Vaxt.Az

Müxalifət yeni lider axtarmır, amma...


 

Əli İnsanovun sərt çıxışlarını şərh edən ənənəvi müxalifət funksionerləri düşünür ki, ...

Müxalifət yeni lider axtarmır, amma... Hazırda həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun hakimiyyətə qarşı kəskin mövqe nümayiş etdirməsi iqtidarın ona qəzəbini, müxalifətin isə dəstəyini artırıb. Ölkənin aparıcı müxalifət partiyalarının rəhbərliyinin Əli İnsanova dəstəyi o dərəcədə açıq şəkildə artıb ki, onlar sabiq nazirin məhkəməsində şəxsən iştirak etdilər.

Baş verənlər cəmiyyətdə və siyasi çevrələrdə belə rəy yaradıb ki, ənənəvi müxalifət qüvvələri ilə Əli İnsanovun hakimiyyətə qarşı mübarizədə koalisiyası meydana gələcək. Hətta demokratik düşərgənin sabiq nazirin liderliyi altında hakimiyyət uğrunda mübarizə aparacağını düşünənlər də var. İnsanlarda belə düşüncənin yaranmasında keçmiş təcrübələr də rol oynayır. Ənənəvi müxalifət indiyə qədər bir neçə dəfə düşərgədən kənar şəxsi faktiki olaraq lider kimi qəbul edib və hər şey həmin şəxsin üzərində qurulub. Misal kimi 2005-ci ildə Rəsul Quliyevin, 2013-cü ildə Rüstəm İbrahimbəyovun ənənəvi müxalifətin lideri statusunu qazanmasını göstərmək olar. Ona görə də cəmiyyətin müəyyən kəsimində növbəti mərhələdə bu statusun Əli İnsanova veriləcəyi düşüncəsi var.

Bu mövzuda söhbət etdiyimiz ənənəvi müxalifətin iki əsas partiyasının təmsilçiləri isə başqa yanaşma ortaya qoydular.

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı hesab edir ki, çox qabağa gedən fikirlər söyləməyə ehtiyac yoxdur: “Əvvəla, onu qeyd edim ki, indi həbsdə olan Əli İnsanov səhiyyə naziri və YAP sədrinin müavini olmuş Əli İnsanov deyil. Artıq Əli İnsanovun məhkəmədəki çıxışlarından da açıq hiss olunur ki, o, tamamilə dəyişib. Amma Əli İnsanov hələ siyasətdə yetişmiş insan deyil. Ona görə də mən şəxsən deyirəm ki, Müsavat Partiyasında Əli İnsanovu siyasi lider kimi qəbul eləmək məsələsi hələ müzakirə olunmayıb. Güman eləmirəm ki, belə müzakirələr olsun. Amma müxalifətin müxtəlif zamanlarda razılığa gəlib düşərgədən kənarda olan bir insanı lider kimi irəli vermək təcrübəsi tək Azərbaycanda deyil, çox ölkələrdə tətbiq olunan haldır. Belə nümunələr çoxdur. Ancaq məncə, artıq Azərbaycanda həmin mərhələ keçib. Çünki Azərbaycanda sonuncu prezident seçkilərində də məlum oldu ki, ən layiqli vahid namizədlə belə, indiki şərtlər daxilində seçkilərdə qələbəni reallaşdırmaq mümkün deyil. Ona görə də situasiyanı dəyərləndirib ona uyğun hərəkət etmək lazımdır. Ən əsası xalqla birləşməkdir, xalqın yanında olmaqdır. Bu istiqamətdə də Müsavat Partiyası öz addımlarını atır”.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, Əli İnsanov hüquqları pozulan şəxs, hakimiyyətin qisasçılığının hədəfi olan şəxs kimi müdafiə olunur. Kimliyindən asılı olmayaraq, ədalətli mühakimə hüququ pozulan, hakimiyyətin repressiyasının qurbanı olan şəxslər məhz hüquqi müstəvidə müdafiə olunmalıdır və olunur: “Bu gün Əli İnsanov da bizim tərəfimizdən məhz hüquqi müstəvidə müdafiə edilir. Yəni onun normal-ədalətli mühakimə haqqı tanınmalıdır. Ona qarşı irəli sürülən ittihamlar siyasi xarakterlidir, heç bir hüquqi əsası yoxdur. Əli İnsanovla bu gün hər hansı siyasi koalisiya və ya siyasi əməkdaşlıq məsələləri müzakirə olunmur. Onun özünün də indiki şəraitdə siyasi fəaliyyət göstərmək imkanları yoxdur və belə bir niyyətinin olduğunu da bəyan eləməyib. Ona görə də hüquqi və mənəvi baxımdan bizim ona göstərdiyimiz münasibətin bu gün siyasi çalarlı olduğunu düşünmürəm. Yəni AXCP və Milli Şura tərəfindən bu gün Əli İnsanova ifadə olunan dəstəkdə siyasi çalar yoxdur. Dəstəyimiz sırf hüquqi, mənəvi baxımdan onun hüquqlarının qorunması məqsədi daşıyır. Avropa Məhkəməsinin də Əli İnsanovla bağlı qərarı var. Bu onu göstərir ki, Azərbaycanda Əli İnsanovun hüquqları tapdanır”.

 





28.02.2014    çap et  çap et