Vaxt.Az

Teodiseya budur?!


 

Orta əsrlilər artıq aramızdadır ...

Teodiseya budur?! “Teodiseya”. Bu kəlməni unutmayın. Qayıdıcağıq sözə hələ.

Uşaqlığın qürub çağında, yeniyetməliyin də ilk hənirtilərinə kitab qurdu idim. Əslində, indi də eləyəm, fəqət o zaman sanki divan tuturdum özümə. Səhərdən axşamadək oxuyurdum. Nə gəldi, harada oldu.

Anlamırdım ki, bəşər tarixi boyu niyə savaşan ölkələr, insanlar həmişə deyiblər ki, haqq məhz onun tərəfindədir, Tanrı onu qoruyur. İki ölkə savaşır, ikisi də deyir ki, Tanrı onu hifz edir.

Belə çıxırdı ki, onlardan biri yalan danışır. Məsələn, uduzan tərəf. Sonra anladım ki, hər iki tərəf, hamı düz danışır.

Sadəcə, Tanrı belədir. Uşaqların öldüyü savaşlara baxır.

İnsanın cənnətdən qovulması, bütün bəşəriyyətin və canlıların su altında qalması, soyqırımlar, epidemiyalar, inkivizisiya, QULAQ, Osvensim, Hirosima, Afrikadakı qırğıınlar, Pol Pot, sonra da Xocalı.

Belədir Tanrı. Qüdrətli.

Onun sözü olmadan yarpaq budaqdan düşməz. Ona belə maraqlıdır.

Polşadakı Svebodzin şəhərində ucaldılmış Xilaskar İsa heykəlinin tacında antenlər quraşdırılıb, ətrafa “WiFi” internet paylanır.

Simvolizmdir, kim bilir.

Son günlər gündəm olan hadisələrdən xəbərdarsız.

Xatırlatmayım.

Ümumiyyətlə, zamanımızın özəl, fərqli və ümdə xüsusiyyətlərdən birini “təhqir olunmuşluq mədəniyyəti” adlandırardım.

Bu mədəniyyət insanların siyasi özünütanımaya ehtiyacının artmasından yaranıb. Ol səbəb ki, insan özünü dəqiq müəyyənləşdirir: “Mən Qərb adamıyam”, “Mən ateistəm”, “Mən dindaram”, “Mən müsəlmanam”, “Mən xristianam” və ilaxır.

Əvvəllər bəşər övladı özünü sevdiyi vasitəsilə təyin edərdi. Evinin olduğu məkan, ailəsi, dostları ilə. İndisə özümüzü nifrətlə təyin edirik.

Sizi hirsləndirən sizi təyin edir artıq. Xəbəriniz varmı?

Və əgər səni indi heç nə qəzəbləndirmirsə, səni artıq süst, amorf, zəif sayırlar. Səni sosial şəbəkələrdə “like” etmirlər, həyatda maraqsız adam kimi tanıyırlar.

Halbuki...

Qazaxıstanda bir yeniyetmə qız fotosunu “İnstagram”dakı profilində paylaşıb. Qurşağa qədər soyunub, sonra milli bəzək əşyaları ilə fotosunu çəkdirib.

Onu döyüblər.

Bununla iş bitməyib. Yox.

Sonra hansısa kənddə kişilər mitinq keçirib qızın davranışını qətiyyətlə pisləyiblər.

Mitinqdə kişilər deyiblər ki, bəs bu lənətə gəlmiş qız bütün qazax xalqını rüsvay edir.

Deyiblər ki, onun əməli böyük qazax xalqına kölgə salır və bu yaramaz dərhal üzr istəməlidir.

Qız döyülüb.

Kişilər hirslənib.

Nə baş verib?

Qız “İnstagram”dakı profilində fotosunu yayıb.

“İnstagram”da çox az oluram. Nadir hallarda. Milyonlarla foto, video var.

Baxmağa həvəsim də yox.

Elə həmin Qazaxıstanda yüzlərlə tanışlıq saytı var. “Porno” saytları da olmamış deyil əl-əlbət.

Və birdən, qəflətən, bu saytlardakı fotolar və videolar arasında qoca kişilər, ağsaqqallar o qızın fotosunu seçib hirslənirlər.

Ünvanlı təhqir edilmə sindromu...

Əminəm ki, o qocaların telefonlarında “İnstagram” yox. Heç “İnstagram”dan istifadə etməyi də bilmirlər.

Mitinqə çıxıblar.

Qazaxıstan şəhərlərində minlərlə qadın vücudlarını satdığı zamanda bir qızın fotosu onları belə qeyzləndirdi?!

Güldürməyin məni.

İnanmıram.

Sanki kimlərsə müsəlman ölkələrini bilərəkdən orta əsrlərə itələyir, adekvat insanlarda bu dövlətlərdə yaşayan adamlarla bağlı “orta əsrlərin fərdləri” təsəvvürü yaradır.

İndi milyonlarla insan bilir ki, Qazaxıstanda Taraz adlı şəhər var.

Və o şəhərdə yeniyetmə bir qız yaşayır ki, milli bəzək, zinət əşyalarını reklam etmək istəyib. Sarsaq, naqolay şəkildə olsa da.

Onu da bildik ki, orta əsrlilər uzaqda deyil. Pəncərədən baxsanız, o dövrün adamlarından birini görəcəksiniz.

Orta əsrlilər artıq aramızdadır.

Avstriyada 1754-cü ildə yasaqlanmış kitablar arasında “Rotterdamlı Erazmın” əsəri də vardı. Keşişlər əsərin vərəqlərini qaralamışdılar. Fotonu əlavə edirəm.

Bu da bir “index librorum prohibitorum”...

Budurmu teodiseya?

 





02.04.2019    çap et  çap et