Vaxt.Az

O “Avtobus”la “Çarəsiz sərnişinlər” gələcək...


 

Sizin, mənim, hamımızın görüb deyə bilmədiklərimiz

O “Avtobus”la “Çarəsiz sərnişinlər” gələcək... “- A bala, ay oğul, ay camaat, bir deyən yoxdu bu avtobus kəndə gedir, ya yox?

- Ehh, əl çək də.

- Ay sizin lap elə...

- Nəəə?”

Oturacaqlardan şığıyan adamlardan qorxan karıxmış sərnişin də hamımızın etdiyini edir – cumur sürücünün üstünə:

“- Adə, elə bil canınızı azar alır kəndə sür deyəndə. Sür e, sür cəhənnəm olaq. Yox e, yoruldum, daha düşməyəcəm. Nə bilmək olar, bəlkə marşrutunu dəyişib kəndə sürəcək...”.

Yeni tamaşa gəlir. Həm də tam başqa bir estetika və yozumda. Yuxarıdakı hissə də o tamaşadan, daha doğrusu, izlədiyim məşq prosesindəndir. Dilxor sərnişinlərin gözümçıxdıya saldığı Kəndçinin (Əməkdar artist Əzizağa Əzizov) sözü olmasın, siz də ona baxanda “Deyəsən, mən bu avtobusda olmuşam axı” deyəcəksiniz. Çünki oradakı mətləblər sizin, mənim, hamımızın görüb deyə bilmədiklərimizdəndir...

Akademik Musiqili Teatr tamaşaçılarına yeni səhnə əsəri tədarükündədir. Maraqlı, zamanla səsləşən, çağdaş teatr-tamaşaçı dialoquna hesablanan əsər bolqar yazıçısı Stanislav Stratiyevin məşhur “Avtobus”udur. O əsər ki, müxtəlif teatr cərəyanlarını təbliğ edən, fərqli poetikalarda olan bir neçə teatrda uğurlu səhnə həyatı yaşayıb. Musiqili teatrda pyesə Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə quruluş verir.



Rejissor əsərin tamaşa həllini “Çarəsiz sərnişinlər” adlandırıb. Onu da deyim ki, bu əsər “Nuri-didə Ceyhun” tamaşasından sonra rejissorun Musiqili teatrda ikinci işidir. Janr etibarilə alleqorik, ekssentrik və ya təxəyyül komediyasının xüsusiyyətlərini daşıyan tamaşanın qeyri-adi süjet xətti var. “Yolçuluq”, “Sərxoş gecə”, “Çıxış yolu” adlı 3 hissəyə bölünəcək tamaşada hadisələr avtobusun içərisində cərəyan edir. Məcburiyyət qarşısında bir araya toplaşan sərnişinlər qəfildən duyuq düşürlər ki, sərxoş bir sürücünün iradəsindən asılı vəziyyətdə qalıblar. Bəlli olmayan ünvana, məqsədi və məramı aydın olmayan sürücü ilə eyni avtobusda, eyni taleni yaşamağa məhkum olan sərnişinlər çarəsiz halda həyatın bu sürprizinə “sağ qalmaq” naminə sonadək müqavimət göstərirlər.



Bu müqavimətdə birlikdə yol gedənlər Xalq artisti Pərviz Məmmədrzayev (Virtuoz), əməkdar artistlər Əzizağa Əzizov (Kəndçi), Ələkbər Əliyev (Ağılsız), Şövqi Hüseynov (Ağıllı), Əkbər Əlizadə (Məsuliyyətsiz), aktyorlar Əliməmməd Novruzov (Ər), Ülviyyə Əliyeva (Arvad), Aydan Həsənova (Qız), Nicat Həbibov (Oğlan) ifa edəcəklər. Tamaşanın musiqi tərtibatçısı və quruluşçu dirijoru Orxan Həşimov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur.

Əsərin adı ilə yanaşı, janrına, üslubuna da əl gəzdirən rejissor onu musiqili tragikomediya kimi təqdim edəcək.



