Vaxt.Az

Fitrətilə böyük ədib...


 

... mühazirələrilə “lokal” auditoriya, şəxsiyyətilə qlobal HƏYAT dərsləri Müəllimi!

Fitrətilə böyük ədib... Bu “fani” dünyada çox şeyə “ani”liklə nail olmaq mümkün, bütöv ŞƏXSİYYƏT “inşa”sınasa, addım-addım, qram-qram, qıdım-qıdım...

Bu saysız bədii obrazlar müəllifinin qələm-kağızsız yaratdığı bu avtoobrazı haqda sözümə “giriş” kimi, 70 illik yubileyində həmkarlarından birinin çıxışından bir cümləni seçdim: “Bizim çoxumuz zamanın havasına uyduq, ad-sanımızı qoruya bilmədik, İsmayıl Şıxlı isə bu adı ürəyi kimi – tər-təmiz saxladı!..”

 

Bəli...

 

Tariximizin “sovet dövrü” dönəmində “dovşana qaç, tazıya tut”, “dünyanın düz vaxtları” kimi siyasi atmacalar, “bu dünyanın herti-pertisinə lənət!” formullu “sətiraltı”larla bahəm, ovaxtlarçün dəvədə buynuz təəccübündə səslənən “kristal adam” tərkibli təyini söz birləşməsi də eşidərdik ki, bu şərəfi, o altı-yeddi milyonluq kommunizm əhalisi içərisində, olsa-olsa, yeddi-səkkiz adam daşımış olardı.

Onlardan biri – o illər dillərinin “pıçı-pıçı” əzbəri “V.İ.Lenin (!) adına APİ”-nin “nəfs peyğəmbəri” ayamalı İsmayıl müəllim idi.  

O dövrün ali məktəb tələbələrinin hər birinin ayrılıqda öz “ideal müəllim”i olsa da, İsmayıl müəllim hamı üçün ortaq “İdeal Pedaqoq” sayılırdı...

Hər tələbə onu öz diapazon-səviyyəsiycə anardı: “Böyük Turanlı”, “Bütöv Azərbaycanlı”, “Şanlı qazaxlı”.

O, biz tələbələrçün möhtəşəm “Dəli Kür”ündəki “qıllı qaşlar”, “həbəşi dodaqlar” kimi kolorital ifadələri, cahanşümul Cahandarı ilə doğal Sənətkar, əsl milli ziyalılığı, əfsanəvi nəfs təmizliyilə özgür Şəxsiyyət imic-obrazında idi.

 

Təəssüf –

 

demək olar, bütün digər sənət-peşə adamlarına mükəmməl bədii can vermiş “yazıçı İsmayıl” bu dünyadan “Müəllim İsmayıl”ı ehtiva edən tay-tutumlu bir obraz işləmədən getdi... 

Bu heynidə ərz edək ki, hər cür təsvir-təfsir imkanlarına (və səlahiyyətlərinə!), fırçalara üstün nisbət rənglərə, “olan”lardan çox “ola bilən”lər səltənətinə sahib Qələmin küll-Azərbaycan mənsubları da hələ bu ali adamın milli ləyaqətə mindirdiyi Müəllim obrazını adekvat reallıqla yarada bilməyib.

Əslində, bu, o qədər də asan yaradıcılıq işi deyil. Bu tutumlu bədiinaməlik – uzun illərin maarif-tarif “taksa”xanasında tam “kristal” qala bilməklik, çoxu maddiyyata, azı mənəviyyata möhtac olan o çağ tələbələri qarşısında “mövzudankənar söhbətlər”i yalnız halallıq, milli vicdan, saf sələflər bağrından qopmuş dastanlar, Haqq aşıqları dil-ağzından süzülmüş ustadnamələr üstdə qurub, açıq alın, uca səslə dərs deyə bilməklik qədər çətin bir iş...

 

O vaxtlar –

 

yüksək qonorar, təltif-mükafat şirnikləndirmələri hesablı təbliğat yağışlarına çıxıb yarışan göbələk saylı yazanlar, yarınma sonucunda yaranan “Seçilmiş əsərlər” kampaniyası dövründə biz hələ bu qəbil-bu qəlib seçilmiş şəxsiyyətlərin hər xalqın ədəbiyyatında barmaqla sayılası qədər olduğundan xəbərsizdik. Amma adları həmin o APİ jurnallarında olmayan tələbələr də yaxşı bilirdi ki, İsmayıl Şıxlı öz mühazirələrinə “legioner” tələbələri də cəzb edən əfsanəvi Əli Sultanlı, Bəxtiyar Vahabzadə, Mir Cəlal, Şirməmməd Hüseynov kimi beş-üç işıq-Müəllimlərdəndir...

