Vaxt.Az

Onun teatr düşüncələri


 

Milli səhnəmizlə onun tənqidinin birgəyaşayışını təmin edən ədəbiyyatşünas - Məmməd Cəfər

Onun teatr düşüncələri Ötən dövrlər ərzində Azərbaycan milli teatr sənəti, dialektik anlamda qəbul etsək, çox dəyişmiş, təkmilləşmişdir. Dəyişən dünyamızın dəyirmanında üyüdülən dəyərlər az olmasa da, milli mədəniyyətimizin öz təbiəti etibarilə həssas sahəsi olan teatr sənətimiz zamanın dəyirmanından hər dəfə diri çıxmışdır. Bu diriliyi şərtləndirən səbəblər, təbiidir ki, az deyil, amma onların içərisində tənqidin rolunu xüsusi qeyd etmək olduqca vacibdir.

Teatr tənqidimizin tarixi üzərində dayanmaq ehtiyacı duymasaq da, onu qeyd etmək olar ki, tənqidimiz milli teatr sənətimizlə yaşıddır və bir zamanlar yanaşı addımlamış, biri digəri üçün zəruri birgəyaşayış ahəngini təmin etmişdir.

Milli teatrın yenilik axtarışları ilə mənalanan müxtəlif mərhələləri daim tənqidçilərin diqqət mərkəzində olmuşdur. Burada onu qeyd etmək vacibdir ki, ədəbi, eləcə də elmi-nəzəri fikrin görkəmli yaradıcıları olan insanlar milli təəssübkeşlik mövqeyi ilə nailiyyətlərə hədsiz sevinib, uğursuzluqlara dərin təəssüflə yanaşmaqla bərabər, ədəbiyyatımızın tutduğu yolu tənzim etdikləri kimi, milli teatrımızın da bədii-estetik istiqaməti qayğısına qalır, ictimai fikri formalaşdırırdılar. Bu dövrdə istər mətbuatda, istərsə də ayrı-ayrı müzakirələrdə səslənən mülahizələr, bir küll halında, elmi-nəzəri fikrin, teatr prosesinin poetik-fəlsəfi mündəricəsini zənginləşdirirdi.

Cəfakeş əməyi sayəsində Azərbaycan ədəbiyyatşünaslığında silinməz izlər qoyan, ədəbi tənqidin metodoloji əsaslarını zənginləşdirən, ədəbi prosesin tədqiqatı sahəsində əsl ağsaqqallıq səlahiyyəti qazanan Məmməd Cəfər teatr tənqidinə də xüsusi münasibətilə seçilirdi. Yəni o, bir tərəfdən teatr tənqidinin mühüm elmi sahə kimi ümummilli mədəni prosesdə tutmalı olduğu yeri yüksək qiymətləndirir, digər tərəfdən, teatr mühitini, bəzi hallarda peşəkarlıq baxımdan səriştəsiz münasibətinə görə teatr tənqidinin özünü əsl tənqidə məruz qoyur, onu açıq-aşkar və özünəməxsus obyektivliklə ittiham edirdi. Onu da qeyd etməyə ehtiyac var ki, bütün hallarda Məmməd Cəfər eyni dərəcədə səmimi obyektiv və barışmaz mövqe bildirirdi.

Hələ 1946-cı ildə dramaturgiya məsələlərinə həsr edilmiş konfransda M.Cəfərin söylədiyi fikirlər bu gün, yəni üstündən yetmiş ildən artıq vaxt keçməsinə baxmayaraq, aktuallığını itirməmişdir. Əlbəttə, bu faktın özü ikili münasibət oyadır. Birincisinə, təbii olaraq, sevinmək olar. Sevinmək olar ki, alim fitri istedadı, fəhmi, uzaqgörənliyi ilə teatr tənqidinin mövcud olan və ola biləcək problemlərini görə bilmiş, səriştəli elmi-nəzəri baxışlarını diqqətə çatdırmışdır. Amma elə buradaca təəssüflənməmək də olmur, çünki həmin fikirlərin öz aktuallığını çağdaş dövrümüzdə də itirməməsi teatr prosesinin mövcud vəziyyətini xüsusi şərh etməyə və qürrələnməyə əsas vermir.

Söz yox ki, yuxarıda qeyd edilən mülahizələrdə bu günümüz üçün mübahisəli, eyni zamanda təfərrüatlarına qədər məlum olan problemi bir daha  nəzərdən keçirmək ehtiyacı yaradan məqamlar da az deyil.

