Gənclər gələcəyimizdir. Bu isə bütün insan toplumlarının, onların yaşadıqları məkanlardakı iqtisadi ukladdan, siyasi quruluşdan və coğrafi şəraitdən, hətta adət-ənənələrdən asılı olmayan yazılmamış qanunudur.
Onda nə alınır, dostlar? Belə çıxmırmı ki, bizim heç əməlli-başlı gələcəyimiz də yoxdur? Lap yazıçı Milan Kunderanın məşhur qəhrəmanlarından birinin dediyi kimi: keçmişimiz mif, gələcəyimizsə sirdir! Halbuki ölkədə hələ çox işlər görülməlidir – Qarabağ problemi həll olunmalıdır, dövlətimiz daha da təkmilləşməli və demokratikləşməlidir, axı bizə hələ yalnız müstəqil dövlət olmuşuq!
Və bütün bunların hamısını indiki gənclik, müstəqil həyata yenicə vəsiqə alan gənclər etməlidir. Əgər onların da çoxu hesab edirsə ki, demokratiya bizim cəmiyyətə artıq, “on birinci barmaq” kimi lazımdır, o halda, nəyəsə ümid etməyə əsas qalırmı?..
Amma digər tərəfdən sizə elə gəlmirmi ki, gəncliyin elə bir günahı yoxdur, çünki, ən birincisi, biz çox şeyləri gənclərin boynuna yükləyirik, halbuki onların bir qismini özümüz də edə bilərdik və etməliydik də...
İkincisi, biz– daha yaşlı azərbaycanlılar daim demokratiya və milli müstəqillik, demokratiya və suverenlik, demokratiya və qayda-qanun, nəhayət, demokratiya və stabil sosial - siyasi rejim kimi anlayışları qarşı –qarşıya qoymağı çox sevirik.
Yaşlı qardaşlarımızın bəzisi hətta hesab edir ki, bu qədər qaçqını və köçkünü olan ölkədə demokratiyadan danışmaq tamamilə utandırıcı bir işdir; guya ki, demokratiya yalnız inkişaf etmiş, xüsusən də Qərbin xristian cəmiyyətləri üçündür, bizsə asiyalı xalqlarıq və gərəkdir ki, tarixi köklərimizdən ayrılmayaq...
Həm də gəncləri ona görə qınamağa dəyməz ki, müasir və çox ziddiyyətli Dünyamızda “suveren və ya effektiv demokratiya” (rusiyalılar bu “konsept”in müəllifinin V.Surkov olduğunu iddia edir) kimi anti- demokratik və avtoritar utopiyalar, müxtəlif sivilizasiyaların və yaxud mədəniyyətlərin toqquşması və qarşıdurması (ABŞ politoloqu S.Xantinqton, rusiyalı filosof A.Duqin və b.) kimi başgicəlləndirici və çaşdırıcı nəzəriyyələr var ki, demokratiyanı mütləq hansısa düzəlişlərlə və yaxud da, ümumiyyətlə, qəbul etməmiyi tövsiyyə edirlər.
Tamam aydın bir məsələdir ki, gənc və bir az da təcrübəsiz insanlarımıza bu cür “təlim”lər və “nəzəriyyə”lər okeanında istiqamət tutmaq elə də asan məsələ deyil, hətta bəlkə mümkün də deyil. Hələ heç onu demirik ki, belə utopiyalar bəzən daha “cəlbedici” olurlar, nəinki “yəhudi-xristian dəyərləri” və “dünya masonluğunun və ya sionizm”inin “məkrli plan”ı hesab edilən demokratiya!..
Amma inanın ki, Azərbaycan çox unikal tarixi və mədəni özəlliklər diyarıdır və bir vaxt bununla maraqlananda gördük ki, çox az xalqlar var ki, onların tarixində milli müstəqillik ideyası azadlıq və demokratiya idealları ilə bu qədər çulğalaşmış olsun.
