Vaxt.Az

Qalib kimdir, məğlub kim?


 

Türkiyə bələdiyyə seçkilərinə sözardı...

Qalib kimdir, məğlub kim? Türkiyədə 31 martda keçirilən bələdiyyə seçkilərinin ən böyük sürprizi hakim Ədalət və İnkişaf Partiyasının İstanbulda cüzi fərqlə olsa belə məğlubiyyətlə üzləşməsidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul uğrunda var gücüylə yarışırdı. Bu səbəbsiz deyil. İstanbul hər mənada Türkiyənin yarısı deməkdir. Buna görə də Ərdoğan gün ərzində İstanbulda o mitinqdən bu mitinqə tələsir, namizədi Binəli İldırımın qələbəsinə çalışırdı. Olmadı. Üstəlik Ankara da əldən getdi. Bu gələcəkdə Əroğana müəyyən problemlər yaradacaq. Çünki Ərdoğanın İstanbulla bağlı böyük layihələri var idi. Bu layihələri İstanbulun CHP bələdiyyə başçısı ilə reallaşdırmaq çətin olacaq.

Buna baxmayaraq, AKP ilə MHP ittifaqı say etibarilə bələdiyyələrin çoxunda qələbə qazandı. Kürdlərin yaşadıqları bölgələrdə PKK-nın siyasi qanadı sayılan HDP-nin az səs toplaması AKP-nin uğuru sayıla bilər. Məsələn Şirnak 1990-ci illərdən bu yana PKK uzantılarının qalası sayılırdı. Şirnakda AKP-nin namizədi HDP namizədi üzərində böyük fərqlə qələbə çaldı. Bunun səbəbi odur ki, kürdlərin yaşadıqları bölgələrə qəyyum bələdiyyə başçıları təyin olunmuşdular. Onlar yerli insanların dəstəyini qazanmaq üçün çox iş gördülər və bununla kürdlərin inamını qazandılar. O da sübut olundu ki, bələdiyyələr yaxşı işlədikləri halda kürdlər yaxşı bələdiyyə başçısını PKK uzantılarından üstün tuturlar.

Bələdiyyə seçkisində MHP-nin həm AKP ilə birgə, həm də ayrılıqda uğur qazandığını söyləmək olar. CHP ilə koalisiyada olan İyi Parti isə uğur qazanmadı. CHP ilə koalisiyada olan Səadət Partiyası da xüsusi fəallığı ilə seçilə bilmədi. AKP və MHP koalisiyası ilə mübarizədə bütün yük CHP-nin üzərində qaldı. Buna rəğmən, hazırda Türkiyənin siyasi sistemində iki qütb formalaşıb. Birinci qütbdə AKP və MHP koalisiyası yer alıb, ikinci qütb CHP ətrafında formalaşıb. Ancaq bunu iki partiyalı siyasi sistem adlandırmaq olmaz. Çünki birinci qütb sağçı və millətçi qüvvələrin birliyidirsə, ikinci qütbdə sollar, sağlar, dinçilər, hətta PKK uzantıları yer alıb. Sonuncu ilə bağlı onu demək lazımdır ki, Türkiyədəki kürdlərin səsləri parçalanıb. Əgər 2000-ci illərdən başlayaraq kürdlərin səsləri PKK-nın siyasi qanadları ilə AKP arasında bölünürdüsə, bu bələdiyyə seçkilərində uzun illərdən sonra CHP-yə da ciddi pay çatdı. Məsələn CHP-nin Ankara və İstanbuldakı uğurunun arxasında bu şəhərlərdə yaşayan kürdlərin səsləri də əhəmiyyətli rol oynadı. Halbuki, keçmiş illərdə bu şəhərlərdə kürdlərin səslərinin əsas hissəsi AKP-nin payına düşürdü. Görünür, AKP-nin millətçi MHP ilə koalisiyası kürdlərin bir hissəsinin səsinin hakim partiyadan qopmasına səbəb olub.

Bələdiyyə seçkilərinin nəticələri AKP-yə və Ərdoğana ciddi mesaj idi. Türkiyədə növbəti seçki 4 ildən sonra keçiriləcək. Ancaq bu müddətdə hakim partiya üçün çətin olacaq. Böyük şəhərləri itirən AKP reytinqinin yenidən yüksəlməsi üçün var gücüylə çalışmalıdır. Türkiyə iqtisadiyyatındakı çalxalanmalar və inflyasiya seçicilərin hakim partiyadan qaçışını gücləndirə bilər. Ona görə də hakim partiya və Ərdoğan qarşısında dayanan əsas vəzifə iqtisadiyyatda və sosial problemlərin həllində ciddi dönüş yaratmaqdır. Əks halda birləşən müxalifət gücünü artırmaqda davam edəcək.

Türkiyədəki bələdiyyə seçkiləri Azərbaycanda diqqətlə müşahidə edildi. Birincisi, Türkiyə Azərbaycanın strateji müttəfiqidir. Ona görə də Türkiyədə bələdiyyə seçkilərində hansı siyasi qrupların qələbə qazanması Azərbaycan üçün əhəmiyyətlidir. Çünki bir gün həmin güclər parlamentdə və prezident seçkilərində də uğur qazana bilərlər. İkincisi, Türkiyədəki mövcud bələdiyyə sisteminin və statusunun öyrənilməsinə və gələcəkdə Azərbaycanda tətbiqinə ehtiyac var. Azərbaycanda da bu il bələdiyyə seçkiləri keçiriləcək. Ancaq Türkiyədən fərqli olaraq Azərbaycandakı bələdiyyə seçkilərinə maraq azdır. Bu durumu dəyişmək və idarəetmədən kənar qalan müxtəlif siyasi qrupların bələdiyyə seçkilərində iştirakını təmin etmək Azərbaycan üçün də vacibdir.

 





02.04.2019    çap et  çap et