Əslində, yenə də insan faktoru, onun azadlıq, həyat, münasibətlərlə bağlı təyinləri önə çəkilib. Yəni hər hansı formasiya, hər hansı ideoloji təsisat yox, insanın fərd olaraq cəmiyyətə, bəşəriyyətə münasibəti önə çəkilib. Rejissor bir növ hər kəsə özünə yenidən baxış istəyən bu tamaşaya immersiv (çoxistiqamətli) bir forma seçib. Bunu fasilə zamanı izah verən rejissor deyir: “Tamaşanı bütövlükdə tragifars formata gətirib çıxarmaq fikrindəyəm. Üstəgəl, musiqili tragifars. Səhnə işi insanlara ayılın, özünüzə baxın və bu yer üzü hamımıza yaşamağa bəs edəcək deyəcək”.

Rejissordan bu ağır mövzunu Musiqili teatr estetikasında hansı rəngarənglikdə işləyəcəyini də soruşdum. Ən əsası isə aktyorların oyun üslubu, yeni formaya uyğunlaşma mexanizmləri maraqlı idi: “Dünənin Musiqili Komediya Teatrı əgər bu gün Akademik Musiqili Teatr olubsa, əgər burada absurd, mistik tamaşalar belə musiqi həlli ilə birləşib yeni “izm”lərə qol qoyursa, bu, teatrın inkişaf mərhələsinə keçməsi deməkdir. Teatr rəhbərliyi ənənəvi repertuarla yanaşı bu janrlara, eləcə də yeni üslublara müraciətin tərəfdarıdır və biz də çalışacağıq ki, onun bu teatra uyğun səhnə həllinə gətirilməsinə nail olaq. Çünki teatrlar çərçivədən çıxmalı, fərqli islahatlar tətbiq olunmalıdır. Qeyd edim ki, tamaşada məşğul olan bütün heyət yeni baxışlara, üslublara açıqdır və biz məmnuniyyətlə bu işi görürük”.



Mehriban xanım onu da deyir ki, bu teatrda müzikldən tutmuş tragifarslara qədər gedib çıxmaq olar: “Çünki teatr təsisatı çərçivəni qəbul etmir. Təbii ki, teatrın öz strategiyasında tamaşaçıya hesablanan nümunələr də olmalıdır və bu teatrın repertuarında onlar yetəri qədərdir”.

Rejissor aktyor seçimi, rol bölgüsündən də danışdı: “Burada iki dəvətli aktyorumuz var – Şövqi Hüseynov və Pərviz Məmmədrzayev. Qalanları teatrın öz aktyorlarıdır və yetərincə işlək, məsuliyyətli və istedadlı ifaçılardır. Çox düşündükdən sonra seçim etmişəm və onlarla iş məni qane edir”.



Hadisələr avtobusda cərəyan etdiyindən rejissorun aktyorları yüksək dinamikaya kökləməsi vacibdir. O da bu məqam üzərində xüsusi dayanıb. İzlədiyim 2-3 parçanın hər birində daim hərəkət vardı. Bədən və mimikalar işlək, temp yüksəkdir. Təbii ki, əksi mümkün də deyil. Çünki mətndəki ağırlıq və məkandakı məhdudluq buna adekvat hərəkətlilik tələb edir. Rejissor deyir: “Heç də statik məkan olmayacaq. Sağa, sola istiqamətini tez-tez dəyişən avtobusumuz olacaq. Bütün imkanlardan istifadə edərək dekorasiyanın özünü işlək edəcək, temporitmə uyğunlaşdıracağıq. O ki qaldı aktyor plastikasına, təbii ki, hərəkətsizlik mümkünsüzdür. Daxili dinamika çox güclüdür və bu olmasa, tamaşa alınmayacaq”.



Canlı musiqi olaraq orkestrin ifasından istifadə olunacaq. Rejissorun dediyinə görə, ikinci hissəyə keçiddə orkestr önə keçəcək və tamaşaçılar aktyorlar səhnədə olmadan, musiqinin sədaları altında həmin doqquz dəqiqəlik fasiləni keçəcəklər: “Sonra aktyorlar gələcək və beləcə, süjet xəttimiz parçalanmadan davam edəcək. Virtuozun (P.Məmmədrzayev) solo ifası, Qızın (A.Həsənova) vokal performansları maraqlı olacaq. Yəni musiqi tamaşada bir obraz kimi çıxış edəcək – musiqili tamaşalarda, müzikllərdə olduğu kimi”.

Fərqli münasibətlərin musiqili həllini tapdığı tamaşanın nə zaman hazır olacağına gəlincə, rejissor prosesin uzun çəkməyəcəyini dedi.

 





26.04.2019    çap et  çap et