Vaxt.Az

İnsanov – başqa ananın oğlu


 

Millətin ona xərclənəcək saniyəsi belə yoxdur

İnsanov – başqa ananın oğlu Əgər bir əcnəbi qəzetçi Azərbaycana gəlib, rast gəldiyi orta yaşlı ilk azərbaycanlıya “Əli İnsanov kimdir” sualını versə, cavab təxminən belə olar - ‘’Azərbaycan səhiyyəsinin “anasını” ağladan nazir, korrupsionerin böyüyü, xəstəlik dərəcəsində yerlibaz, yekəxana, yediyi boşqaba tüpürən dönük”. Onun siyasi məhbus olması 10 nəfərdən 2-sinin yadına düşər, ya düşməz...

Özündən başqa bütün Azərbaycan bilir ki, ictimai portretinin əsas cizgiləri bunlardır. Hətta həbsindən az sonra prezidentə “qələt eləyib başımı daşdan-daşa döymüşəm” rədifli yalvarış məktubunun üzərindən sükutla keçib haqqında “türmədə sınmadı, kişi kimi yatdı, çıxdı” gəraylısı qoşanlar da bu gerçəklər qarşısında susmağa məcburdurlar.

İndi bu korrupsioner, yolu tibb müəssisəsinə düşənləri canından bezdirən, həyatdan, Vətəndən küsdürən eks-nazir, ABŞ mediasına açıqlama verib utanmaz-utanmaz “siyasi partiya yaradıb ölkədə demokratiya uğrunda mübarizə aparacağam, bu yola boynumda kəfən çıxmışam” deyir. Bircə kəfən məsələsində haqlıdır. 73 yaşlı insan gərək kəfən məsələsini bir an belə yadından çıxarmasın.

Deyən gərək, sən Azərbaycanda demokratik düzən qurmaq istəyirdinsə, hakimiyyətdə təmsil olunanda, hökumətdəki və hakim partiyadakı səlahiyyətlərin buna imkan verəndə niyə tam tərsi ilə məşğul idin? Sən xalqın halına belə yanansansa, niyə rəhbərliyin dönəmində tibb müəssisələrini açıq bazara çevirdin? Niyə dövlət xəstəxanalarına ayrılan pullar sənin özəl xəstəxanalarının yaradılmasına xərcləndi, nəyə görə dövlət xəstəxanalarında laboratoriyalar qəsdən sıradan çıxarıldı, bütün xəstələr analiz üçün sənin xəstəxanalarına yönəldildi, heç kimə salam verməyib koridorlarında zəhrimar yağan sifətlə dolaşdığın Səhiyyə Nazirliyi HƏR həkimə sənin xəstəxanalarına konkret sayda xəstə yönəltmək tələbi qoydu? Normal doğuşla dünyaya uşaq gətirən qadınların sayı niyə nazirliyin dönəmində 40 faiz azalmışdı, cənab eks-nazir? Yaddaşını təzələyək - qeysəriyyə əməliyyatı doğuşdan 500 manat baha olduğu üçün... Bu ölkənin morqlarına belə xərac qoyduğun günləri sən unuda bilərsən, xalq yox.

Saxtakarlıqla əldə etdiyin akademikliyin Biləcəriyə də çatmaz. Hanı astma xəstələrini məhkum etdiyin “İnsanovin”in? Ucuz dərmanları apteklərdən yığışdırıb, heyvan bağırsağına un büküb “dərman” adı ilə od qiymətinə millətə sırıdığına görə nəfəsi gedib gəlməyənlərdən aldığın “ah” 3 canın olsa, 3-ünə də bəsdir. Sən alim, “İnsanovin” dərman idisə, niyə dünyanın bir əczaçılıq şirkəti patentini almadı, sən həbsxanaya girdiyin gün “Insanovin” də öldü?

Sürücüsünün bakılı, köməkçisinin tovuzlu olduğunu yerlibaz olmaması üçün bayraq edən eks-nazir desin görək, nazirlikdə, tibb müəssisələrində, büdcə talançılığı ilə yaratdığı özəl müəssisələrdə bütün rəhbər vəzifələri Qərbi Azərbaycanlıların tutması onun qəbilə təfəkkürünün yox, bəs, nəyin göstəricisi idi?

Qərbi Azərbaycan dövlətin, ölkənin həyatına çox dəyərli insanlar verib. Əgər bu gün rəhbər vəzifə tutan Qərbi Azərbaycanlılara vətəndaşda qıcıq varsa, ilk səbəbkarlarının öndə gedənlərindən biri Əli İnsanovdur. Ömrünün bütün mərhələlərində millətin parçalanması, çiyin-çiyinə deyil, qarşı-qarşıya dayanması üçün əlindən gələni edən İnsanov yaşının 73-ündə, 14 il islah həyatından sonra yenə də deyir ki, əvvəl öz “anam”dı, sonra başqa “analar”. Daş doğaydı anan...

Bundan sonra əlini bala batırıb millətin boğazına salsan da sənə kimsə inanmaz, Əli İnsanov. Sağlam düşünən, ölkəyə, dünyaya aydın baxan heç kim indiyə qədər hakimiyyətdə təmsil olunub sonradan çıxdaş edilənlərin yenidən siyasətə gəlməsinə imkan verməz. 28 il tarix üçün qısa insan ömrü üçün ÇOX böyük zamandır. Daha yediyinizi yediz... Millətin sənə və səninkimilərə xərcləyəcək 1 saniyəsi belə yoxdur.

 





04.05.2019    çap et  çap et