Bir az əvvəl xəbər yayıldı ki, AKP-nin İstanbul Böyükçəkməcə təşkilatı bu rayon ərazisində qanunsuz seçici qeydiyyatının olduğunu səbəb göstərərək şəhər üzrə nəticələrin ləğvi üçün vilayət (il) seçki komissiyasına müraciət edib, lakin bu tələb qəbul olunmayıb. Ola bilər ki, bu cür cəhdlər davam etsin.
İstanbulu itirməyi həzm etmək, qəbul etmək iqtidardakı mövcud zehniyyət üçün asan deyil. Bunun siyasi mənasını və mümkün siyasi nəticələrini hamınız az-çox bilirsiniz. İstanbulun müxalifətin əlinə keçməsi “Rəis”in sehrinin pozulması, məğlubedilməz lider obrazının sarsılması deməkdir. Qarşıdakı 4 ildə burada İmamoğlunun uğurlu fəaliyyəti onu Cümhuriyyətin 100-cü ildönümündə prezident seçkilərinin favoritinə çevirəcək və Kılıçdaroğlunun bu seçkilərdə ilk nəticələrini aldığı CHP-ni geniş əhali kəsimlərinə açma strategiyasının sonrakı uğurları üçün də əlverişli zəmin yaratmış olacaq.
Məsələnin heç də az əhəmiyyət daşımayan iqtisadi-maliyyə tərəfi də var. İstanbul bələdiyyəsi əsas korrupsiya əməliyyatlarının həyata keçirildiyi, milyardların yeyildiyi, yandaşların bəsləndiyi əsas mənbədir, çeşmənin başıdır. Dəyirmanın suyu əsasən burdan gəlir. Məsələn, 2018-ci ildə İstanbul böyükşəhər bələdiyyəsi büdcəsindən iqtidara yaxın, onların ailə üzvləri tərəfindən idarə olunan vəqflərə (QHT) nə az, nə çox - düz 847 milyon lirə pul köçürülüb. 847 milyon... Heç bir rəsmi vəzifə tutmadıqları halda, bələdiyyədən hər ay qanunsuz maaş alan on minlərlə insan (iqtidar partiyası fəalları, jurnalistlər, trollar və s.) olduğu iddia edilir. Bələdiyyədən yandaşlara, təriqətlərə, camaatlara uzanan bu xortumların kəsilməsi iqtidar partiyasına böyük zərbə vuracaq. Dünən İmamoğlu həmin vəqflərə köçürmələrin dayandırılacağını, bələdiyyədə şəffaflığın maksimum təmin ediləcəyini açıqladı.
İndi əsas sual budur ki, prezident Ərdoğan İstanbul seçkilərinin ləğvinə gedəcəkmi? Bu, çox riskli yol olar. Türkiyədə haqqı yeyilən, yəni mağdur edilən siyasətçinin nüfuzu artır və bunu ən yaxşı Ərdoğan bilir. Təkrar seçki olarsa, İmamoğlu açıq fərqlə qalib gələr. Qalır təkrar seçkidə saxtalaşdırma yolu ilə lazımi nəticənin təmin edilməsi. Bu da çıxış yolu deyil və daxildə narazılığın artması, vətəndaş qarşıdurmasının yaranması, Ərdoğanın legitimliyini itirməsi, ölkənin özünü müasir dünyadan təcrid etməsi və digər neqativ nəticələrə gətirib çıxarar. Üstəlik, xaricdən ciddi miqdarda maliyyəyə ehtiyac duyulduğu iqtisadi böhran dövründə bu yola əl atmaq öz ayağına güllə sıxmaq anlamına gələn ağılsız bir addım olar. Xalqın əksəriyyəti dəstək verməz.