O başqa bir məsələdir ki, biz daim, ən azı digər Şərq xalqları ilə müqayisədə mütərəqqi ideyaları daha tez bəyan edirik, amma təəssüf ki, onları hifz edə və ya bu ideyalara dönməz xarakter verə bilmirik və buna təkcə ölkəmiz ətrafındakı geosiyasi fon mane olmur, özümüzün də bəzi “özəllik”lərimiz var.
Biz çox tez qızışıb çox tez də soyuyan millətik, gərək bir işi birdən görək, yoxsa ki, onu addım - addım etmək, irəli aparmaq bizlik deyil – ya birdən durub fil yaratmalıyıq, ya da illərlə fil qulağında yatmalıyıq...
Bəlkə də buna görə “Azərbaycanlılar demokratiyaya hazır deyil” deyənlərin sayı günbəgün artır – sanki bu insanların bu və ya digər xalqın demokratiya “hazır olub-olmaması”nı yoxlamaq üçün xüsusi cihazları var...
Bu günlərdə hətta tanınmış teleaparıcı və çox maraqlı bir jurnalist də olan cənab V.Pozner də “Post-sovet məkanında hansı xalqlar demokratiyaya hazırdır?” mövzusunda filosofluq etməkdən özünü heç cür saxlaya bilmədi.
Hörmətli rusiyalı jurnalist belə demişdi: “Azərbaycana, Qazaxıstana və Orta Asiya ölkələrinə bu gün demokratiya, aydındır ki, lazım deyil... Bu və ya digər xalq nəyəsə müəyyən tarixi inkişaf və təcrübə əsasında hazır olur. Və o, “hazır” olan vaxt bu, baş verir”...
Bəli, “məntiq” sadədir - əgər demokratiya yoxdursa və ya yetərincə deyilsə, deməli “hazır” deyillər!
Demək lazımdır ki, bu cür “qiymətləndirmə”lər, “bəyanat”lar, fikirlər bizim bəzi yaşlı azərbaycanlılarımızın lap ürəyindəndir, çünki bunlarda öz “nəzəriyyə”lərinin təsdiqini tapırlar.
Onların arasında elələri də var ki, hətta demokratiyanı öz rahatlıqları və rifahları üçün ən əsas təhlükə hesab edirlər.
Belələri daim digərlərinə, xüsusən də bizim gənclərə təlqin etməyə çalışırlar ki, guya Dünyanın heç yerində azad və demokratik seçki yoxdur, hər tərəfdə konspiroloji ssenarilər və məkrli planlar baş alıb gedir, hər yanda oyundur, siyasi məzhəkə və intriqadır, guya ki, azadlıq və demokratiya yalnız savadsız kütləni aldatmaq üçün görüntüdür, ya da şüardır, əslində isə daha böyük dövlətlərin əlində digər ölkələrin “daxili işlər”inə qarışmaq üçün bir alətdir - instrumentdir...
O gün baxıram, telekanalların birinin aparıcısı səhər-səhər deyir ki, Ukraynadakı son seçki demokratiyanın yox, onun böhranın göstəricisi sayılmalıdır!..
Axı niyə belə deyirlər? Məqsəd nədir? Sadəcə, hər şeyi qaralamaq, insanları çaşdırmaq və onlarda ümidsizlik, ən başlıcası da belə bir fikir yaratmaqdır ki, guya hər yanda “oyun” gedir, uduzan da bu “oyun”lara inanan xalqlardır –odur, taleyinizi daha etibarlı siyasətçilərə həvalə edin!
Bəli, bu plandan yanaşanda çaşdırıcı, hətta aldadıcı “siyasi konsepsiya”lar, “qiymətləndirmə”lər və “mülahizə”lər çoxdur. Amma biz yaşlı insanlar da, elə gənclərimiz də daim bir məsələni yadda saxlamalıyıq. O da budur ki, demokratiya heç də ən mükəmməl bir sxem deyil, amma bəşəriyyət bundan mükəmməlini tapmayıb...