Maraqlıdır, din dərsləri tədris olunmalıdırmı? Əsasən hansı formada tədrisin aparılması məqsədəuyğundur?
Mövzunun aktuallığını nəzərə alaraq Milli Məclisin deputatlarının fikirlərini öyrənməyə çalışdıq.
Fazil Mustafa düşünür ki, multikulturalizm adı ilə dinin tədris edilməsi normaldır:
“Dinlərarası münasibətlərə aqressiv formada yanaşmamaq, yaxud da, daha humanizm yanaşma üçün dində olan müsbət təzahürlərin uşaqlara öyrədilməsinin heç bir zərəri yoxdur. Sadəcə, bunun ayrıca din dərsi kimi uşaqlara keçirilməsi məqsədəuyğun deyil. Multikultural formada keçirilməsi daha məqsədəuyğundur. Bu yolla başqa dinlərə münasibətdə insanların daha tolerant yanaşmasını təmin etmək olar. Təbii ki, İslam dininin də zəruriliyi göstərilməlidir. Qətiyyən İslam tarixi ilə bağlı müqayisəli məqamlara yol vermək olmaz. Hansısa müzakirələrin aparılmasına imkan yaratmaq doğru deyil. Tarixdə o qədər ziddiyyətlər var ki!. Çalışmalıyıq ki, bunu Azərbaycan əhalisinin müəyyən formatına uyğunlaşdıraq. Hansısa ölkələrin ideologiyasının təbliği məsələsi gündəmdə olmamalıdır. Dini tədrisin ayrıca multikultural ad altında keçirilməsi normaldır”.
Kamilə Əliyeva dini dərslərin ayrıca fənn kimi tədris edilməsinin əleyhinə olduğunu deyib:
“Mübariz müəllimin dediyi kimi, bu, ayrıca fənn olmayacaq. Bildiyiniz kimi, orta məktəblərdə “Həyat bilgisi” fənni tədris olunur. Həmin fənnin içərisində dünya dinləri barədə məlumat verilirdi. Sadəcə, bir o qədər də geniş deyildi. Güman ki, Təhsil Nazirliyi proqramda dəyişiklik etməklə uşaqların bir az da geniş bilgi almasına yardımçı olacaq. Əgər uşaq məktəb yaşından müəyyən bilgilərə sahibdirsə, bu müsbətdir. Güman etmirəm ki, İslam dini, yaxud da, dinşünaslıq fənni ayrıca fənn kimi tədris olunsun. Ayrıca fənn kimi tədris edilməsinin mən də əleyhinəyəm. Axı, orta məktəblərdə dindar yetişdirmirik. Ümumi “Həyat bilgisi” olduğuna görə, bu mövzular haqqında daha geniş məlumatlar veriləcək. Dinlərin tədris olunması uşaqları gözüaçıq edəcək ki, onlar pis vərdişlərə uymasınlar, təsir altına düşməsinlər. Bu mənada təklifi alqışlayıram. Dərsliklər sadə və anlaşıqlı dildə yazılmalıdır. Həmçinin, uşaqların yaş psixologiyasına uyğunluğu da nəzərə alınmalıdır”.
Asim Mollazadə din dərslərinin tədris olunmasında ciddi problem görmədiyini bildirib:
“Ümumi formada bütün dinlərlə bağlı bilik verilə bilər. Bütün dövrlərdə buna bənzər dini tədris olub. Ona görə də Mübariz Qurbanlının dediklərində qəbahətli nəsə görmürəm”. (modern.az)
Namidə BİNGÖL