Vaxt.Az

İranlı “təhqir” adlandırdığı ticarət


 

Avropa ölkələri neftin əvəzində müxtəlif məhsullar təklif edir

İranlı “təhqir” adlandırdığı ticarət Almaniyanın Xarici İşlər Naziri Hayko Maas Tehranda səfərdə olan zaman İranla Avropa İttifaqı arasında ticari əməliyyatları davam etdirmək üçün nəzərdə tutulan maliyyə kanalından danışıb.

O, bu kanalın nə zaman işə düşəcəyini deməsə də, bunun çətin və mürəkkəb sistem olduğunu və Avropa tərəfinin bu istiqamətdə işləri davam etdirdiyini deyib.

Xatırladaq ki, “İnstex” adlanan bu maliyyə kanalı Amerikanın rəsmi Tehrana qarşı qəbul etdiyi sanksiyalardan yayınmaqla, İranla Avropa ölkələri arasında ticari əlaqələri davam etdirmək və bununla da İranın nüvə razılaşmasında qalmasını təmin etmək üçün yaradılmış sistemdir. Maliyyə kanalı adlanmasına baxmayaraq, onun iş prinsipi tamamən fərqli olacaq. Belə ki, İran Aİ ölkələrinə satdığı neftin qarşılığında pul deyil, müxtəlif məhsullar ala biləcək. Hansı ki, bu iranlı rəsmilərin etirazına səbəb olub və onlar bunu “təhqir” adlandırıblar. Eləcə də, avropalı rəsmilərin təşviq edici addımlarına rəğmən, Avropa şirkətləri də Amerika bazarını itirməmək üçün İranla bu kanal vasitəsilə ticari əlaqələr saxlamağa maraqlı deyil.

Tehranda olarkən nüvə razılaşmasından da danışan Almaniya XİN-in rəhbəri İranın bu razılaşmaya sadiq qalmasının onun özünün xeyrinə olduğunu deyib. Baxmayaraq ki, o, bu xeyrin nədən ibarət olduğunun detallarını açıqlamayıb.

Qeyd etmək lazımdır ki, Hayko Maasın İrana səfəri qarşılıqlı söz davaları ilə də müşayiət olunub. Belə ki, o, Tehrana gəlməzdən öncə Dubayda İranı nüvə və raket proqramını dayandırmağa çağırmışdı. İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi isə onun və digər avropalı rəsmilərin qeyd edilən xüsusda dedikləri sözlərə verdiyi reaksiyada “heç bir Avropa ölkəsinin nüvə razılaşmasına daxil olmayan məsələlər barəsində fikir bildirmək haqqının olmadığını” demişdi.

 





11.06.2019    çap et  çap et