Buna baxmayaraq, olmayan futbolları və… bu fakta xüsusi diqqət yetirin, həvəskar futbolçuları ilə bizi udurlar. Bəs, biz kimiydik onda? Azərbaycanda futbol hər nə qədər geridə olsa da, səviyyəli oyunçularımız da vardı. Ən çox yadımda qalanlar Nazim Süleymanovla Dmitri Kramarenkodu. Doxsanıncı illərin ortalarında Rusiya Premyer Liqasındakı yaxşı oyunları ilə ad çıxarmışdılar. Vəli Qasımov isə İspaniyadakı uğursuz karyerasından sonra Portuqaliya Premyer Liqasına gəlib, orda 1-2 gözəl qol vurmuşdu və daim milliyə dəvət alırdı. Amma onu bəzən oyunlarda görürdük, bəzən də görmürdük. Sonra rəhmətlik Fuad Musayev (AFFA-nın o dövrkü prezidenti) qəzetlərə müsahibə verib gileylənirdi ki, Vəli gəlib millidə oynamaq istəmir, çünki pul istəyir. Vəli isə hər dəfə onun dediklərini təkzib edir, millidə təmənnasız oynamağa canla-başla hazır olduğunu söyləyirdi.
Sırf bu məğlubiyyətə görə idman jurnalistləri AFFA-nın prezidenti Fuad Musayev, millinin 41 yaşlı baş məşqçisi Vaqif Sadıqov və futbolçulara haqlı təzyiqlər edirdilər. Sonradan Sadıqovun millidə Əhməd Ələsgərovla əvəzlənməsininin bir səbəbi də həm də bu davamlı təzyiqlər oldu.
İdman jurnalistləri, idman mediası…
90-cı illərin sonları, 2000-ci illərin əvvəlləri tarixinin qızıl dövrünü yaşayırdı. Az idilər, gənc idilər (təsəvvür edin, çoxusu da 18-23 yaş arasında!), amma imzalarını az qala bütün idman aləmi tanıyırdı. Nazirindən başlayaraq federasiya rəhbəri, idmançılarına qədər. Jurnalist kimi, insan kimi səviyyələrinə, şəxsiyyətlərinə hörmət edirdilər. Amma zaman və pul dəyişdi bir çoxunu, davamçıları da elə onların yolu ilə getməyə başladı. Yoxsa indiki kimi saatlarla klubların qapısı önündə yatmaq, onların rəhbərlərinə, məşqçilərinə, hətta futbolçularına belə dayanmadan bezdirici mesajlar yazıb dilənçilik və qaraçılıq etmək bizim şərəfli tarixi olan idman jurnalistikamızın əqidəsinə, prinsiplərinə görə deyildi.
* * *
Aradan 21 il keçəndən sonra Lixtenşteyn bu dəfə U-21 millisi səviyyəsində bizimkilərə qalib gəlməklə (1:0) tarixində ilk qələbəsini (yenə də Azərbaycanla oyunda!) qazandı. Bizim serb baş məşqçi hələ vicdanlı insandır ki, məğlubiyyətə görə bütün məsuliyyəti öz üzərinə götürdü. “Futbolçuların günahı yoxdur” deyib özünü birbaşa hədəf göstərdi.
Həqiqətən məğlubiyyətdə futbolçuların günahı varmı? Bu sual bəlkə də qeyri-ciddi səslənə bilər ki, axı birinci günah elə onlardadır, çünki futbolu oynayan futbolçudur. Amma bu yerdə yadıma yüksək təcrübəsi, dərin futbol savadı olan bir neçə təcrübəli mütəxəssislə müxtəlif vaxtlarda və ayrı-ayrılıqda etdiyim söhbətləri xatırlamalı oluram. Hamısının dediyini ümumiləşdirsək, təhlükəli mənzərə yaranır: futbolumuz ciddi böhran içindədir və… sabah aşağı yaş qruplarında (U-21 və U-19-da) A milli komandada oynamaq səviyyəsində olan heç üç futbolçumuz belə yoxdur. Səbəb?
1. AFFA uşaq futbolunda kök salmış problemlər aradan qaldıra bilmir. Bu istiqamətdə iş görür, amma doğru görmür, ya da sadəcə, işinə qeyri-ciddi yanaşır.
2. Bölgələr futbolsuz qalıb. Futbola maraq azalır. Sırf bunlara görə də rayonlarda uşaq futbol məktəbləri yox səviyyəsindədir. Valideynlər olan-qalan futbol məktəblərinə də uşaqlarını yazdırmırlar ki, onların futbolçu kimi gələcəyi olmayacaq.
3. Daxili çempionatın səviyyəsi günbəgün aşağı düşür, klublarda uşaq futbolçuların hazırlığına ciddi fikir verilmir.
Bütün bunlar isə ölkədə keyfiyyətli futbolçuların yetişməsinə, son illər onların sayının kəskin azalmasına gətirib çıxarıb.
Dünya reytinqinin zirzəmisində - 182-ci yerdə, yəni bizdən düz 74 pillə geridə olan Lixtenşteynin komandasına dünənki məğlubiyyət müxətəssislərin şəxsi söhbətlərdə olsa belə, çaldığı həyəcan təbilinin nə qədər əsaslı olduğunu göstərir. Amma belə məsələlər iki-üç nəfər arasında edilməməlidir. Ən çox AFFA-dan maaş almayan mütəxəssislər bu problemi epizodik deyil, daim media səviyyəsində qaldırıb ictimailəşdirməlidirlər. AFFA-nın qoruyucu mələkləri cildinə girən medianın da problemləri göstərməyinin zamanı çatıb.
Yoxsa…
Üçüncü və daha çox Lixtenşteyn faciəmiz olacaq.