İran hökumət saytlarının yaydığı xəbərə əsasən, ilkin məhkəmənin çıxardığı həbs qərarı qəti deyil və prezidentin qardaşı apelyasiya şikayəti verə bilər. Hüseyn Firudinin adı bundan əvvəl dövlət banklarından iri məbləğdə kredit götürən şəxslərin siyahısında qeyd edilmişdi. Ona qarşı çıxarılan həbs müddəti açıqlanmayıb.
Qeyd edək ki, Hüseyn Firudinə qarşı irəli sürülmüş ittihamlar üzrə fevralın 19-da ilkin məhkəmənin qapalı iclası keçirilmişdi. Həsən Ruhaninin qardaşı ilə birlikdə digər 4 dövlət işçisinə qarşı da maliyyə fırıldaqçılığı üzrə ittiham elan edilmişdi.
Hüseyn Firudin 2018-ci il iyulun 16-da maliyyə fırıldaqçılığı ilə bağlı İran məhkəməsinə çağırılmışdı. Polis tərəfindən ona ittiham edildiyi məsələ ilə bağlı məlumat veriləndən sonra şərti azadlığı üçün girov müəyyənləşdirilmişdi. Lakin girovu təqdim edə bilmədiyindən, həbs edilmişdi. 1 gün həbsdə qaldıqdan sonra o dövr İranın səhiyyə naziri Hüseyn Firudinin azad edilməsi üçün 50 milyard tümənlik girov təqdim etmişdi. Bu isə İranda böyük səs-küyə səbəb olmuşdu.
Xatırladaq ki, Hüseyn Firudin İran Prezidenti Həsən Ruhaninin həm qardaşı , həm də prezidentliyinin ilk illərində müşaviri olub. O, Tehranla 5+1 ölkələri arasında nüvə müzakirələrində də İran nümayəndə heyətinin tərkibində təmsil olunub.