Vaxt.Az

“Dini bilikləri dövlət verməsə, başqaları verəcək”


 

Komitə rəsmisi ajiotaj yaradanları sakitliyə çağırdı

“Dini bilikləri dövlət verməsə, başqaları verəcək” “Din və təhsil məsələsində beynəlxalq təcrübədə əsasən 3 termindən (anlayışdan) istifadə edilir:

1. Dini tərbiyə;

2. Dini təhsil;

3. Dinlə baglı tədris.

Dini tərbiyəni yalnız ailə verə bilər, dövlət dini tərbiyə verə bilməz. Dini təhsili dini təhsil ocaqları verir, dövlət dini təhsil verə bilməz. Amma dövlət dinlə bağlı tədrisi həyata keçirə bilər”.

Vaxt.az-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov növbəti ildən ali təhsil ocaqlarında və orta məktəblərdə dini dərslərin keçiriləcəyi barədə xəbərləri şərh edərkən bildirib.

Komitə rəsmisi həmin 3 anlayışın izahını da verərək, məktəblərdə dinin tədris olunacağı xəbərindən ajiotaj yaradan insanları sakitləşməyə çağırıb:

“Dinlə bağlı tədris dinin yox, şəriətin yox, dini biliklərin verilməsini nəzərdə tutur və bu, nə dünyəviliyə, nə də Konstitusiyaya ziddir. Orta məktəblərdə riyaziyyat, fizika, ədəbiyyat və s. tədris edilir. Məqsəd hamını riyaziyyatçı, fizik, ədəbiyyatçı etməkdirmi? Yox! Riyaziyyatçı, fizik, ədəbiyyatçını ali məktəb yetişdirir. Orta məktəb riyaziyyat, fizika, ədəbiyyatla bağlı zəruri bilikləri verir. Dinlə bağlı tədrisin də məqsədi hamını dindar və ya din adamı etmək deyil. Sadəcə, dinlə bağlı minimum biliklər verməkdir. Bu bilikləri dövlət verməsə, başqaları verəcək, amma dövlətin maraqlarına zidd şəkildə.

Artıq prosesə baslanılıb. Orta məktəbdə “Həyat bilgisi” fənni tədris edilir. Onun bir məqsədi də dini bilikləri verməkdir. Burda pis nə var ki?! Yaxud burda başa duşulməyəcək nə var ki?!”.

 





30.04.2019    çap et  çap et