Və sən demə, bu ədib öz qələmindən boy verib, milyonlarla oxucu qəlbində reallaşan, səhnələrdə, kino-teleekranlarda həyaticə formalaşan ədəbi-bədii qəhrəmanlarla, müxtəlif formatlı məclislərdə həqqən qazandığı xətir-hörmət, sevgi dolu təəssürat, ehtiram-etimadla öz Obrazını da yaradırmış...

 

Deyirəm...

 

bəlkə onun bu aşırı milli özgürlüyünün, içində bu boyda istedad, gələcək nam-nişanlı görəvlərə namizəd, bu yar-yaraşıqda və xeyli məşhurlaşmış ola-ola, ucqar Kosalar kənd məktəbində müəllim işləməyi “intixab” etməsinin bir şəpəsi də Cümhuriyyət illərimizin birində (1919) doğulmağıyla bağlı imiş? Özü də, adlı-sanlı bir kənd müəllimi ailəsi və “Rus artilleriyasının Allahı” Əliağa Şıxlinski fenomeninin ƏMİliyi haləsində!..

Hələ belə bir zabitəli bir gəncin müharibədə zabit oluban yox, sıravi əsgər kimi döyüşməsi!

Bu məqamda deyim ki, İkinci Dünya müharibəsi İ.Şıxlının tək elə yaradıcılığında yox, şəxsi-psixoloji aləmində də ayrıca bir Obrazdır. Bu müdhiş obrazın “doğuluş” xəbərini ömrünün sonunadək çalışdığı Azərbaycan Pedaqoji İnstitutunun axırıncı kursunda - dövlət imtahanı ərəfəsində eşitmiş ədib yazır: “Yataqxana aşxanasında nahar edirdik. Zarafatlaşmağımız radionun səsini eşidilməz etmişdi. Tələbə yoldaşımız Şəmistan mənə yaxınlaşıb, titrək səslə pıçıldadı: “Müharibə!” Mən bunu uşaqlara dedim, əvvəl-əvvəl inanmadılar. Bir an sonra qaşıqlar əldə, xörəklər qabaqda qaldı. Yeməkxanaya öldürücü bir sükut çökdü...”

...Beş il keçəcək, elə həmin əl yazacaqdı: “Dan yeri təzəcə qızarırdı. Katerin radiosundan Levitanın səsini eşitdim: “Düşmən danışıqsız təslim olmuşdur”. Qaçıb yoldaşlarıma dedim, inanmadılar. Səngərə dərin bir sükut çökdü...”

Yataqxanadakı və səngərdəki o inanmamaqlıq və sükutlardan sonra, bu sənətkarın tam inamlı və hay-haraylı qələbəlikləri başlayır. İyirmi doqquz yaşından APİ-də kafedra müdiri, Azərbaycan Yazıçılar Birliyinin katibi, “Azərbaycan” jurnalının baş redaktoru, Xalq yazıçısı, SSRİ Yazıçılar İttifaqının katibi, Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının sədri, neçə-neçə orden, fəxri fərman, mükafatlar,...

 

Deyirlər...

 

onun apardığı “xüsusi kurs”a sevgisi olmayan tələbələr belə, “İsmayıl Şıxlı hörmət-ehtiramı”ndan yana, dərslərə əla hazırlaşarmışlar.

Ömrü boyu “tələbə payı”, “semestr sezonu”, “qəbul taranı” kimi çirkablardan uzaq olmuş bu Kişi öz halal qonorar-qazancı hesabına (hətta ən yaxın kəslərə də bildirmədən) kaslb uşaqlara təqaüd kəsibmiş.

“Bu ali fəhm, qor istedadla kənd məktəbində necə səbir edirmişsiz” sualını “Başıbəlali şamaxılı” adlandırdığı Zülalinin “Qürbətdə deyirdin, Zülali, vətənim var, Ensin gözünə qarə su, Ağsu vətən oldu!” qürbətnaməsi ilə cavablandırar, Biləcəridən o tərəfi ucqar sayıb, təyinatdan yayınan məzunlarımızın qarasına “oralarla buralar arasında bir vətəndaşlıq-gödəndaşlıq qədər fərq var” deyərmiş. 

Tələbələr onu çox öyəndə, tədris-təhsildən, tələbə-müəllim qarşılığından söz düşəndə dahilərin “Yaxşı ana yüz müəllimə bərabərdir”, “Bu gün hər açılan məktəb, gələcəkdə bir həbsxananın bağlanması deməkdir”, “Yazıq o tələbəyə ki, müəllimini üstələyə bilməyib” kimi postulatları xatırladarmış. 

Belə bir xatirat-epizod da danışırlar ki, günlərin bir günü Qazaxın Qaymaqlı kəndinə gələn əlisilahlı bir dəstənin camaatdan xəncər-tüfəng yağmalamasına etiraz edən bir kəndlinin “sinfi düşmən” adıyla yerindəcə güllələnməsi onun yaddaşına “uşaqlıq illərinə atılmış güllə” kimi həkk olunub...