Teatr tənqidinin çox çətin və mürəkkəb bir elm olduğunu xüsusi qeyd edən Məmməd Cəfər onun təkcə teatrla deyil, eyni zamanda dramaturgiya ilə məşğul olmasının vacibliyini bildirir. Ehtimal etmək olar ki, burada söhbət  ənənəvi bölgüdən gedir. Yəni şərti olaraq, “oxucu üçün”, yaxud “tamaşaçı üçün” bölgüsü ilə nişanlanan pyeslərin tənqidi nəzərdə tutulur, çünki birincilər, əsas etibarilə, ədəbiyyatşünaslığın tədqiqat obyekti olduğu halda, ikincilər daha çox teatrşünasların maraq dairəsinə düşür.

Amma burada uzun illər müşahidə edilən belə bir faktı da xatırlamaq yerinə düşər ki, milli teatr tarixinin ayrı-ayrı mərhələlərində praktik teatrın estetik problemlərinin araşdırılması və həlli qayğılarını teatrşünaslardan daha çox ədəbiyyatşünaslar çəkmişdir. Əslində, işlərin bu sayaq gedişini, teatr prosesində ədəbiyyatşünasların ön cəbhədə görünməsini şərtləndirən amillər az olmamışdır. Hər şeydən əvvəl, yəqin onu göstərmək lazımdır ki, teatrşünaslıq müstəqil elm sahəsi kimi fəaliyyət göstərənə qədər teatr sənəti ədəbiyyatşünaslığın himayəsi və nəzarəti altında olmuşdur. Digər, az əhəmiyyətli olmayan və diqqəti çəkən  səbəblərdən biri də budur ki, öz inkişafının uzun illik tarixi boyu Azərbaycan milli teatrı aktyor və rejissor qüvvələri sarıdan korluq çəkmədiyi halda, sağlam tənqid sarıdan, dramaturgiya kasadlığından sıxıntı çəkmiş, repertuar seçkisində ideya-bədii tələbləri hər dəfə ödəyə bilməmişdir. Odur ki, teatr işinin ilkin şərti, dramaturgiya bolluğu məsələsi ədəbiyyatşünaslığın da əsas qayğısına çevrilmiş, bu zaman teatrın narahatlığına həmrəylik nümayiş etdirilmişdir.

Dövrün görkəmli səhnə xadimlərinin, tanınmış aktyor simalarının yaradıcılıq xüsusiyyətləri, fərdi oyun üslubları bu və ya digər obrazın səhnə təcəssümündə təzahür etdirdikləri sənətkarlıq hünəri M.Cəfərin diqqətini çəkir, nəticənin uğurlu-uğursuz cəhətləri onun qələmi ilə dəyər qazanırdı. Alimin dövrün Sidqi Ruhulla, Kazım Ziya, Ələsgər Ələkbərov kimi məşhur aktyorları ilə dostluğa çevrilən təmasları, teatra məhrəm münasibəti onun obyektivliyinə xələl gətirmir, mövcud çətinlikləri, bəzən tamaşaçı üçün gizli qalan irili-xırdalı səhnəarxası mətləbləri nəzərə alsa da, o, “düzü düz, əyrini əyri” (M.Ə.Sabir) şərh etməyi özünə borc bilirdi. Bu baxımdan M.Cəfərin görkəmli aktyor Sidqi Ruhulla haqqında yazdığı monoqrafiya dediklərimizə bariz örnək ola bilər. Belə ki, essevari üslubda başladığı monoqrafiyada M.Cəfər sənət və yaradıcı şəxsiyyət məsələlərini özünəməxsus sadə dildə, eyni zamanda elə dərindən təhlil edir ki, gətirdiyi misallar, ayrı-ayrı yaradıcılıq faktları dövrün, teatr mühitinin eləcə də bu qüdrətli aktyorun şəxsiyyətinin və istedadının miqyasını, həmçinin onun milli teatr tariximizdə tutduğu yeri haqqında aydın təsəvvür yaradır.

S.Ruhullanın istər səhnə obrazlarının taleyindən bəhs edəndə, istərsə də həmin obrazların yaradıcısı olan aktyorun səhnə davranışını, oyun texnikasını, tərəf müqabilləri ilə qarşılıqlı münasibətlərini qeyd edəndə M.Cəfər bu mətləblərə Rusiyanın görkəmli teatr xadimi K.S.Stanislavskinin məşhur “sistem”inin prizmasından dəyər verir. K.Stanislavskinin “Aktyorun rol üzərində işi” əsərinin müddəalarına yaxından bələd olan M.Cəfər bu ciddi məsələyə öz tədqiqatçı mövqeyilə yanaşaraq qeyd edir ki, hər hansı obrazı yaradarkən aktyor, hər şeydən əvvəl, müasirlərinin qəlbinə və şüuruna təsir edir. Çünki o, səhnədə “insan  ruhunun həyatını” (K.S.Stanislavski) ifadə  edir. 

