Təkcə mayın 22-də 10 alpinist ya zirvədən enərkən, ya zirvəyə bir neçə yüz metr qalmış tıxacda ölüb. Sonrakı günlərdə ölənlərin sayı artıb və məlumatlara görə həyatını itirənlərin sayı 20-dən çoxdur.
“The New York Times” ötən həftə Everestə qalxan amerikalı Ed Dorinqlə söhbətləşib. O, gördüklərindən şoka düşdüyünü deyir. Ed bildirir ki, alpinistlər zirvədə selfi çəkmək üçün bir-birlərini itələyirdilər. Zirvədəki cəmi iki stol ölçüsündə olan sahəyə 20-dən çox alpinist toplaşıbmış. Dorinq dağın ən yüksək nöqtəsinə dırmaşa bilmək üçün bir neçə saat növbədə gözləməli olub.
“Mən təzəcə ölmüş bir qadının meyitinin üstündən adlamalı oldum. Bu qorxunc idi. Baş verənlər zooparkı xatırladırdı”, - amerikalı alpinist bildirib.
Everestə turlar təşkil edən şirkətlərin sayı durmadan artır. Bir sıra hökumətlər fərqinə varmadan bu cür fəaliyyətə icazə verir, çünki onlar alpinistlərdən gələn hər dollarda maraqlıdırlar.
Təcrübəli alpinistlər deyirlər ki, bir sıra turistlər hətta dağa qalxmaq üçün avadanlıqdan necə istifadə etməyi bilmirdilər. Nepalda Everestə qalxmaq üçün ciddi qaydalar yoxdur. Alpinistlər hesab edir ki, bu da hər il faciələrə səbəb olur.
Zirvəni fəth etmək istəyənlər bu il güclü küləyə görə daha da sərtləşən hava da qorxutmur. Hava şəraiti pis olduğundan dağa qalxmağın sürəti də aşağı düşüb. Ona görə də alpinistlər günlərlə vaxt sərf edirlər. Bundan əlavə onlar iliyə işləyən şaxtalı küləkdə 20 dəqiqədən başlamış bir neçə saata qədər dar cığırda növbə gözləməli olurlar. Nəticədə onlar dağın zirvəsinə qalxanda heydən düşür, geri qayıdanda bir çoxlarının səhhəti pisləşir və yolda ölürlər.
“Der Spiegel” bildirir ki, bu il Everestə qalxmaq üçün “hava pəncərəsi” çox gec açılıb. Buludsuz günlər həddən artıq az olduğundan alpinistlər zirvəyə nisbətən əlverişli hava şəraitində dırmanmaq üçün “ölüm zonasında” əsl tıxac yaradıblar. Belə ki, dağın zirvəsinə bir neçə yüz metr qalmış hava olduqca seyrəkdir və həmin zonada çox qalmaq təhlükəlidir. Tıxac yarandığından bir çoxları həmin zonada ölüb.