Çox duyğulandırıcı, sabah dahisinə hamilə “ogünlər” və bunun dünən reallığını yaşamaqda olan “bugünlər” xəyalatı saçan bir ünvan...
Böyük ədibin doğulduğu daxma – ev yiyəsi dövrünün leksikonuyca “köhnəlik qalığı” da bu müasir muzey-saray içərisində saxlanıb...
Buranı üç əsrin “sənət-sənətkar-zaman” (başqa sözlə, Səriyyə-Sara-Eloğlular – Almaz-Sevil-Elxanlar fəlsəfəsinin) qovuşuğu kimi də təsvir-təfsir etmək olar...
Və kiçik bir “elegiya”varilik...
Bu muzeydəki kömköhnə inventarlar təptəzələrdən daha baxımlı, daha qançəkər, daha görkəmli!
Yaxın gələcəyin bütöv Azərbaycan nəhəngini, böyük Turan sevdalısını yırğalamış yüz iyirmi yaşlı bapbalaca nənni necə də əzəmətli!..
Doğulduğu, obaş-bubaşına iməklədiyi üç-dörd arşınlıq hücrənin uzunluğu qış gecələri qədər, hündürlüyü yeniyetmələr əliyetən, eni – bir mədəniyyət cəngavərinin kürəyicə! Xəyali fonda da ki... hər dövr və hər xalq üçün sivil səviyyəli “Sevil”indəki şipşirin çocuq bəyannamələri; “Balama qurban inəklər, Balam nə vaxt iməklər, Balama qurban sərçələr, balam nə vaxt dirçələr”...
On dörd-on beş yaşlarından başlayaraq dünyaya açacağı poeziya-nəsr-dram-kino və s. panoramlı böyük Azərbaycan pəncərəsinin zərrəciyi müqabilli əyrim-üyrüm “akoşka”lar...
Dörd yaş tifilliyində çıxıb, otuzbeşcəsində dahi ruhu ilə qayıtdığı yonqarsız-sığalsız taxta qapı...
Hələ burada işləyən savadlı-səviyyəli xanımların bu məkana ata evi kimi baxıb, dədə-baba ocağı timsalında tapınmaları! Öz şəcərə babalarından eşitdikləri xatirələrlə bu elli-milli Babanı can dostutək “tost”lamaları; Cəfərimiz ondoqquzca yaşında Cümhuriyyət növrağımızı hamıdan ön və hər kəsdən poetik bir donla qutlamış, istedad yüklü başı müsibətlər çəksə də, o qutsal quruluşa işarətlə “Azad bir quşdum, yuvamdan uçdum” söyləmiş... Yazı-pozu təngnəfəsliyi paralelində yaşadığı siyasi-ideoloji qaranəfəslik ucbatından, “37”-ni də “qabaqlayıb”, ədib nakamlığında getmiş...
Deyirəm, bu dramatik taleli həmişəyaşar Babamız... indiki sinnində yazmaq diriliyinə də nail ola bilsəydi, çoxusu ahıl yaşda olan o xanımlara (və elə 1991-dən bu yana doğulanlara) “Mənim azadə yavrularım” misallı poetik səhnələr qurub-yaradardı, yəqin...
İyirminci yüzillik başlanğıcımızın ədəbi-mədəni dirilik dirijoru, qıpqısaca bir ömür ərzində neçə-neçə gələcək dövrlər özəlləmiş –
Bu ədib –
“harda aş - orda baş” məsəl-misallarından bütünlüklə uzaq, “harda milli-mədəni kəm-kəsirlik - orda müntəzirlik” kredosu ilə yaşayıb. Hələ yetkinləşməmiş yaşlarından, hələ ictimai-siyasi güvənsiz, hələ aman-imansız bir zamanda hürri-Cümhuriyyət amallı şeirlərlə çıxış edib, oynaq qələm nümunələrilə, o çağaqədərki “gül-bülbül”çülükdən yorğun düşmüş oxucuları əqli dirçəlişə yönəldib, müəlliflərilə müştərək səviyyəli tərcüməçi, kəsərli teatr-kinoşünas, bənzərsiz kinossenarist, jurnalist-publisist, neo-mizan rejissor kimi tanınıb və elə bu kimi keyfiyyətləri ucalığından, hələ ağzından (milli) süd qoxusu gəldiyi bir yaşda qosqoca bir topluma “Nə bağırırsan, xalq?!” (əlbəttə, öz Oqtay Eloğlusunun diliylə) deməyə mənəvi haqq qazanıb.