Bunu da qeyd etmək vacibdir ki, səhnə ustalarımızın fəaliyyətindən bəhs etdiyi məqamlarda M.Cəfər digər xalqların kifayət qədər bələd olduğu teatr aktyorlarının yaradıcılıq xüsusiyyətləri ilə uğurlu müqayisələr aparır. Bu zaman alimin bir vətəndaş olaraq, fərəhini gizlətmədiyi əlamətdar olsa da, bəzən onun təəssüf hissi keçirdiyi də diqqətdən yayınmır.

M.Cəfərin bir zamanlar yazdığı: “… Bizim də səhnəmizdə Kinlər, Moçalovlar çox olmuşdur. Ancaq səhnə sənəti nəzəriyyəsi ilə ayrıca məşğul olan Lessinqlərimiz, Didrolarımız olmamışdır” sözlərində acı təəssüfdən daha çox mövcud vəziyyəti teatr sənətinin tərəqqisi naminə dəyişmək yanğısı diqqəti cəlb edir. Aydın məsələdir ki, alimin niyyəti bir neçə ilə başa gələn iş deyildir və bunu o özü hər kəsdən daha artıq duya bilirdi. Amma o da aydındır ki, teatr tənqidinin elmi-nəzəri metodologiyaya əsaslanan fəaliyyəti üçün əlverişli şəraitin yaranması, onun elmi sahələr içərisində öz yerini müəyyənləşdirməsi, eləcə də teatr sənətində gedən bədii-estetik proseslərə fəal müdaxilə etməsi M.Cəfərin mühüm hesab etdiyi və uğrunda çalışdığı məsələlər idi.

Teatrşünaslıq ictimai-mədəni həyatda tədricən öz yerini tutduqca, elmi-nəzəri tribunadan səsi ucaldıqca, xüsusilə, XX əsrin 60-cı illərindən başlayaraq artıq teatrların daxilində “ssenari dramaturgiyası” meylləri yarandıqca, get-gedə teatr tənqidi “dramşünaslıq” dairəsində araşdırmalar aparmağa başladı. Və dünya, o cümlədən Avropa dramşünaslığı ayrıca elm sahəsi kimi tanınmalı oldu.

Əlbəttə, bu, çox sonralar olacaqdı. M.Cəfərin nəzərdə tutduğu və fəaliyyətinin bəzi xüsusiyyətləri ilə onu qane etməyən teatr tənqidi milli teatr sənətimizin ən yaddaqalan tarixi mərhələsinin bələdçisi olmaq missiyasını yerinə yetirməli idi. Və bu işdə problemlər az deyildi. Odur ki, M.Cəfər xüsusi həssaslıq, təmkin və tələbkarlıqla gündəliyə çıxardığı məsələləri zaman və milli mədəniyyətimiz kontekstində nəzərdən keçirirdi.

Onun xüsusi diqqət yetirdiyi və bu günün özündə belə mühüm olan problemlər hansılardır? Səhnə əsəri haqqında elmi araşdırmalar, milli teatr nəzəriyyəsi məsələsi və onun praktik səhnə fəaliyyəti ilə bağlılığı, səhnənin estetik təbiəti, orqanik oyun tərzi, aktyorun dünyagörüşü və savad səviyyəsinin artması alimin diqqət mərkəzində olan məsələlərdir. Aktyor şəxsiyyətini yaradıcı sima olaraq dəyərləndirən M.Cəfər onu klassik sənətkar tipində qəbul edir, zəmanəsinin güzgüsü, teatr adlanan məbədin təmənnasız xidmətçisi qismində görürdü.

M.Cəfərin elmi axtarış yanğısı onun vətəndaşlıq təəssübkeşliyindən bəhrələnmişdir. 1940-cı illərdə dərc etdirdiyi məqalələrinin birində o, yazır: “Mən 1935-36-cı illərə qədər olan qəzet və məcmuələrin səhifələrində axtardım ki, görüm hansı məşhur bir aktyorumuzun sənəti haqqında ağıllı bir məqaləyə rast gələrəm. Tapa bilmədim. Aktyorlarımız haqqında bu illər ərzində mətbuatda savadsız yazılar və mənasız quru təriflər istənilən qədər boldur, ancaq elmi bir məqalə yoxdur”.

