Vaxt.Az

Universitet müəllimindən irqçi açıqlama


 

“Fars dilini bilməyən uşaqları ailələrindən ayırmaq lazımdır”

Universitet müəllimindən irqçi açıqlama Məşhəd universitetlərinin müəllimi Seyid Məhəmmədbaqir Təbatəbayi İranda fars dilini bilməyən uşaqların ailəsindən alınmasını təklif edib. O bildirib ki, belə ailələrin uşaq saxlamaq və tərbiyə etmək qabiliyyəti yoxdur.

Seyid Məhəmmədbaqir Təbatəbayi İran Təhsil Nazirliyinin məktəbə hazırlaşan uşaqlar üçün nəzərdə tutulan “farsca yetərlilik testi” planına dəstək vermək məqsədi ilə belə bir təkliflə çıxış edib.

Sözdə universitet müəllimi “Twitter” səhifəsində yaydığı bir mətndə bildirib ki, “İranda yaşayan valideynlər uşaqlarına məktəbdən əvvəl fars dilini öyrətmirsə, və ya öyrənməsinə icazə vermirsə, demək ki, onların uşaq saxlamaq və tərbiyə etmək qabiliyyəti yoxdur. İranın övladları onlardan alınmalıdır”.

Seyid Məhəmmədbaqir Təbatəbayi Məşhəd sakinidir, onun memarlıq üzrə yüksək lisansı var. Vaxtaşırı irqçi açıqlamaları ilə gündəmə gələn sözdə universitet müəllimi Xorasan-i Rəzəvinin islami İrşad və Mədəniyyət İdarəsinin müşaviri və Məşhəd universitetlərinin müəllimidir. O bundan əvvəl də dəfələrlə türklərin əleyhinə bir çox yazılar yayıb və irqçi açıqlamaları ilə sosial şəbəkələrin gündəminə düşüb.

Qeyd edək ki, İran təhsil nazirinin ibtidai təhsil üzrə müavini Rizvan Həkimzadə mayın 29-da “farsca yetərlilik testi”ni məktəbə daxil olmaq istəyən uşaqların sağlamlığının testi layihəsinə əlavə edilə biləcəyi barədə açıqlama verib.

İrqçi plan tətbiq olunacağı təqdirdə, fars dilini bilməyən uşaqların sağlamlıq durumu təsdiq olunmayacaq.

Planın tətbiq olunmasından məqsəd uşaqların 7 yaşınadək ailələrdə ana dilinin öyrənməsinin qarşısını almaqdır. Təhsil Nazirliyi çalışır ki, rəsmi və qeyri-rəsmi mərkəzlər, o cümlədən uşaq bağçalarının yardımı ilə qeyri-fars millətlərinə mənsub uşaqları asimilasyona uğradaraq öz milli dil və kimliyindən uzaqlaşdırsın.

İrqçi açıqlamaya qarşı Güney Azərbaycan əhalisi ilə yanaşı bir neçə yerli millət vəkili də öz etirazını bildirib.

 





04.06.2019    çap et  çap et