yeni hökumətimiz olacaq” sözləri də bunu sübut edir. A.Avakovun seçkilərin demokratikliyini təmin edən güc mərkəzi funksiyasını öz üzərinə götürməsi və arbitr rolunda çıxış etmək cəhdi seçkilərdən sonrakı dövrə hesablanmış planın bir hissəsidir. Minimum hədəf həm daxildə, həm də Qərbdə öz nüfuzunu artırıb, seçkilərdən sonra Ukrayna siyasətindəki mövcud gücünü və mövqelərini qorumaqdan ibarətdir. Onun fevral ayında ABŞ-a səfər etməsi və dövlət katiblərinin müavinləri ilə görüşləri, Vaşinqtonda Donbasın deokkupasiyası barədə planın təqdimatını keçirməsi isə Avakovun böyük siyasi ambisiyalarından xəbər verir.
P.Poroşenko DİN-in hücumlarından ona sadiq olan Təhlükəsizlik Xidməti (SBU) və Baş Prokurorluq vasitəsilə müdafiə olunur. Məsələn, martın 14-də SBU Avakovun rəhbərlik etdiyi “Dinamo” idman cəmiyyətinin sədr müavini Viktor Korjun sürücüsünü rüşvət üstündə yaxalayıb. Sürücü V.Korj adından 30 min dollar rüşvət alarkən saxlanılıb. Bu hadisə şübhəsiz ki, Avakova “cavab atəşi”dir.
Hələlik Timoşenko və Poroşenkonun siyasi texnoloqları yarışın favoriti Zelenskiyə qarşı mübarizənin taktikasını işləyib hazırlamayıblar. Əsas məqsəd nəyin bahasına olursa olsun, ikinci tura çıxmaqdır. Poroşenkonun qərargahından bildiriblər ki, ikinci turda Zelenskinin öhdəsindən gəlmək çətin olmayacaq. “Axı müharibə getdiyi bir dövrdə ali baş komandan vəzifəsinə komikin seçilməsinə kim səs verər?!” Bunu prezident Poroşenkoya yaxın şəxslərdən biri söyləyib. “Xalqın xidmətçisi”nin kim olacağını aprelin 21-də biləcəyik.
Rusiya kimi dəstəkləyir?
Rusiya rəhbərliyi Ukraynadakı seçki kampaniyasını çox diqqətlə izləyir. Kremlin dəstəklədiyi namizəd məlumdur: Yuri Boyko. Bu şəxs yaxın keçmişdə Ukraynada yanacaq və energetika naziri, baş nazirin müavini vəzifələrini tutub. 2011-ci ildə vasitəçi firmanın iştirakı ilə Sinqapur istehsalı olan qazma platformasının satın alınması “Boykonun buruqları” adı ilə məşhur olan korrupsiya qalmaqalının gündəmə gəlməsinə səbəb olub. Çünki platformanın öz real dəyərindən 400 milyon dollar baha qiymətə alınması ortaya çıxmışdı. Lakin Ukraynanın müasir tarixindəki digər korrupsiya qalmaqallarında olduğu kimi, əsl günahkarlar yenə cəzadan yayına bildilər. Y.Boyko inqilabdan sonra dağılan Regionlar Partiyasının yerində yaradılmış “Müxalifətçi blok”un liderlərindən biri idi, lakin bu seçki ərəfəsində təşkilat daxilində bölünmə baş verdi. Y.Boyko və blokun rəhbərliyində təmsil olunan Sergey Levoçkin (Yanukoviç dövründə prezident administrasiyasının rəhbəri) Rusiyaya yaxın digər siyasi qurum – “Müxalifətçi platforma – Həyat uğrunda” Partiyası ilə prezident seçkilərində əmkdaşlığa dair saziş imzaladılar. Bu saziş çərçivəsində Y.Boykonun prezidentliyə namizədliyi irəli sürüldü. “Müxalifətçi blok”un oliqarx Rinat Axmetova yaxın olan digər qanadı isə seçkilərdə öz namizədi ilə (Aleksandr Vilkul) iştirak etməyi qərara aldı və Boyko ilə Levoçkini fraksiyadan xaric etdi.
“Müxalifətçi platforma – Həyat uğrunda” Partiyasına Ukrayna Yəhudi Konqresinin prezidenti Vadim Rabinoviç və Kuçma dövründə prezident administrasiyasının rəhbəri olmuş hüquq professoru, iş adamı Viktor Medvedçuk rəhbərlik edir. V.Medvedçuk Rusiyanın Ukraynadakı 1 saylı adamı kimi tanınır, 2004-cü ildə prezident Vladimir Putin onun yeni doğulmuş qızının xaç suyuna salınması mərasimində iştirak edib və uşağın xaş atasıdır. Açıq şəkildə Rusiyanın maraqlarını təmsil etdiyi halda, Ukraynada Medvedçukun hələ də qeyri-rəsmi toxunulmazlığı məhz bu amillə əlaqədardır. Medvedçuk günün istənilən saatında Putinlə əlaqə yaratmaq imkanına malikdir, bu səbəblə Kiyev və Moskva arasında ən etibarlı rabitə kanalıdır. Ukrayna rəhbərliyi lazım bildikdə öz sözünü Medvedçuk vasitəsilə birbaşa Putinə çatdıra bilir. O, Donbas münaqişəsində əsir düşmüş və girov götürülmüş hərbçilərin və mülki şəxslərin dəyişdirilməsində də fəal iştirak edir.
Kreml ötən ay Moldovada olduğu kimi, Ukraynadakı seçki kampaniyasında da öz simpatiya və antipatiyalarını gizlətməyə ehtiyac duymur. Rusiya mediası bütün kampaniya boyunca Poroşenko əleyhinə təbliğat apardı, martın 22-də isə baş nazir Dmitri Medvedev Moskvada Yuri Boyko və Viktor Medvedçuku qəbul etdi. Bu cür açıq dəstək nümayişində məqsəd iki mühüm seçki ərəfəsində Ukraynadakı rusiyameylli elektoratı Boyko ətrafında konsolidasiya etməkdən ibarətdir. Boyko prezident seçkilərində ikinci tura keçməsə belə, Moskva maraqlıdır ki, “Müxalifətçi blok – Həyat uğrunda” Partiyası parlament seçkilərində uğurlu nəticə göstərsin və Ali Radada güclü fraksiya formalaşdıra bilsin.