Alimin təəssüfünü anlamaq və bölüşmək mümkün olsa da, uzun illik bir mərhələni əhatə edən durğunluq vəziyyətilə barışmaq mümkün deyil. Doğrudur, ötən onilliklər ərzində Azərbaycan teatrı, onun sədaqətli tərəfdaşı olan teatrşünaslıq elmi mürəkkəb bir yol keçmiş və həmin uğurlu-uğursuz mərhələlərə bölünən yolda keyfiyyət göstəriciləri daha çox müşahidə edilmişdir. Yaşanan dövr ərzində teatr tənqidi sahəsində çalışan neçə-neçə görkəmli alimlər yetişmiş, yüzlərlə elmi məqalələr, onlarla monoqrafiyalar, cild-cild kitablar ərsəyə gəlmişdir. Özünün o qədər də sadə olmayan problemləri ilə əlbəyaxa olduğu bir zamanda belə teatr tənqidi çalışmaqla, teatr prosesinin nəbzini tutmaqla, bir küll halında teatrşünaslığın müxtəlif istiqamətlərində fəaliyyət göstərməklə öz “mən”ini təsdiq etməkdə davam edir. Çağdaş dövrdə dünya teatr prosesinə inteqrasiya məsələlərini gündəmə gətirir. Amma görülən işlər yetərlidirmi?

Məmməd Cəfərin dərin inamına görə, “teatr tənqidi sahəsində ağıllı bir fikir söyləyə bilmək üçün həyatı da gözəl bilmək, zəngin həyat təcrübəsinə malik olmaq lazımdır”. Başqa sözlə desək, təkcə teatr sənətinin mühitinin sirlərinə bələd olmaq teatr tənqidinin fəaliyyətinin faydalı iş əmsalı üçün kifayət deyildir.

Alimin fikrincə, “bir var ağıllı, səbrli, təmkinli, təvazökar və hər şeyi anlayan teatr tənqidi ki, bu, ciddi bir elmdir. Belə sağlam və təmkinli teatr tənqidi incəsənətdə olan gözəlliyi duya bilir və gözəlliyi xələldar edən cəhətləri də aydın dərk edib göstərməklə teatra əzəli dərəcədə kömək edə bilir. Belə bir ağıllı və təmkinli teatr tənqidinin olmadığı yerdə teatr sənəti və dramaturgiya irəli gedə bilmir. Bir də var tənqidin adından sui-istifadə edən, teatr tənqidçisi adı ilə alverçilik edən atüstü cızma-qaraçılıq ki, bu, əksinə, teatr və dramaturgiyanın ən qorxulu düşmənidir. Harada bu xırdavatçılıq qüvvətli isə, orada da teatr həmişə hərəkətsiz, şöhrətsiz və qiymətsizdir”. Bu sözlərin ifadə etdiyi həqiqətə əlavə etmək çətindir. Amma yaşadığımız dövrün teatr prosesi, xüsusən milli teatr sənətimizin 150 ili haqlayan tarixi barədə düşüncələrimiz bəzi mülahizələri ucadan söyləmək ehtiyacı yaradır.

Əgər teatr sənətimizin hazırkı bədii-estetik, istəsəniz, lap ideoloji səviyyəsi bizi qane edirsə, heç şübhə olmasın ki, teatr tənqidinin, səhnədən kənarda fəaliyyət göstərən, amma səhnə sənətinə bilavasitə təsir göstərmək qüdrəti olan bu sahənin əməyi sayəsində mümkündür. Buradaca, söylədiyimiz məntiqə əks olan, başqa cür düşünsək, əgər milli teatrın çağdaş vəziyyəti, yumşaq desək, qənaətbəxş deyilsə, bu mənzərənin də yaranmasında teatr tənqidinin gözəgörünməz fəaliyyətinin (yaxud fəaliyyətsizliyinin) təsiri şübhəsizdir. 

Milli teatr sənətimizin, o cümlədən, dramaturgiyanın, aktyor və rejissor sənətinin, səhnəqrafiyanın, çağdaş zəmanəmizin estetik mənzərəsinin canlı təcəssümünü diqqətdə saxlayan, cəmiyyətin müxtəlif nəsillərinin ideya-estetik dünyagörüşünü zənginləşdirən bu yaradıcılıq sahəsinin təəssübün çəkən Məmməd Cəfər kimi qeyri-adi elmi təfəkkür sahiblərinə, hər zaman olduğu kimi, bu gün də böyük ehtiyacımız var.

 





22.05.2019    çap et  çap et