Vaxt.Az

Asfalt yollar, qazlaşdırma ...


 

Ermənistanla sərhəd kəndlərdə misli görünməmiş işlər davam edir

Asfalt yollar, qazlaşdırma ... Gədəbəy rayonunun Ermənistanla həmsərhəd Şınıx bölgəsində 12 kəndi birləşdirən asfalt örtüklü yol çəkilir.

Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, bu yol-infrastruktur layihəsi mürəkkəb coğrafi şəraitə malik olan və hərbi baxımdan strateji əhəmiyyət kəbs edən, irili-xırdalı 27 kənddən ibarət olan bölgənin sosial-iqtisadi inkişafına təkan vermək üçün prezident İlham Əliyev tərəfindən təsdiqlənib.

Layihəyə əsasən yolun ümumi uzunluğu 23.3 kilometr olacaq. Bu yol prezident İlham Əliyevin sərəncamı əsasında bir neçə il əvvəl çəkilən, Gədəbəy rayonunun Novosaratovka kəndini Şınıx bölgəsinin Qaravəllər kəndi ilə birləşdirən asfalt örtüklü yoldan ayrılacaq. Və bölgənin 12 kəndini (Zamanlı, Arabaçı, İsalı, Dördlər, Mor-Mor və digərləri)  əhatə etməklə insanların rahat gediş-gəlişini təmin edəcək.

Belə ki, həmin kəndləri rayonun digər yaşayış məntəqələri ilə birləşdirən yol tarix boyu heç vaxt asfalt üzü görməmişdi və olduqca bərbad vəziyyətdə idi. Yollar payız-qış aylarında xüsusilə keçilməz olurdu. Ötən il sakinlər prezident İlham Əliyevə və Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinə müraciət göndərərək bu problemin həllini xahiş etmişdilər. Müraciət göründüyü kimi müsbət cavablandırılıb və Şınıx kəndlərini birləşdirən asfalt yolun çəkilməsi prezidentin tapşırığı ilə 2019-cu il üçün kənd yollarının çəkilməsi layihələri sırasında daxil edilib.

Avtomobil Yolları Dövlət Agentliyi işlərə mart ayından başlayıb, layihəni podratçı qismində həyata keçirən “1 saylı Yol-İstismar İdarəsi” MMC bölgəyə zəruri texnika səfərbər edib. Hava şəraiti imkan verən kimi işlər başlayıb və hazırda sürətlə davam edir.

Layihəyə əsasən yol boyu bir körpünün əsaslı təmiri də nəzərdə tutulur, iki çay yatağında isə böyük diametrli beton borular düzüləcək və üstündən yol çəkiləcək. Habelə Mor-Mor kəndi istiqamətində 100 metr uzunluğunda, 6 metr hündürlüyündə istinad divarı tikiləcək. Bölgənin relyefi, tez-tez leysan yağışların yağması nəzərə alınaraq yol boyu 30-dan çox suötürücü borular qoyulacaq. Agentlikdən bildiriblər ki, yol tikintisi işləri yüksək keyfiyyətlə, sel və yağış sularına davamlılıq nəzərə alınmaqla aparılır. Hava şəraitindən asılı olaraq uzağı iki aya işlərin başa çatdırılması nəzərdə tutulur. İnşaat işlərinə yerli sakinlər də cəlb edilib, belə ki, podratçı şirkət əvvəlcədən sakinlərə müraciət edərək işləmək istəyənləri layihəyə dəvət etmişdi.

Bu yol layihəsinin əhəmiyyəti həm də bundadır ki, ondan təkcə sakinlər gediş-gəliş üçün istifadə etməyəcək, ordumuzun bölmələrinin də Ermənistanla sərhəd boyu yerləşən döyüş mövqelərinə hərəkətini, təchizatı asanlaşdıracaq.

Xatırladaq ki, bu Şınıx bölgəsində 2018-ci ildən bəri həyata keçirilən ikinci iri infrastruktur layihəsidir. Ötən il prezident İlham Əliyevin göstərişi ilə bölgənin qazlaşdırılması tamamilə başa çatdırılıb. 10-dan yuxarı kəndə qaz çəkilib. İndi isə kənd yollarının çəkilməsi başlayıb. Bu da bölgənin sosial-iqtisadi inkişafına ciddi təkan olacaq, kəndlərdən şəhərə miqrasiyanı dayandıracaq.

Sakinlər bölgənin simasını tamamilə dəyişən, ən ucqar kəndlərə də inkişaf, rifah gətirən bu infrastruktur layihələrinin həyata keçirilməsinə görə prezident İlham Əliyevə, Birinci vitse-prezident İlham Əliyevə, habelə Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinə minnətdarlıq ifadə edirlər.

“Biz son bir-iki ildə misli görünməmiş işlərin şahidi olmuşuq. Əvvəlcə kəndlərimiz qazlaşdırıldı, ötən qışı evlərimiz ilk dəfə təbii qazla isindi. Bu yerlərdə havaların sərt keçdiyini, meşələrin uzun illər boyu qırılıb-tükənməkdə olduğu nəzərə alınanda qazlaşdırmanın bizlər üçün hansı dəyər kəsb etdiyini sözlə  ifadə etmək çətindir. İndi isə yeni kənd yolları çəkilir, yollarımız asfalt üzü görəcək, gediş-gəlişimiz asanlaşacaq, kəndlərimiz inkişaf edəcək. Camaatımız adından, sakinlər adından prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Avtomobil Yolları Agentliyinin rəhbərliyinə təşəkkürlərimizi, minnətdarlığımızı çatdırın”-bunu Zamanlı kəndinin ağsaqqallarından Binnət Hüseynov deyir.

Kənd sakinləri onun sözlərinə qüvvət verib deyirlər ki, son illərə qədər bu kəndlər boşalmaqda idi, insanlar şəhərə köç edirdilər. İndi isə bu görülən işlər sayəsində geriyə köç başlayacaq. Çünki qazlaşdırma, yolların abadlaşdırılması bölgədə sosial-iqtisadi rifahın yüksəlməsinə imkan yaradır.

 





13.05.2019    çap et  çap et