Vaxt.Az

Bir Xırdalan mənzərəsi


 

“Hara şikayət ediriksə, xeyri yoxdur”

Bir Xırdalan mənzərəsi Gördüyünüz foto Xırdalanda yaşadığım məhəllədə çəkilib. Yaşıl damlı tikili poçt binası, boz damlı tikili mərasim evidir. Bu iki tikilinin ortasında, indi kubiklər gördüyünüz yerdə bu yaxınlara qədər çəmənlik vardı. Kənarında köhnə bir söhbətgah olan bu çəmənlik ana-bacıların söhbət, uşaqların əyləncə yeri idi. Həm də məhəlləmizdə pul ödəmədən otura və əylənə biləcəkləri yeganə yeri. Ümid edirdik ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə gerçəkləşdirilən “Abad Həyət” layihəsindən Xırdalana da pay düşəndə bu yer də nə vaxtsa abadlaşdırılacaq. Amma sən saydığını say, gör...

Ötən yay bu ərazini “kubik”lərlə hasara aldılar, ötən həftədən isə sürətlə tikintiyə başladılar. Hələ tikinti başlamamış - bu ilin mart ayında Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə xanım Gülməmmədovanın Xırdalan sakinləri üçün keçirdiyi səyyar qəbula qatılmış, Xırdalanın məni narahat edən problemləri sırasında bu ərazinin hasarlanmasını da dilə gətirmişdim. İradə xanım icra nümayəndəsi ilə bələdiyyə sədrindən məsələ ilə bağlı izahat istəmiş, onlar da ərazini hasarlayan sahibkarın əlində çıxarış olduğunu demişdilər. Yəni məsələnin mahiyyəti budur ki, hər hansı sahibkar özəlləşdirmək istədiyi torpaq sahəsinə dair yerli bələdiyyədən müvafiq sənəd alır, sonra da həmin sənəd əsasında torpağı özəlləşdirir və bu qanuni prosesin heç bir rayon icra hakimiyyətinə aidiyyəti yoxdur. İnandınız? Mən bu şirin nağıla inanmaq istərdim - ölkəmizdə bələdiyyə sədrlərinin icra başçılarının qarşısında farağat durduğunu görməsəydim.

İndi bu əlində çıxarış olan sahibkarın yapdıqlarına fotolarda diqqətlə baxın. Adam iki obyektin - poçtla mərasim evinin arasında obyekt tikir. Amma həm poçtun, həm də mərasim evinin divarından daha çox qabağa, yəni yola çıxıb. O yol isə piyada yoludur. Hara şikayət ediriksə, xeyri yoxdur. Deyirlər ki, əlində çıxarış var. Olsun, lap yaxşı. Deyək ki, o çıxarışı verən vicdansız məmur işinə səhlənkar yanaşıb, bəs sənin adamlığına nə gəlib? Yarım metr torpaq hər gün o yoldan istifadə edən piyadaların söyüş-qarğışından çoxmu dəyərli oldu, yoxsa baha?

P.S. Buradan yeni tikilinin yola çıxan hissəsinin sökülməsi üçün kampaniyaya başladığımı elan edirəm. Bunun üçün dostlarımın ictimai dəstəyinə ehtiyacım var...

 





13.05.2019    çap et  çap et