On doqquzuncu yüzilliyin son baharı başlanğıcında Xızıda doğulub, dörd yaşında (1903) ikən ailəsilə Bakıya köçüb, “Dağlı məhəlləsi”ndə yaşamağa, bir il sonra atasının vəfatı (deməli, dolanışıq çətinlikləri) səbəbilə anasının bişirdiyi təndir çörəklərini satmağa, 12 yaşından yazıb-yaratmağa, 16-sından səhnələr, ekranlar, direktiv kürsülər, proletarından elitarına – küll-qəlblər fəthinə başlayan, birləşməsi arzusunu ürəyində apardığı Bütöv Azərbaycan qəlbində hər zaman diri, ağlı kəsən gündən xəyallanıb, hər fürsətdə qələminin mübhəm “qaş-göz”üylə qullandığı Turan düşüncəsində ildən-ilə dirçəlib-dirilən, “bəşər sənətkarları” kimi çətin bir sırada yer alan və nəhayət, qədərsiz milli-mədəni yükə tab gətirəmməyib, ürək iflicindən dünyasını dəyişən bu bənzərsiz bəndə haqda özümdən özümə füzun bir –
Sual-nida:
- Əcəba, Bakı Politexnik Məktəbinin “elektromexanika” (!) şöbəsi, Azərbaycan Dövlət Universitetinin yarımçıq buraxdığı tibb, bitirdiyi tarix fakültələri kimi “anti”-ədəbi təmayüllərdə təhsillər almış bu “qaçhaqaç” ömür sahibi ədəbiyyat zirvəsinə necə qalxa, sənət-incəsənət kamına necə yetə bilib?!.
Bu “dram”ı nəinki bu cılxa filoloji yazı müəllifi, heç onun elmi-metodoloji araşdırıcıları da yetərincə incələyə bilməmişlər. Çox çətinliklərlə qazanılmış (əslində, bərpa edilmiş) müstəqilliyimizin bəzi hazıranazir “ərən”lərisə, devirici sovetlərin ədəbi-bədiinamələrinə on dörd il imza atmağa məcbur olmuş bu qələm şəhidimizin iyirmiüçaylıq devrilmişimizə can-baş xidmətləri və sonralarkı həbsi, alçaq “dopros”-sorğulardan uca başla çıxması, daimi-dramatik “göz”lər, eyhami sözlər altında olması, mənəvi-fiziksəl işgəncələr çəkməsi barədə, ya “lirikal”casına susur, ya da bunların üstündən unikalcasına yayınırlar.
Əfəndilər, bu “talantlı” susurluq-yayıntıların gözünə, tutalım, belə bir oluntu da qatmaq olmazmı ki, bu dərəcəli istedad sahibi bəs bu gücü hara, nəyə sərf etməli idi, canındakı bu ədəbi atomu öz içində partlatmalıydımı?!.
Olayı və dolayı cavablar
Özümü böyük ədibin “sosialist şerifi” tipində yaratdığı Şərifin dil-üslub “priyom”una (“Yoldaşlar, söz verilir Almaza, hansı ki, danışacaq bəzi-bəzi məsələlər haqda”) yuvarlanmaqdan güclə saxlayıb, ərz edim ki, 1980-in sonlarınadək “formaca milli, məzmunca sosialist” adlandırılan ədəbiyyatımızın ələm-qələmli 50-55 ili boyunca (elə müəyyən qədər də haqqüçünə) “Azərbaycan sovet dramaturgiyasının banisi” kimi təqdim edilsə də, hamı – az-para ayıq fəhlə-kəndlilərimizdən tutmuş bütün milli aydınlarımızadək – bu “Aydın” prototipli ədibi, əsasən, “Oqtay Eloğlu” kimi xatırlayıb urvatladı. Bu xalq, qüdrətli qələmi “Almaz”lığa alınıb, “Dönüş”lüyə döndərilib, “1905-ci ildə”liyə bulaşdırılmış bu universal ədəbi memar oğlunun daim bu millətin “solğun çiçəklər”inə yanımlı olduğunun, Səriyyələrinə vəfalı qaldığının fərqinə vardı.
Təkrarçılıq olmasın, indilər – “davadan sonra yava”laşan ağızlar və bəzi həlləm-qələmçilər tərəfindən çoxusu “sovetizmə yarı yarınma” qrifi ilə “dəyər”ləndirilən o pyeslər bu xalqın təkrarsız dialoqlar, heyrətamiz leksikon, ibrətamiz əxlaq, ədəbi-xarakterial dür-düşüncələr sənət-səltənəti nümunələri!...
Bir olayı cavab da, bu ədibin ədəbi xadimlərindən olduğu Cümhuriyyətin qurucusu M.Ə.Rəsulzadədən: “Od gəlini”ni Cəfər “ÇeKa” həbsindən çıxdıqdan sonra yazmışdır. O, vaxtilə istər məmləkətdə, istərsə də məmləkət xaricində səs salmış bir hadisəyə görə “müsavatçılar” qrupu ilə birlikdə həbs edilmişdi. Bu əsərdə atəşpərəst Azərbaycanın müsəlman-ərəb istilasına qarşı mübarizəsi təsvir edilir. Yeni sahiblər məmləkətin bütün zənginliklərini çapıb aparırlar...
