2014-cü ildə türkmən ədəbiyyatının klassiki, mütəfəkkir şair Məhdumqulu Fəraqinin 290 illik yubileyi və görkəmli qırğız şairi Toktoqul Satılqanovun anadan olmasının 150 illiyi qeyd ediləcək.
Fevralın 5-də Ankarada «Məhdumqulu
Fəraqi ili»nin açılış mərasimi keçirilmişdi.
«Toktoqul Satılqanov ili»nə martın 3-də Türkiyə paytaxtındakı Dövlət Rəsm və Heykəl Muzeyində təntənəli mərasimlə start veriləcək. Mərasimdə qırğız şairinin həyatından bəhs edən qısa film nümayiş etdiriləcək, şeirləri səsləndiriləcək. «Toktoqul Satılqanov ili»nin açılışına həsr olunmuş daha bir tədbir isə martın 4-də «Türk dünyası mədəniyyəti paytaxtı» Əskişəhərdə - Yunus Əmrə mədəniyyət mərkəzində gerçəkləşəcək. Qeyd edək ki, Məhdumqulu Fəraqi və Toktoqul Satılqanovun yubiley ili çərçivəsində Azərbaycanda da tədbirlərin keçirilməsi nəzərdə tutulur.