Vaxt.Az

Milyard dollarlıq müqavilə ləğv olunur


 

Bakıdan Nyu-Yorka birbaşa uçuşlar dayandırılır

Milyard dollarlıq müqavilə ləğv olunur “Azərbaycan Hava Yolları” (AZAL) QSC oktyabr ayından Bakı-Nyu-York istiqamətində birbaşa uçuşları dayandırır. Bu barədə AZAL-dan məlumat verilib.

“Biz oktyabr ayından Bakıdan Nyu-Yorka uçuşları dayandırmağı qərara almışıq”, - deyə məlumatda bildirilir.

AZAL 10 ədəd “Boeing 737 MAX-8” təyyarələrini almaqdan imtina etməsi nəzərə alınmaqla sərəncamında olan hava donanmasının hesabına daha prioritet istiqamətlər üzərində dayanmağı planlaşdırır.

Hazırda AZAL-ın donanması 25-26 ədəd təyyarədən ibarətdir.

Azərbaycan Hava Yolları 24 sentyabr 2014-cü il tarixindən Bakı-Nyu-York marşrutu ilə müntəzəm reyslərin yerinə yetirilməsinə başlayıb. Uçuşlar “Airbus-A 340” laynerlərində yerinə yetirilib.

2017-ci ilin aprel ayında Azərbaycanın "Silk Way Airlines" aviaşirkəti və Amerikanın "Boeing" Korporasiyası 10 ədəd “Boeing 737 MAX-8” sərnişin təyyarəsinin alınmasına dair müqavilə imzalayıb. “Azərbaycan Hava Yolları” sözügedən təyyarələrin operatoru olmalı idi. Müqavilənin ümumi dəyəri təxminən $1 mlrd. təşkil edib. Müqavilə çərçivəsində təyyarələr Azərbaycana 3 il ərzində gətirilməli idi.

Müqavilə sözügedən təyyarələrin təhlükəsizliyi ilə bağlı səbəblərdən ləğv olunub.

Qeyd edək ki, son zamanlar “Boeing 737 MAX” təyyarələrinin qəzaya uğraması nəticəsində bir sıra aviaşirkətlər bu təyyarələrdən istifadəni müvəqqəti dayandırıb.

 Hazırda AZAL “Boeing 787”, “Boeing 767”, “Boeing 757”, eləcə də “Airbus 340”, “Airbus 320”, “Airbus 319” və “Embraer 190” təyyarələrini istismar edir.

 





03.06.2019    çap et  çap et