“Kursumuzda yüz əlli tələbə vardı, yüz əllisi də Əli Sultanlı olmaq istəyirdi” xatirəli bu Müəllimin mühazirə ovsununa düşən tələbələrin hamısı İsmayıl Şıxlı olmaq istəyirmiş...

(Bu son xatiratdan sonra belə bir təəssürat; görəsən, ovaxtlar ona oxşamaq istəyənlər indilər hardadılar?...)

Bu ədibin heç bir leqal dəftər-kitaba düşməmiş bir “baiskar”lığından da danışım. O dövrdə iki yol DTK-ya çağırılmış bir universitet tələbəsinin suç “dosye”sinə “dövrün hadisəsi”, “stolüstü”sü hesab edilən, dalbadal çap edilməsinə baxmayaraq “altdan” satılan “Dəli Kür”ün nədən tələbatdan az nəşr edilməsi” ilə bağlı anti-sovet demaqoqluğunu da əlavə etmişdilər. O tələbədən soruşmuşdular ki, niyə ictimai yerdə (çayxanada!) ağzını allah yoluna qoyub demisən: “Sovet-sosialist bərabərliyi budurmu ki, eyni istedad və zəhmətlə yazılmış “Sakit Don” 8 milyon, “Dəli Kür” isə 80 min tirajla buraxılır?! Şoloxov üç milyon manat qonorar almalıdır, Şıxlı otuz min?!.”

Bu yerdə onun Ruhu qarşısında (ovaxtlar fürsət və cəsarət tapıb ərz edə bilmədiklərimdən ibarət) –

 

Yazılı bir dərscik:

 

İstedadlı yaradılmışların bilavasitə yaratdığı ədəbi-bədii obraz-şəxsiyyətlərlə Yaradanın bilavasitə yaratdığı bəşəri-bəndəvi şəxsiyyətlər arasında fərqlər çoxmuş, İsmayıl Müəllim! Ruhağrısı verməməkçün qısaca deyim ki, birincilərin şöhrəti qələmdən asılı, ikincilərininkisə, taledən. “Birinci”lər sənət məziyyətlərindən yaranırmış, “ikinci”lər həyat əziyyətlərindən. Onların uğuru “kəllə” başlardan çıxırmış, bunların çörəyi zəllə daşlardan. Sayca orduya timsal birincilər, uzaq başı, Don Kixotvarı fabulalanır, nadir sərkərdələrə misal ikincilər isə dünya malına göz yummaq kimi - çox çətin cəbri-nəfslə. Təvazö izninlə əlavə edim ki, hər kəs, o dünyaya hələ demədiyi bir söz, ürəyini aça bilmədiyi bir yar, dadmadığı bir təam, eşitmədiyi haqq-halal bir öygü tamarzılığı ilə gedir. Və məncə (hər millətdə olduğu kimi), bizim ədəbi-ictimai cameədə axıradək anlanılıb-dəyərləndirilməmələri “səbəbilə” ləzzət-izzəti bir qədər də artan halal-ümmət şəxsiyyətlər var (olub və olacaq) ki, onlardan – yuxarıda  “tərəf”ləşdirdiyim “ikincilər” içərisindəkilərdən birincisi Sən!..

 

Yox...

 

Sənin sənətkarlıq portretindən bir yönnü söz aça bilmədim, böyük ədib Şıxlı! Əslində, Azərbaycan qələmçiliyində bu sarıdan (və sıradan) həmişə kasadlıq olub - Füzulinin alınmayan “salam”ından – üzü M.Cəlilin (uşaqlarını qızındırmaqçün) sobaya atdığı əlyazmalarına, günsüz Güneyimizdən – yönü (“xan qalmadı” əvəzinə, “xal qalmadı” kimi gərənaylanan) İrəvan xanlığına, srağagünkü Dərbənd, dünənki Borçalı, Zəngəzur, bugünkü Qarabağ sinədağlarımızdan – qibləsi, M.Arazın “Görüm ayılmasın - gec ayılanlar!” kimi qan-qarğaşalarınadək...

Deməli, sən dediyin (və həyatınla əməllədiyin!) şəxsiyyətlər məsələsi, İsmayıl Müəllim! “Kütlənin 6-ca sıfırdan ibarət dönəmində önünə güclü bir 1 çıxıb, milyonlaşdırmazsa...” mətləbi!...  

Hörmətli müasir tələbə-oxucularasa ərz edim ki, Sənin yaradıcılıq portretindən layiqincə mühazirələmək nə mənlikdir, nə bir qəzet səhifəliyi! Bu, bütöv bir sessiyalıq, ayrıca bir kursluqdur...

 





26.04.2019    çap et  çap et