Vaxt.Az

“Bir kəmər, bir yol”un Azərbaycan hissəsi..


 

Dünyanın əməkdaşlıq xəritəsini dəyişəcək güc

“Bir kəmər, bir yol”un Azərbaycan hissəsi.. Aprelin 26-da Pekində 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu keçirilib. Forumda 37 dövlət və hökumət başçısı, beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər. Builki Foruma Azərbaycan, Rusiya, Pakistan, Qazaxıstan, Avstriya, Belarus, Çexiya, Yunanıstan, Macarıstan, İtaliya, Serbiya, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrin liderləri qatılıblar.

Çin “bir kəmər, bir yol” strategiyasını 2013-cü ildə irəli sürüb. Strategiya tarixi İpək yolunun yeni variantda bərpası ilə Çinin Avropa və digər dünya ölkələri ilə iqtisadi əməkdaşlığının genişləndirilməsini nəzərdə tutur. Çin hökuməti müxtəlif ölkələrin strategiyanın icrasına cəlb olunması istiqamətində aktiv siyasət yürütməkdədir. Ayrı-ayrı ölkələrə maliyyə-iqtisadi dəstəyin göstərilməsi bu siyasətin əsas tərkib hissəsidir. 2013-2018-ci illərdə “bir kəmər, bir yol” strategiyasının əhatə etdiyi ölkələrlə Çin arasında ticarət dövriyyəsinin ümumi məbləği 6 trilyon ABŞ dollarını ötüb.

Çinin irəli sürdüyü “bir kəmər, bir yol” təşəbbüsünü 150 ölkə, o cümlədən müxtəlif beynəlxalq təşkilatlar dəstəkləyir. Bu o deməkdir ki, faktiki bu təşəbbüs dünyanın əməkdaşlıq xəritəsini dəyişmək gücündədir. Aydındır ki, bu layihənin reallaşmasında maraqlı olan əsas ölkə Çindir.

Birincisi, Çin bu təşəbbüs vasitəsilə dünya bazarlarına daha çox mal nəql etmək imkanına malik olur.

İkincisi, Çin “bir kəmər, bir yol” təşəbbüsü vasitəsilə müxtəlif qitələrin müxtəlif ölkələri ilə daha sıx əlaqələrə malik olacaq. İqtisadi və ticarət əlaqələri siyasi əlaqələri də gücləndirəcək. Məsələn, Çin lideri Pekindəki konfransdan əvvəl Avropa ölkələrində olmuşdu, İtaliya və Fransa ilə milyardlarla dollarlıq müqavilələr imzalanmışdı.

Cənubi Qafqaz ölkələrindən tədbirə Azərbaycan prezidenti İlham Əliyev dəvət edilib. Çünki Azərbaycan gələcəkdə “bir kəmər, bir yol” təşəbbüsünün bir parçasına çevriləcək. Təsadüfi deyil ki, Azərbaycan prezidenti ilə görüşdə Çin Xalq Respublikasının Sədri Si Cinpin belə bir ifadə işlədib: “Azərbaycan Avrasiya məkanında əməkdaşlıq üzrə Çinin əsas tərəfdaşlarından biridir. Azərbaycan Böyük İpək Yolu üzərində yerləşir və bu yolun bərpasında təbii tərəfdaşdır”. Çin lideri eyni zamanda “bir kəmər, bir yol” layihəsi çərçivəsində Trans-Xəzər nəqliyyat dəhlizinin əhəmiyyətini qeyd edib.

Çin liderinin sözlərindən çıxan nəticə budur ki, Çin gələcəkdə Mərkəzi Asiya, Xəzər dənizi və Azərbaycan üzərindən dünya bazarlarına daha çox mal daşımağı planlaşdırır. Rəsmi Bakı illərdir buna çalışır. Rəsmi Bakı Çinin Ələt limanından və Bakı-Tbilisi-Qars dəmiryolundan istifadəsini istəyir. Çin Azərbaycan üzərindən mallarının nəqlinə başlasa da, yüklərin həcmi hələ yüksək deyil. Pekin sanki bu marşruta bir az ehtiyatla yanaşır. Ancaq Çin liderinin son açqılamasından sonra Pekinin artıq Azərbaycanın nəqliyyat imkanlarından istifadəyə artıq qərar verdiyini söyləmək mümkündür. Çin mallarının 5-7 faizini Azərbaycan üzərindən Avropaya daşımağa qərar versə, bu həm Ələt limanının, həm də Bakı-Tbilisi-Qars dəmir yolunun kifayət qədər yüklənməsinə və Azərbaycanın gəlirlərinin artmasına imkan verəcək. Bunun Azərbaycan üçün siyasi əhəmiyyəti də var. Azərbaycanın Avrasiya bölgəsindəki rolu artacaq.

İlham Əliyev Çində bu ölkənin müxtəlif rəsmiləri və şirkət rəhbərləri ilə də görüşdü. Səfər nəticəsində iki ölkə arasında 821 milyon dollarlıq 10 müqavilə imzalanıb. Çin investorları Azərbaycana 800 milyon dollardan çox sərmayə qoyublar. Azərbaycanın Çin iqtisadiyyatına yatırdığı investisiyaların həcmi isə 1,7 milyard dollar təşkil edir. İki ölkə arasında sənaye, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, humanitar sahələrdə əlaqələr genişlənir. Çin Azərbaycanda sənaye parklarının yaradılmasına maraq göstərir.

İlham Əliyev səfər çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə də görüşdü. Prezidentlər iki ölkə arasında artan iqtisadi və ticarət əməkdaşlığından məmnun qaldıqalarını söylədilər. Ticarət mübadiləsi 2.5 milyard dollara çatıb. Bu görüşdə səslənən digər xəbər odur ki, avqust ayında Rusiyada növbəti Rusiya-Azərbaycan-İran sammiti keçirək. Bu sammitdə də əsas mövzulardan biri nəqliyyat xətlərinin istifadəsi olacaq. Ancaq bu görüş İran üçün ağır bir dövrə də təsadüf edəcək. ABŞ mayın 2-dən başlayaraq İrandan neft alan ölkələrə qarşı da sanksiyaların tətbiqinə başlayacaq. Bu səbəbdən İran üçün qonşularla iqtisadi və siyasi əlaqələri gücləndirmək və birgə layihələrdə iştirak etməyin əhəmiyyəti artır. (“Atlas” Araşdırmalar Mərkəzi)

 





26.04.2019    çap et  çap et