Mənzərənin rəmziliyi göz qabağındadır və tamaşaçılar üçün “ərəb”, “islam” sözləri yerinə “rus”, “kommunizm” sözlərini qoymaq mənanı aktuallaşdırmaq üçün kifayətdir...
Cabbarlının dramaturqluğu Azərbaycan dramaturgiyasında mühüm bir mərhələdir”.
“Dolayı cavablar” seriyasını “Marya Tumannifeyna” obraz-olayı ilə davam etdirim.
Bəli, bu xalqın mədəni-mənəvi sərvətlərə yiyələnibən yaşaması üçün milli mədəni intibahdan başqa yol olmadığını hələ yeniyetməykən dərk edən ədib böyük Azərbaycan ehtivalı Səhnəyə Oqtay Eloğlu donunda da çıxır və cari səhnə içərisindəki “səhnə”də “oynamaqacaqam” deyə naz eləyən Mariya Timofeyevnanın üstünə “Necə yəni oynamayacaqsan, pul verib, bilet almışıq, yoldaş Marya Tumannifeyna!” jarqonuyla çığıran tamaşaçılara zavallı Eloğlu diliylə: “Səfil xalq, nə bağırırsan?! Səndə sənətkar bir qadın yox! Varsansa yarat, yaratmırsansa, sus, uzan öl!...” - deyir...
“Dolayısı”lardan sonuncular:
Fikir-zikr baxımından mədəniyyətimizin hər sahəsində, konkret reallıqca isə uzun müddət Azərbaycan Dövlət Dram Teatrında ədəbi hissə müdiri işləyən, o çağlar yenicə inkişafa başlayan kino sənətilə də çox ciddi maraqlanan, tarixə ilk milli kinossenarist kimi düşən bu professional səhnə-sənət mücahidi Azərbaycan qadınının fəal ictimai-mədəni həyata cəlbi məqsədilə “Sevil” filmindəki Sevil roluna azərbaycanlı qız axtarışı üçün Bakı küçələrini, idarələri, ali məktəbləri qapı-qapı gəzir və nəhayət, Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun tələbəsi İzzət Orucovanı tapır...
Bir xonçalıq da bu əbədi ədibin xanımı - bədii “Səriyyə”sindən də vəfalı Sona xanım Cabbarlıdan: “...Ümumiyyətlə, bu illərdə Cəfər səhhətinin pozulduğuna baxmayaraq, çox gərgin işləyirdi. Ömründə bircə dəfə də kurorta, ya sanatoriyaya getməmişdi. Hətta bağa, yaylağa da gəlməyə vaxt tapmır, gələndə də ancaq işləmək üçün, yazmaq üçün gəlirdi”.
“Yaylaq”, “kurort” terminləri ardınca bu... həm də bənzərsiz Ata və Ərin bağda ikən “ekspromt” söyləməsi:
Ay Sonası, çaay gətir mənimçün,
Qələndərəm - paay gətir mənimçün,
Kənd yeridir, qəndi çox işlətmərəm,
İstəyirsən, saay gətir mənimçün...
Nəhayət, öz olayı cavabından (SSRİ Yazıçılar İttifaqına yazdığı məktubdan): “...Əgər haqqımda yazılanlar doğru isə, mən dərhal teatrı tərk etməyə hazıram! Mən başqa müəssisələrə - 14 ildən bəri kimsənin heç nə yazmadığı, mənimsə iki libretto yazmalı olduğum operaya, repertuarını mənim pyeslərim təşkil edən rus işçi teatrına, 14 ildən bəri kimsənin heç nə etmədiyi, lakin mənim özümü borclu saydığım Azərkinoya, habelə pyeslərimin əksəriyyətinin oynanıldığı özbək, türkmən, tacik, tatar teatrlarına... tamamilə yazmaya bilərəm, təki o yoldaşlar yazsınlar…”
Və...
“elegiyavarilik”lə başladığım bu yazımı Müşfiq qələmi elegiyasından seçmələrlə bitirirəm:
Öldü! Xəbər verin aşnaya, dosta,
Ruhlar mühəndisi – o böyük usta!..
Dan yeri ağarsın, şəfəq sökülsün,
Ulduzlar göz yaşı kimi tökülsün!
Öldü – Balaşları öldürən əsgər,
Öldü – Gülüşləri güldürən əsgər!
Çaxışda görk idi ildırımlara,
Dağlara, daşlara, sıldırımlara!
Böyük Füzuliyə ruh verən ellər,
Özünü tarixə göstərən ellər,
Hər işi vaxtında bitirəcəkdir,
Cəfəri hər zaman yetirəcəkdir!..
Nakam və fitri Müşfiq dilindən qopmuş son misra da reallaşar, inşallah…