Vaxt.Az
Terrorçubaşının nəşinin təmtərağı
Bunu ifşa etmək lazımdır!
Növbəti terrorçunun nəşi İrəvana gətirildi. Söhbət erməni saytlarının təbirincə desək, terrorçu ASALA təşkilatının “mənəvi atası” sayılan Qurgen Yanikyandan gedir. Bu şəxs 78 yaşında Türkiyənin ABŞ-ın Santa-Barbara şəhərindəki konsulluğuna daxil olaraq konsulu və onun köməkçisini qətlə yetirib. Amerika vətəndaşı olan Yanikyan ömürlük həbs cəzasına məhkum olunub, 1984-cü ildə həbsxanada ölüb. Yəni adam terrorçudur və bu terrorçunun nəşini böyük təmtəraqla İrəvana gətiriblər. Mayın 5-də nəşinin basdırılması mərasimi keçiriləcək. Ermənistanda buna hazırlıq gedir. Bugündən başlayaraq erməni saytlarında terrorçu haqqında tərifli yazılar yayınlanır.
Sözüm Azərbaycanın Prezident Administrasiyasında analitik işə məsul olan şəxslərədir. Mayın 5-ə biz də hazırlaşmalıyıq. Terrorçunun nəşini böyük təmtəraqla Ermənistana gətirən və onun haqqında utanmadan “ASALA-nın mənəvi atası” başlıqları atan düşüncə tərzini beynəlxalq aləmdə ifşa etmək lazımdır. Təəssüf ki, Türkiyədən də səs çıxmır. Terrorçu türk diplomatlarını qətlə yetirib, Ermənistanda ondan qəhrəman obrazı yaradırlar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmişəki tərzində “ey Batı buna nasıl sessiz kalıyorsun” deyə diqqəti İrəvandakı biabırçılığa yönəldə bilər.
01.05.2019 çap et