İlham Əliyev qeyd edib ki, istehlak qiymətlərinə daim nəzarət olmalıdır: “Ölkəmizdə makroiqtisadi vəziyyət sabitdir. İnflyasiya aşağı səviyyədədir – 2 faizdən bir qədər çoxdur. Manatın məzənnəsi sabitdir. Belə olan halda, əlbəttə ki, süni qiymət artımına yol vermək qətiyyən olmaz”.
Prezident bəzi məhsulların qiymət artımının mövsümi xarakter daşıdığını qeyd edib. Amma buna baxmayaraq bir çox hallarda qiymətlərin süni şəkildə artırıldığını xüsusi vurğulayıb: “İndi ölkə iqtisadiyyatında canlanma var. İnsanların alıcılıq qabiliyyəti artır. Biz bunu statistik göstəricilərdən də görürük. İstehlak bazarına nəzarət edən qurumlar da bunu görür. Maaşlar, müavinətlər artır, problemli kreditlərlə bağlı ödənişlər başlanıb. Ancaq biz imkan verə bilmərik ki, möhtəkirlər bundan istifadə etsinlər, qiymətləri süni şəkildə qaldırsınlar, yaxud da ki, hansısa bir inhisarçılıqla məşğul olsunlar. Ona görə də istehlak qiymətlərinə daim nəzarət olmalıdır. Süni qiymət artımına qətiyyən yol verilməməlidir. Müvafiq qurumlar bu işlərlə çox ciddi məşğul olmalıdırlar”.