Telefon söhbəti zamanı Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, əldə edilmiş nailiyyətlərdən məmnunluq ifadə olunub. Azərbaycan və Rusiya prezidentləri əlaqələrimizin inkişafına dair müxtəlif məsələlər və əməkdaşlığımızın perspektivləri, eləcə də gələcək təmaslar haqqında fikir mübadiləsi aparıblar.
Maraqlıdır ki, bir neçə gün əvvəl Putin Ermənistanın baş naziri Nikol Paşinyana zəng edib onu ad günü münasibətilə təbrik etmişdi. Putin Paşinyanla telefon danışığında da münasibətlərin inkişafı haqqında oxşar sözləri demişdi. Digər tərəfdən Putin hava limanlarına ad qoyması məsələsində də balansı qoruyub.
Surqut şəhərinin hava limanına Fərman Salmanovun adı verildi. Azərbaycanlı Fərman Salmanov Sibirdə neft istehsalında vacib rol oynayıb. Putin eyni zamanda Simferopol hava limanına İvan Ayvazovskinin adını verib. Ayvazovski milliyətçə erməni rəssam olub. Yəni bu yolla Putin azərbaycanlılarla ermənilər arasında balansı saxlamış oldu.
Putinin Paşinyana zəng etməsinə baxmayaraq, Rusiya prezidenti Paşinyanın rəqiblərinə simpatiya bəsləyir. Bunu Paşinyan da bilir, ancaq mövcud reallığı dəyişə bilmir. Dağlıq Qarabağ separatçıları əvvəlki kimi Paşinyana problem yaradırlar. Misal üçün Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan Paşinyanla görüşəndə onun fikirlərinə etiraz etmir, hətta razılaşdığını bildirir. Ancaq daha sonra Qarabağ separatçıları xəbər yayırlar ki, Paşinyan guya torpaqları Azərbaycana qaytarmaq istəyir. Paşinyan Bako Saakyanı hətta onda ittiham edir ki, separatçıların lideri müşavirlərinə Ermənistanın baş naziri əleyhinə statuslar yazmağı tapşırır. Ciddi ittihamdır.
Paşinyan etiraf edir ki, bağlı qapılar arasında Qarabağla bağlı aparılan danışıqların bütün təfərrüatlarını Bako Saakyana təqdim edib. Halbuki, Paşinyanın iddiasına görə Ermənistanın ondan əvvəlki liderləri Bako Saakyana heç bir məlumat vermirmişlər. Başqa sözlə keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyan Qarabağdakı tərəfdarlarına yuxarıdan aşağı baxırmışlar.
Qarabağ separatçıları eks-prezidentlər Köçəryan və Sərkisyandan ona görə hesabat istəmirdilər ki, separatçı olan hər ikisi Azərbaycan torpaqlarının işğalına bilavasitə rəhbərlik ediblər, yəni Bako Saakyandan biri idilər. Paşinyan isə onlardan biri deyil. Ona görə də Dağlıq Qarabağ separatçıları ona etibar etmirlər. Paşinyan İlham Əliyevlə qapalı görüşlərdə danışdıqlarını yazılı şəkildə nöqtə-vergülünə qədər Bako Saakyana çatdırsa da, xeyri yoxdur. Çünki separatçılar Paşinyana müvəqqəti fiqur kimi baxırlar və inanırlar ki, Qarabağ klanı Moskvanın dəstəyi ilə onu hakimiyyətdən uzaqlaşdıracaq.