Azalma tendensiyası bankların digər maliyyə institutlarında yatırdıqları depozitlərdə və kredit qoyuluşunda qeydə alınıb. Depozit yatırımı yanvar-fevral aylarında 1,2 faiz azalaraq 6,4 milyard manata düşüb. Ötən il azalma hətta 10,4 faizə bərabər olub. Bank depozitlərinin aktivlərdə payı 21,4 faizə düşüb. Halbuki 2017-ci ildə bu hədd 25,9 faiz olub.
Kredit qoyuluşu cari ilin ilk iki ayında 5 milyon manat azalıb və aktivlərdə payı 43,1 faizə düşüb. Azalma maliyyə institutlarına verilən kreditlərin azalması (6,7 milyon AZN) hesabına baş verib. Müştərilərə verilən kreditlər 1,6 milyon manat artsa da aktivlərdə payı azaldıb.
Ümumilikdə isə bankların aktivləri zəif olsa da artmaqda davam edib. Problemli kreditlərlə bağlı kompensasiya mexanizminin tətbiqi aktivlərinı artımı dəstəkləyəcək və hazırda 1,5 milyard manatı ötən və kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün nəzərdə tutulan məqsədli ehtiyatı əhəmiyyətli dərəcədə azaldacaq. Ancaq yaranmış sərbəst vəsaitlərin əhəmiyyətli hissəsinin kreditləşməyə yönələcəyi sual altındadır. Böyük ehtimalla növbəti aylarda qiymətli kağızlara yatırımın cəlbediciliyi daha da artacaq.