Vaxt.Az

“Rusiya müharibəyə qatılmayacaq”


 

Ekspert: “Gümrüdəki baza Ermənistanı qoruyur”

“Rusiya müharibəyə qatılmayacaq” “Rusiyanın Gümrüdə yerləşən bazası bu dövlətin NATO sərhədlərində mövcud olan hərbi təminatlarından biridir. Ona görə, şimal qonşumuz mütəmadi olaraq burada özünün silahlı qüvvələrini gücləndirir, yeni texnikalar yerləşdirir”.

Bu barədə Modern.az-a Rusiyanın Ermənistandakı hərbi bazasının gücləndirməsinin pərdəarxası məqamlarını izah edərkən “Azeri Defence” hərbi-texnoloji jurnalının təsisçisi və baş redaktoru, hərbi-jurnalist  Rəşad Süleymanov danışıb. O qeyd edib ki, Rusiyanın tək Gümrüdə deyil, digər zonalarda yerləşən hərbi bazaları da daim yenilənir:

“Düşünürəm ki, bu bazanın gücləndirilməsinin Azərbaycana qarşı hər hansı bir təhlükəsi yoxdur. Hərbi baza Ermənistanı qorumaq məqsədi daşıyır. Azərbaycanın isə Ermənistana hər hansı ərazi iddiaları, torpaq əldə etmək fikri yoxdur. Biz sadəcə öz işğal olunmuş torpaqlarımızı geri qaytarmağa, ərazi bütövlüyümüzü təmin etməyə çalışırıq. Rusiya da Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ona görə düşünmürəm ki, Qarabağda savaş zamanı Rusiya hərbi bazaları istifadə ediləcək.

Bütün bunlara rəğmən Rusiya hərbi bazasının silahlanması zamanı köhnəlmiş texnikalar Ermənistan silahlı qüvvələrinə və Ermənistan-Rusiya birgə əməliyyat briqadasına verilir. Hətta 2006-cı ildən başlayaraq, hər il müəyyən sayda hərbi texnikanın Gümrü bazasından çıxarılaraq, Ermənistan Müdafiə Nazirliyinin sərəncamına verilməsinin şahidi oluruq. Bu proses birgə əməkdaşlıq, hərbi yardım proqramları çərçivəsində həyata keçirilir”.

Rusiyanın Gümrü bazasının gücləndirməsinin Azərbaycan-Türkiyə yaxınlaşmasına siyasi mesaj olduğu barədə iddialara gəlincə, R. Süleymanov bununla razılaşmayıb. O hesab edir ki, Rusiyanın Azərbaycan –Türkiyə hərbi birliyinə, birgə hərbi təlimlərinə cavab olaraq, Ermənistandakı hərbi bazasını gücləndirməsinin məntiqi əsası yoxdur:

“Çünki hər bir ölkə öz ordusunu, hərbi bazalarını  gücləndirmək məqsədi güdür. Azərbaycanın isə hər hansı bir dövlətin hərbi yardımına ehtiyacı yoxdur”.

 





25.04.2019    çap et  çap et