Vaxt.Az

“İran parçalanar, dağılar ...”


 

Rejim gözlənilən etirazları yatırmaq üçün xaricdən silahlı dəstələr gətirir

“İran parçalanar, dağılar ...” İran hakimiyyəti ölkədə baş qaldıra biləcək mümkün kütləvi etirazları yatırmaq üçün xaricdən şiə silahlı qruplaşmaları gətirir. Bu məlumatı “Amerikanın səsi”inə “Güney Azərbaycan Milli Oyanış Hərəkatının” (GAMOH) üzvü Elyar Makuyi verib.

Onun sözlərinə görə, 2017-ci ilin son günlərində İranda iqtisadi vəziyyətə etiraz olaraq başladılan nümayişlər İran hakimiyyəti üçün gözlənilməz deyildi.

“Təbii ki, rejimin də araşdırmaları var və bilirdilər ki, millət maddi olaraq çox pis durumdadır. Amma əllərindən də bir iş gəlmir... Öz aralarında ixtilafları var. Millətin dərdini düşünməkdənsə bu ixtilaflarla məşğul olurlar. Populist şüarlar səsləndirirlər”, Makuyi bildirir.

GAMOH üzvü deyir ki, bundan əvvəl etiraz aksiyalarının İran vilayətlərində yayılması nəzarətin hakimiyyətin əlindən çıxması mənasını vermirdi: “Mən belə düşünürəm ki, hakimiyyətin də bu etirazlarda rolu var idi. İstəyirdilər millət nəzarət olunmuş şəkildə çıxsın və etiraz etsin. Çünki onsuz da millətdə güclü etiraz potensialı var idi”.

İranda əhalinin sosial-məişət şəraitinin günbəgün ağırlaşdığına diqqət çəkən Elyar Makuyi deyir ki, hakimiyyət əhalini durumun bundan daha pisə gedəcəyindən qorxudur:

“Toplumda bəzi kəsimlər də var ki, durumlarından razıdırlar, ya da mövcud durum bundan daha pis olmasın deyə etirazlara qatılmırlar. Təbii ki, rejim də psixoloji olaraq millətin üzərində çalışır. Ay biz Suriya olarıq, ay biz İraq olarıq, ay İran parçalanar, dağılar! Belə-belə sözlərlə toplumu kontrol altında saxlayırlar və qorxudur”, - o deyir.

Bir müddətdir ki, İslam hakimiyyətinin ölkə xaricində dəstəklədiyi bəzi qüvvələr, o cümlədən İraq şiələrinin təşkil etdiyi “Haşdi Şabi” qüvvələri sel fəlakətinin baş verdiyi bölgələrdə görünürlər.

İran rəsmiləri onların xəsarət alan əhaliyə yardım üçün gəldiyini bildirir. Elyar Makuyi isə hesab edir ki, bu qüvvələr xüsusilə ərəblərin yaşadığı bölgələrdə ortaya çıxa biləcək kütləvi etirazları yatırtmaq üçün İrana gətirilib.

Xatırladaq ki, İranda təxminən bir ay əvvəl baş vermiş və günlərlə davam edən sel daşqınlarında 100-ə yaxın insan həyatını itirib, minlərlə yaşayış məntəqəsi su altında qalıb. İqtisadiyyata milyardlarla dollar ziyan dəyib.

 





30.04.2019    çap et  çap et