Minsk Qrupu həmsədrləri anlayırlar ki, indiki vəziyyətdə münaqişəni danışıqlar yolu ilə həll etmək mümkün deyil. Azərbaycanın və Ermənistanın mövqelərini yaxınlaşdırmaq mümkün deyil. Ona görə də belə şəraitdə həmsədrlərin yeganə vəzifəsi bölgədə nisbi sabitliyin və atəşkəsin qorunmasını davam etdirməkdir. Çünki isti aylarda hər zaman müharibə ehtimalı artır. Həmsədrlər bunun qarşısını almaq istəyirlər və ona görə də il ərzində bir neçə dəfə liderlərin görüşlərini təşkil edirlər.
Həmsədrlər Vyanadan sonra növbəti görüşün hazırlıqlarına başlayacaqlar. Bu məsələdə Nikol Paşinyan həmsədrlərlə həmrəydir. Paşinyan Vyanada Azərbaycan prezidenti ilə görüşdükdən sonra erməni diaspor nümayəndələri ilə görüşdü. Paşinyanın dedi ki, danışıqlar normal keçib. Eyni sözlər həmsədrlərin görüşün yekunu ilə bağlı açıqlamasında da var. Ancaq açıqlamada bir cümlə daha çox diqqəti cəlb edir: “Tərəflər humanitar sahədə bir sıra tədbirlərin hazırlanması barədə razılığa gəliblər”. Eyni ifadəni görüşdən sonra hər iki lider də təsdiqlədi.
“Humanitar sahədə bir sıra tədbirlər” dedikdə nə nəzərdə tutulur?
Aydındır ki, bu tədbirlər münaqişənin nizamlanmasıyla deyil, yenə tərəflər arasında hansısa inam atmosferinin yaradılması ilə bağlı addımlardır. Ancaq bu bəndin işləyəcəyini söyləmək çətindir. Oxşar bəndlər 15 il ərzində müxtəlif görüşlərdə razılaşdırılıb, ancaq yerinə yetirilməyib. Məsələn vaxtilə belə bir şifahi razılaşma var idi ki, ictimaiyyət nümayəndələri arasında dialoq başlamalıdır. Ancaq hazırda belə bir dialoq yoxdur. Və ya hazırki “humanitar sahədəki tədbirləri” hər tərəf fərqli izah edə bilər. Məsələn, rəsmi Bakı girovların “hamının hamıya” prinsipi ilə dəyişmək istəyir. İrəvan isə bunun əleyhinədir, Qarabağdakı girovların “onlara” aid olmadığını iddia edir.
Vyana görüşündən çıxan əsas nəticə budur ki, Ermənistanın baş naziri əvvəlkitək danışıqlarda münaqişənin həlli mexanizmlərini müzakirə etməkdən yayınır, çünki üzərinə məsuliyyət götürmək istəmir. O danışıqlarda əsasən “mövcud durumu necə qoruyaq”, “necə edək ki, atəşkəs pozulmasın” kimi bəndlər ətrafında müzakirə aparmaq istəyir. Bu danışıqların sıfır nöqtəsinə qayıdışdır. Azərbaycanı bu bəndlər maraqlandırmır və maraqlandırmamalıdır. Azərbaycan prinsipial – “Dağlıq Qarabağ ətrafındakı rayonlar nə zaman boşaldılacaq?”, “qaçqınların geri qayıtması müddəti nə qədər çəkəcək?” və sair bəndlərin müzakirəsində maraqlıdır. Vyanada bu bəndlər müzakirə olunmadı.
Vyana görüşündən əvvəl Paşinyan Müdafiə Nazirliyində qapalı toplantı keçirdi. Paşinyan böyük ehtimalla ordu daxilindəki vəziyyətdən narahatdır. Hərbçilərlə komandirlər arasında münasibətlər sistemində ciddi problemlər var. Hərbçilərin hərbi hissəni tərk edərək etiraza baş vurmaları müharibə vəziyyətində olan dövlət üçün ciddi siqnaldır. İrəvandakı “Əsgər anaları” komitəsi də fəallığını azaltmır, gənclərin Dağlıq Qarabağda xidmətinə etiraz edir. Paşinyan oğlunu Dağlıq Qarabağa xidmətə göndərəndə elə bilirdi ki, bununla siyasi xal qazanacaq və başqalarına nümunə olacaq. Olmadı. Ermənistanın təmas xəttində nə qədər çox itkisi olarsa bu Ermənistan ordusunda və cəmiyyətində daha çox təlatümlərin şahidi ola bilərik. Paşinyan üçün Vyana görüşü ona görə vacib idi ki, atəşkəsin ömrünü uzada bilsin.
Nikol Paşinyan danışıqlar formatının dəyişməsi ideyasından əl çəkməyib. Təsadüfi deyil ki, Vyanada getmədən əvvəl o separatçıları sakitləşdirmək üçün onların təmsilçisi Bako Saakyanla telefonla danışdı. Paşinyan Qarabağ separatçılarından və ölkəsindəki “Qarabağ klanından” qorxduğu üçün hər dəfə belə edir. Məsələn Vyana görüşündən əvvəl atəşkəs pozuldu, hər iki tərəfdən itki oldu. Atəşkəsi birinci ermənilər pozdular və azərbaycanlı hərbçini şəhid etdilər. Separatçılar Paşinyana etibar etmirlər. Ona görə də atəşkəsi zaman-zaman pozurlar. Proses elə il ərzində belə də davam edəcək.