E.Milli bildirib ki, hər bir liderin ən böyük uğuru vaxtında vəzifəsindən getməkdir və arxasında elə bir komanda qoymaqdır ki, o komandanın artıq sənə ehtiyacı olmasın və onlar sənsiz də işləri davam etdirə bilsinlər və daha da uğurlu olsunlar:
“Düzdür risklər var, amma sən getməsən, buna cəhd etməsən, inkişafa də imkan verməyəcəksən və nə qədər uğurlu olduğunu heç vaxt bilməyəcəksən.
Meydan TV Azərbaycanda ən uğurlu layihələrdən biridir. Meydan TV-nin bir-iki milyon izləyicisi var, ən etibarlı məlumat mənbəyidir, insanların gündəlik problemlərinin həlli üçün də Meydan TV bir ümid yerinə çevrilib.
Bu layihə şəxsən mənim üçün çox böyük və qürurverici idarəçilik təcrübəsi oldu.
Bu uğur ilk növbədə bizim cəsarətli jurnalistlərimizin, redaktorlarımızın, işçilərimizin zəhməti və verdikləri qurbanların hesabına mümkün olub”.
E.Millinin sözlərinə görə, Meydan TV-nin maliyyə problemləri olduğu haqda yayılan məlumatlar tam yalandır: “Bu 6 ildə Meydan TV-də heç bir korrupsiya ya yeyinti halları olmadığı üçün bizim beynəlxalq donorlar arasında ən təmiz imicimiz olduğu üçün, uğurlu layihə olduğumuz üçün bizim elə bir problemimiz də yoxdur.
Çox istəyirik ki, saytımıza daxil olub daha çox ianələr verəsiniz ki, daha çox işlər görə bilək, xalqın səsi daha da ucadan gəlsin, amma bu genişlənmək və güclənmək üçün lazımdır. Heç kim bu məqamları səhv salmasın.
Bu illər ərzində bizi və məni dəstəkləyən hər kəsə bir daha səmimi olaraq təşəkkür edirəm! Bizi bir çox çıxılmaz vəziyyətlərdən çıxarda bildiniz, biz də Sizlərin hesabına mümkünsüzü mümkün etdik, bağlı bir ölkədə azad media qura bildik.
Bundan sonra işsiz olacam, iş axtaracam və düşünəcəm ki, Azərbaycan üçün, xalqımız üçün, cəmiyyətimiz üçün necə faydalı ola bilərəm.
Bu dünyada harda işə düzələcəyimdən və ya hansı yeni iş/layihə quracağımnan asılı olmayaraq hər zaman olduğu kimi Azərbaycana, xalqıma, dövlətimə xidmət edəcəm”.