Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, müşavirədə son illər ərzində Prezident İlham Əliyevin ölkədə təhsilə, xüsusi ilə də məktəbəqədər təhsil müəssisələrinə olan diqqət və qayğısının nəticəsində görülən işlər barədə məlumat verilib.
Məktəbəqədər uşaq müəssisələrinin tikintisi, əsaslı təmiri və avadanlıqlarla təminatı işlərində Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolu xüsusi qeyd edilib.
Bildirilib ki, hazırda paytaxtda 346 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bu il Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda təmirə ehtiyacı olan bağçalar müəyyənləşdirilmiş və artıq yay aylarında bir sıra bağçalarda təmir işləri görüləcək.
Müşavirədə paytaxtdakı məktəbəqədər təhsil müəssisələrinin avadanlıq və inventarlarla təchizatı, təlim-tərbiyə prossesi zamanı mövcud təlimatlara, tədris proqramlarının tələblərinə əməl olunmasının vəziyyəti, uşaqların qidalanması, ən əsası isə pedaqoji işçilərin yerləşdirilməsi və bu gün bir çoxlarını narahat edən məsələ olan bağçalara uşaqların qəbulunun şəffaf, neqativ hallara yol verilmədən aparılması müzakirə olunub.
Rəhbər işçilərə məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulunda neqativ hallara yol verilməməsi ilə bağlı ciddi xəbərdarlıq edilib. Bildirilib ki, qəbul məsələlərində nəzarətə götürülüb və bağçalara qəbulun elektronlaşdırılması işləri artıq bu ilin sonuna kimi həyata keçiriləcəkdır. Bu istiqamətdə işlər davam edir.